Hər insan, həyatı boyu hər anı üçün Allaha möhtacdır. Tənəffüs etdiyi havadan yediyi yeməyə, əlini ayağını istifadə edə bilməsindən danışa bilməsinə, məskunlaşa bilməsindən, gülüb sevinməsinə qədər Allahın yaratdıqlarına və ona bağışladıqlarına möhtac olaraq yaşayar. Ancaq insanların böyük əksəriyyəti acizliklərini və Allaha möhtac olduqlarını anlamazlar. Onlar hər şeyin özbaşına baş verdiyini və ya sahib olduqları şeyləri özünün zəhməti nəticəsində əldə etdiklərini zənn edərlər.
Bu, həm böyük yanılma, həm də Allaha qarşı böyük nankorluqdur. Kiçik bir hədiyyə alan bir insana belə necə təşəkkür edəcəyini bilməyən bu insanlar, Allahın həyatı boyu onlara verdiyi saysız nemətləri görməməzlikdən gələrək yaşayarlar. Halbuki Allahın hər insana verdiyi nemət, sayaraq bitirilə bilinməyəcək qədər çoxdur. Allah bunu bir ayəsində belə bildirir:
Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)
Buna baxmayaraq, insanların böyük əksəriyyəti şükür etməz. Bunun səbəbi isə ayələrdə bildirilir. İnsanları Allahın yolundan sapdırmaq üçün and içən şeytan, insanların şükür etmələrinə də maneə törədəcəyini söyləmişdir. Şeytanın bu sözləri Quranda belə bildirilir:
“Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən.” Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam.” (Əraf surəsi, 17-18)
Möminlər isə, sahib olduqları hər nemət üçün nə qədər aciz və möhtac olduqlarını düşünərək Allaha şükür edərlər. Möminlərin Allaha şükür etdikləri nemət sadəcə zənginlik, mal-mülk deyil. Hər şeyin sahibinin və hakiminin Allah olduğunu bilən möminlər sağlamlıq, gözəllik, elm, ağıl, imanı sevmələri, küfrü çirkin görmələri, hidayət əhli olmaları, tərtəmiz möminlərlə birlikdə olmaları, anlayış, bəsirət və fərasət sahibi olmaları, güclərinə görə şükür edərlər.
Gördükləri gözəl mənzərə üçün və ya işləri asan həll olduğunda, istədikləri bir şey reallaşdığında, gözəl bir söz eşitdiklərində, sevgi və hörmət gördüklərində və daha saymaqla bitirə bilməyəcəyimiz qədər çox nemətlə qarşılaşdıqlarında dərhal Allaha şükür edər, Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhim olduğunu düşünərlər.
Allah onların bu əxlaqına qarşılıq olaraq Quranda sirr vermişdir. Bu sirr, Allahın şükür edənlərə nemətlərini artıracağıdır. Məsələn sağlamlığı və gücü üçün şükür edən müsəlmanın Allah gücünü və sağlamlığını daha da artırar. Elmi və ya mülkü üçün şükür edənlərə Allah daha çox elm və mülk verər. Bu, onların Allahın verdikləri ilə kifayətlənən, sahib olduqları nemətlərə sevinən, səmimi və Allah ilə dost olmalarındandır. Allah bu sirri Quranda belə bildirmişdir:
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi. (İbrahim surəsi, 7)
Şükür edənlərdən olmaq, o insanın Allaha yaxınlığının, dostluğunun və Allaha olan sevgisinin də bir göstəricisidir. Şükür edən insanlar, daim hər hadisədə Allahın yaratdığı gözəllikləri və nemətləri görə bilmə anlayışına və qabiliyyətinə sahibdirlər. İnkarçı və ya nankor insan, ən gözəl mühitdə belə həmişə nöqsanları, qüsurları görər, bədbəxt və ya narahat olarlar. Allahın yaratmasının bir hikməti olaraq da, bu insanların qarşılarına həmişə tərslik kimi görünən hadisələr, gözəl olmayan görüntülər çıxar. Halbuki gözəl və səmimi bir baxışa sahib insanlar üçün də, Allah həmişə gözəllikləri və nemətləri artıraraq göstərər.
Görüldüyü kimi Allahın şükür edənlərə nemətlərini artırması Quranın sirlərindən biridir. Ancaq unutmamaq lazımdır ki, bu şükrün səmimi olaraq edilməsidir. Səmimi şəkildə Allaha yönələrək, Onun sonsuz şəfqət və mərhəmətinin coşğusunu hiss edərək edilə bilməyən, yalnız saxta şəkildə dilə gətirilən şükür ifadəsi, əlbəttə son dərəcə səmimiyyətsizdir. Və gizli olanı bilən Allah bu səmimiyyətsizliyin də şahididir. Belə bir ruh halında şükür edənlər, Allahın gizli saxlanılanı, insanların niyyətini, gizlətdiklərini, gizlinin də gizlisini bildiyini dərk etmirlər. Rahat mühitdə saxta ifadələrlə şükür edər, amma çətin anda rahat şəkildə nankorluq edə bilərlər.
Bunu da unutmaq olmaz ki, səmimi möminlər, ən çətin şərtlərdə belə şükür edirlər. Səthi düşünən bir adam, möminlərin sahib olduqları nemətlərdə azalma görə bilər. Ancaq möminlər hər hadisənin və mühitin nemət cəhətini görə bildikləri üçün bunda da bir xeyir olduğunu bilirlər. Məsələn Allah insanları bir az qorxu, aclıq, can və mallardan azaltma ilə sınayacağını bildirir.
Belə bir vəziyyətdə möminlər, bunlara səbir etdikləri təqdirdə Allahın onları Cənnət nemətləri ilə mükafatlandıracağına ümid edərək sevinər və şükür edərlər. Allahın onları heç vaxt güclərinin çatmayacağı yükü yükləməyəcəyini bilir, bunun güvən və təslimiyyəti ilə səbir edər və şükür edərlər. Buna görə də, hər zaman şükür edənlərdən olmaq diqqətə çarpan mömin xüsusiyyətidir və Allah şükür edənlərə həm axirətdə, həm də dünyada nemətlərini artıraraq verəcək.

