Talenin rahatlığını yaşayın

İnsanın bütün həyatının Allahın təyin etdiyi tale üzrə yaşaması, Rəbbimizin böyük lütfü

İnsanın bütün həyatının Allahın təyin etdiyi tale üzrə yaşaması, Rəbbimizin böyük lütfü, Rəhman və Rəhim sifətinin çox gözəl təcəllisidir. Tale sirrinə vaqif olan möminlər, qarşılaşdıqları çətinliklərə şövq və sevinclə səbir edərlər. Onlar, Allahın hər şeyi xeyirlə yaratdığını və başlarına gələnlərin sadəcə Allahın diləməsi ilə reallaşdığını bilirlər. İnsanların həyatını bütün detalları ilə yaradan Allahdır. Ənam surəsində yer üzündə meydana gələn böyük-kiçik bütün hadisələrin Allahın diləməsi ilə reallaşdığı bu şəkildə bildirilir:

Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Ənam surəsi, 59)

İnsan, zamana bağlı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirə bilən varlıqdır. Və insan, gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzun müddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görməyə bilər. Lakin zamanı yaradan, buna görə də, zamandan münəzzəh olan Allah, zamana asılı olan bütün varlıqların həyatını “zamanın xaricindən” görüb bilməkdədir. Bu, tale həqiqətidir.

Tale, Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız, bizim üçün “naməlum”dur. Allah bizim bilmədiyimiz bu hadisələrin hamısını bilir. Buna görə də, insanın imtahanı, əslində əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir; hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gəldiyində yaşayaraq öyrənirik.

Müsəlmanların, dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara gözəl səbir etmələrinə vəsilə olan da, məhz bu tale elmidir. İman edənlər “Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.” (Təğabun surəsi, 11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin tale üzrə reallaşdığını bilməyin rahatlığını yaşayarlar.

İman etməyənlər tale elminə vaqif olmadıqlarına görə çətinlik, stress, narahatlıqla boğuşduqlarında, müsəlmanlar Rəbbimizdən rəhmət olaraq hüzur içində həyatını davam etdirərlər. Həyatının hər anının sonsuz mərhəmət sahibi olan Rəbbimizin dilədiyi şəkildə reallaşdığını, hər şeyin böyük xeyir və gözəlliklərlə yaradıldığını bilməyin hüzurunu yaşayarlar. Ancaq bu, iman edənlərin həyatında heç bir çətinlik və sıxıntı olmadığı mənasını verməməlidir.

Möminlər dünyada hər cür çətinlik və sıxıntı ilə qarşılaşa bilərlər, mallarını itirə bilərlər, fiziki olaraq zəifləyə bilərlər, xəstələnə bilər, yaralana bilər, ölə bilər və ya öldürülə bilərlər. Onların fərqi, başlarına gələn hər çətinliyin Allahdan gələn sınaq olduğunu bilmələri və hər birini Allahın Rəhman və Rəhim sifətlərinin gözəl təcəllisi olaraq qəbul etmələridir.

Çünki bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaqın Allah qatında çox qiymətli olduğunu bilirlər. Bu, möminlərə xas bir zövqdür. Müsəlmanlar bu cür çətinliklər qarşısında kədər, stress, mənəvi əzab, çaxnaşma, qorxu kimi hisslər yaşamazlar.

Çünki Uca Allahın, yaratdığı və şər olaraq görünən bütün hadisələri də müsəlmanların xeyrinə çevirəcəyini bilirlər. Allah bunlarla iman edən bəndələrini sınaqdan keçirir və göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-qat artıqlaması ilə verir. Və müsəlmanlar bu qısa imtahan dövrü nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırılırlar.

Allah bir ayədə möminlərə, “…(Allah) kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir.” (Nisa surəsi, 141) şəklində bildirib. Allaha söykənib güvənən insan, artıq heç bir qorxu və qəmginlik yaşamayacaq. Bu, Allahın bəndələri üzərindəki şəfqətinin dəlilidir:

Şübhəsiz ki: “Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Əhqaf surəsi, 13)

Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 112)

Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər. Onlar iman gətirib (pis əməllərdən) çəkinən kimsələrdir. Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur! (Yunis surəsi, 62-64)

Allah başqa ayələrində də, Özünə inanan və təslim olan bəndələrinin əsla qopmayacaq bir “qulpa” yapışdıqlarını bildirib:

Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar. (Loğman surəsi, 22)

Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

İman edənlərin çətinliklər və sıxıntılar qarşısında göstərdikləri şövqlü və güclü xarakter Allaha, taleyə və axirətə imanın, təvəkkülün və təslim olmağın nəticəsidir. Peyğəmbərlərin və saleh möminlərin həyatında bu gücün və təvəkkülün çox gözəl nümunələri var. Quranda çətinlik zamanı göstərilən güclü xarakterə əhəmiyyətli bir nümunə, Fironun qövmündə cadugər ikən Hz. Musanın dininə iman edən və bundan sonra Fironun öldürmə təhdidi qarşısında üstün əxlaq göstərən möminlərdir.

Ayələrdə Fironun iman edən bu möminləri ölümlə və işgəncə ilə qorxutmağa çalışıb, doğru yoldan döndərməyə çalışdığı bildirilir. Lakin o, ordusunun və maddi gücünün onları qorxudacağını zənn edərək çox böyük hüsrana uğramışdır. Çünki möminlər Firona verdikləri cavabda, yalnız Allahdan qorxduqlarını və başlarına çətinlik gəldiyində Ona yönəlib döndüklərini ifadə ediblər. Bu insanlar Fironun bütün təhdidlərinə baxmayaraq Allaha imanın verdiyi təslimiyyət və təvəkküllə bu yoldan dönmələrinin mümkün olmadığını bildiriblər:

(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman gətirdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən. Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allah daha xeyirlidir və əbədidir!” (Taha surəsi, 71-73)