Tale, Allahın keçmişdən gələcəyə kimi yaşanmış və yaşanacaq bütün hadisələri tək bir anda yaratmasıdır. Bu, Allahın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar hadisələri yaşadığı zaman öyrənirlər. Lakin Allah bütün bunları hələ yaşanmamışdan qabaq da bilir. Allah üçün keçmiş, indiki və gələcək zaman birdir. Hamısı Allahın elmi və əhatəsi daxilindədir. Çünki bunların hamısını Rəbbimiz yaratmışdır.
“Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq.” (Qəmər surəsi, 49) ayəsi ilə də bildirildiyi kimi, dünyadakı hər varlığın bir taleyi vardır. Bəzi insanlar talenin mükəmməlliyini və bunda Allahın sonsuz gücünün olduğunu düşünmürlər. Bəziləri də taleyi sadəcə insanları maraqlandıran bir mövzu olaraq məhdudlaşdırırlar. Halbuki evdə gördüyünüz əşyaların, yoldakı daş parçalarının, meyvələri sallanan ağac budaqlarının, mağazada rəfdə qoyulan şüşə qabların, bir sözlə, canlı-cansız bütün varlıqların Allah qatında müəyyən olunmuş taleyi vardır. Hər birinin taleyini sonsuz ağıl sahibi Allah müəyyən etmişdir. Kainatda meydana gələn böyük-kiçik hər hadisə bir hikmətlə reallaşır. Heç bir çiçək təsadüfən açmır və ya solmur. Həmçinin heç bir insan təsadüfən doğulmur, yaxud ölmür. Heç bir insan səhvən və ya idarəsiz şəkildə xəstələnmir. Əgər yaxşılıq və ya pisliklə qarşılaşırsa, bu, heç də təsadüfi və ya bəxtəbəxt deyildir. Hər birini insanın yaradılışı ilə birlikdə Allah xüsusi olaraq müəyyən etmişdir.
Allah Quranda “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın yazıda olmasın” (Ənam surəsi, 59) ayəsi ilə torpağın və ya okeanların kilometrlərlə dərinliyində meydana gələn hadisələrdən tutmuş tək bir yarpaq dənəsinin düşməsinə qədər hər şeyin müəyyən tale ilə baş verdiyini bildirmişdir.
İnsanların çoxu yaşadığı talenin hər anını uca Allahın yaratdığından xəbərsizdirlər. Bəziləri də necə yaradıldığını, həyatı boyu qarşısına çıxan nemətlərin necə var olduğunu heç düşünmür. Bir çoxları da həyatı və ölümü Allahın yaratdığını, lakin həyatın axarının təsadüfi şəkildə inkişaf etdiyini düşünürlər.
Halbuki Quranda “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır” (Hədid surəsi, 22) ayəsi ilə baş verən hər hadisəni Allahın özəl bir hikmət və ağıl ilə planladığı bildirilir. İnsanın bu önəmli həqiqəti anlaması son dərəcə əhəmiyyətlidir. Çünki dünyadakı hər varlığın taleyini sonsuz ağıl və bilgi sahibi olan Allah müəyyən edir. Dolayısilə, hər şey ən mükəmməl şəkildə planlanır və ən hikmətli şəkildə yaradılır.
Bu həqiqəti görənlər pis kimi görünən vəziyyətdə də xoşhal olur. Çünki onlar Allahın saleh qulları üçün taleyi ən gözəl şəkildə yaratdığını bilir və Allahın gözəl gördüyü bir şeyə qarşı insanın bədgüman olmasının qəflət olduğunu anlayırlar. Bunun əksini düşünmək, yəni neqativ hallarla qarşılaşdıqda baş verənləri Allahın yaratmadığını, bir başqasının buna səbəb olduğunu zənn etmək insanın taleyi anlamadığını göstərir. Neqativ görünən hər hadisə, əslində, bir “tale dərsi”dir. Hər şeyi mütləq hikmət və xeyirlə dəyərləndirmək lazımdır. Böyük, orta dərəcəli və ya əhəmiyyətsiz görünən hər hadisə taledə hikmətlə yaradılmışdır.
Bəzi insanlar tez-tez baş verən və istəmədikləri formada inkişaf edən hadisələrə şər kimi baxırlar. Halbuki bunda da xeyir və hikmət vardır. İnsan bunları tərslik kimi görə bilər, halbuki bu hadisələrin taledə o şəkildə gerçəkləşməsi daha xeyirlidir.
Gün boyu insanları narahat edən və əsəbiləşdirən hadisələrin hikmət və xeyirlərini Allah bir anda göstərsə, insan narahatlıq keçirməsinin yanlış olduğunu başa düşər. İman edən insan bu xeyirlərə görə hüznə düşməz, tam əksinə, sevinib şad olar. Buna görə də insan taledə, yəni uca Allahın qüsursuz yaratmasının hikmətli xüsusiyyəti olan hadisələrdə həmişə xeyir və hikmət axtarmalı və bunu qavradığına görə sevinməlidir.
Xeyir kimi görünən hadisələrdə şərin, şər kimi görünən hadisələrdə isə xeyrin ola biləcəyini düşünmək lazımdır. Allah sonsuz ağıla sahib olduğundan və dünya həyatında baş verən hər hadisəni xüsusi plan içində xeyir və hikmətə yaratmışdır. Allahın yaratdığı hadisələrin hansında xeyir, hansında şər olacağını yalnız Onun bildiyini anlamaq lazımdır. Çünki Allah sonsuz, insan isə məhdud ağıla sahibdir. İnsan hadisələrin ancaq zahiri yönünü görür və ancaq öz anlayışı ilə bunları dəyərləndirir. Məhdud düşüncəsi ilə bəzən xeyirli hadisəni pis, zərər verəcək hadisəni isə xeyirli zənn edir. Bu vəziyyətdə doğrunu bilmək üçün iman edən insan Allahın sonsuz ağıl və bilgisinə təslim olub hər hadisəyə xeyirlə baxmalıdır. Necə ki, Allah bir ayəsində insanlara belə buyurur:
… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)
Allahın bu ayədə bildirdiyi kimi, insanın xeyirli və gözəl olduğunu zənn etdiyi bir hadisə onun dünya və axirətdə ziyan çəkməsinə səbəb ola bilər. Yaxud da zərər toxunacağını düşünüb çəkindiyi hadisə insana gözəllik, bərəkət və hüzur gətirə bilər. Bütün bunların sirrini yalnız Allah bilir. İstər şər, istərsə də xeyir kimi görünən bütün hadisələr Allahın diləməsi ilə gerçəkləşir.
Allah insan üçün nəyi diləyərsə, o olar. Quranda “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir” (Yunis surəsi, 107) ayəsi ilə bu həqiqət bildirilmişdir.
Dolayısilə, Rəbbimizdən bizə gələn hər hadisə xeyir kimi də, şər kimi də görünsə, əslində, bizim üçün xeyirlidir. Hadisələrin nəticəsini zaman və məkanla hüdudlu olan insan deyil, zaman və məkandan münəzzəh olan və bütün bunları, o cümlədən, insanları bir anda yaradan Allah təqdir edə bilər.

