Məzhəbçilərdə “peyğəmbər sünnəsi” deyilən bir deyim var. Guya Peyğəmbərin yaşadığı kimi yaşamaq. Rəvayətlərdə bunlardan bəziləri belədir: Ayaqyoluna hansı ayaqla girmək məsələsi, dırnaq kəsmək, bığı azaldıb saqqalı uzatmaq, misvak, suyu 3 qurtumda içmək və s. Bu saydıqlarım Elçidən 200-250 il sonra yığılmış hədis kitablarında keçir. Sayı minlərlə olan bu hədislərin əksəriyyəti doğrunu əks etdirmir. Quranda keçən yeganə sünnə Allahın sünnəsidir. Hz. Məhəmməd (s) də Allahın Rəsulu olduğu üçün Allahın qoyduğu əmrlərə riayət etmişdir, Allahın əmrləri də Quranda toplanmışdır. Deməli Elçi Qurana uyğun yaşamış, ona riayət etmiş, Quranla hökm vermişdir. Buradan da belə nəticəyə gəlirik ki, Peyğəmbərin həqiqi sünnəsi Qurandadır.
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır. (Əhzab surəsi, 21)
Bu ayədə Allah bildirir ki, Allahın rəsulunda bizim üçün örnəklər var. Hansıdır o örnəklər? Bunu da Quran bir çox ayələrdə açıqlayır. Bəzi örnəklərini verirəm.
1) Hətta öz əleyhinə də olsa belə haqqı demək (Nisa 135).
2) Əmanəti sahibinə vermək (Nisa 58).
3) Xalqa məxsus malı onlar arasında ədalətli bölüşdürmək (Həşr 7).
4) Hər cürə irqçi və assimilyasiyaya qarşı mübarizə (Hucurat 13).
5) Türbə-məzara sitayiş edənlərə qarşı mübarizə (Əhqaf 4-6).
6) Kiməsə sərf edər deyə haqqı deməkdən çəkinməmək (Züxruf 5).
7) İnsanların şəxsi həyatını araşdırmamaq, qürurunu qırmamaq, qeybət etməmək (Hucurat 12).
8) Dində ifrata gedənləri xəbərdar etmək (Maidə 77).
9) Yersiz söz atanlara fikir verməmək (Furqan 63).
10) Ac olanları doyurmaq (Bələd 11-16).
11) Hər kəsə ədalətli davranmaq (Maidə 8).

