Allahın sözü olan Quran doğru ilə yanlışın, yaxşı ilə pisin nə olduğunu insanlara bildirən haqq kitabdır. Quranda insanların nə üçün və necə yaradıldığı, həyat tərzi, ibadət formaları, gözəl əxlaq haqqında məlumatlar, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz hallarda görülməli tədbirlər, müxtəlif insan xarakterləri, iqtisadi, siyasi, sosial və hüquqi həyatın ən ideal forması, Allahın sözlərinə itaətsizlik etdikdə ortaya çıxan qarışıqlıq, ölüm anı haqqında məlumatlar, qiyamət günündə baş verəcək hadisələr, cənnət və cəhənnəmlə bağlı məlumatlar və başqa bir çox mövzu ətraflı şəkildə açıqlanmışdır. Yəni Quranda insan həyatının hər anında ehtiyacı olan məlumatların hamısı verilmişdir.
Allahın Quranda tərif etdiyi müsəlmanlıq anlayışında insanın dini hökmləri qeyd-şərtsiz qəbul etməsi, ancaq Allaha iman gətirməsi və Ondan başqa yol göstərici tanımaması, həyatının hər anında Allahın göstərdiyi və razı olduğu şəkildə yaşaması əsasdır. Bu cür iman və əxlaq anlayışına malik insan yaşadığı cəmiyyətin din adından irəli sürdüyü ziddiyyətli, batil inancların, əcdadlarından öyrəndiyi dini biliklərin ardınca kor-koranə getməz. Həm Quranın Allah qatından haqq kitab olduğunu qəbul edib, həm də “atalarından qalma” Qurandan kənar həyat fəlsəfəsinə tabe olmaz. Tək ölçü və yol kimi ancaq Quranı və Peyğəmbərimizin həyat tərzini mənimsəyər.
Quranda bir çox ayədə həqiqi müsəlmanların yaşadıqları cəmiyyətin batil dinlərindən ayrılıb şirk qoşmadan Allaha və Qurana tabe olduğundan bəhs edilir. Quranda “Kəhf” hekayəsində yaşadıqları cəmiyyətin batil dinini qəbul etmədiklərinə görə qınanan və ölümlə hədələnərək mağaraya sığınan əməlisaleh müsəlmanlardan belə bəhs edilir:
Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onların qəlbinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq. Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər(Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan və Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin və bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”. (Kəhf surəsi, 13-16)
Əlbəttə, cəmiyyətin batil dinindən ayrılmaq mənəvi cəhətdən batil din mənsublarından ayrılmaq deməkdir. Başqa sözlə, onların Qurandan kənar ibadət formalarını, inanclarını, dəyər ölçülərini, əxlaq anlayışını, adət-ənənələrini, davranış normalarını, danışıq üslublarını mənimsəməmək, özlərinə Quranı əsas mənbə qəbul etməkdir.
Quranda da bildirildiyi kimi, xalis din ancaq Allahındır. Allah Ona qulluq edənlərə din olaraq İslamı seçib bəyənmiş və Quranı insanlara yolgöstərici rəhbər kimi nazil etmişdir. Yeganə doğru haqq yol Allahın yoludur. Allahın Quranda bildirdiyi yollardan başqa bütün yollar batildir və ancaq xurafata, bidətə və zənnə əsaslanır. Qurana üz tutanların necə düşünmələri, davranmaları, danışıq üslubları, ibadət formaları və fərz hökmləri açıq şəkildə bildirilmişdir.
Ona görə, həyatının məqsədi Allaha bəndə olmaq, Onun rizasını qazanmaq üçün yaxşı əməllər etmək və cənnətə layiq olmaq üçün həqiqi iman sahibləri özlərinə yolgöstərici mənbə kimi Quranı ölçü qəbul edirlər. Bütün düşüncələrini Quranla dəyərləndirirlər. Quranın bütün hökmlərinə ciddi şəkildə əməl edirlər. Habelə bilik, təcrübə, sosial səviyyəsinə baxmayaraq, insanın üz tutduğu yeganə mənbə Qurandır.
Allah “Zumər” surəsinin 36-cı ayəsində: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” – deyir. Ona görə də insan ancaq Quranı yeganə ölçü qəbul etdikdə, Allahın əmrlərini dəqiq yerinə yetirdikdə, hər an Onun rizasını qazanmaq üçün saleh əməllər etdikdə Allah dərgahında gözəl mükafata ümid bəsləyə bilər.

