Hər gün yüz minlərlə insan bu dünyaya gözlərini açır. Möhtəşəm bir yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni bir həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət…
Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında bir dəyər qazanır. Səmimi olan mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa olan dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmaz, dünyaya qapılaraq vaxtını keçirməz.
De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (Ənam surəsi, 162)
Səmimi olan qulun qəlbi daima Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allahın izni ilədir. Mömin Allahın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olan beş vaxt namazı fərz olan bir ibadət olaraq Quranda bildirmişdir:
“Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”(Bəqərə surəsi, 277)
“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31)
“Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153)
Namaz möminlərin səmimiyyətlərini tamamilə göstərə bildikləri, riyakarlıqdan, nümayişdən uzaq gözəl bir ibadətdir. Möminin gündə beş vaxt açıq şüur, dərin hörmət ilə, Allaha qarşı acizliyini bilərək alnını səcdəyə qoyması və namaz ibadətini yerinə yetirməsi, namazlarını böyük diqqətlə qoruması çox əhəmiyyətlidir. Çünki mömin ibadətlərini məsuliyyətlə qoruyaraq, daima Allahı anıb Qurana uyaraq onu yaradan Rəbbimizi heç unutmadığını çox gözəl bir yolla, namaz ibadəti ilə göstərir. Səcdə edərkən, rükuya əyilərkən, qiyamda durarkən Allahı ən gözəl sözlərlə zikir edib, ucaldır.
“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.” (Ənam surəsi, 92)
İxlaslı bir mömin etdiyi hər ibadətdə olduğu kimi namazda da Allaha olan dərin sevgisini çox gözəl göstərir. Səhər namaz üçün qalxdıqda böyük bir şövq və coşğu ilə qalxır. Gün ərzində işlərini saxlayıb yenə böyük bir istəklə namaza gedir. Namaz insanın ruhuna sevdirilmiş çox gözəl bir ibadətdir. Mömin, necə ki, gözəl bir mənzərəyə, gözəl bir insanın üzünə baxmağı, sevgi dolu iltifatlar eşitməyi sevirsə ibadətləri yerinə yetirməkdən də böyük sevinc hissi duyur. Namaz insana özünə olan inamını gətirir. Allah ilə arasında dərin və sarsılmaz bir bağlılıq yaranmasına səbəb olur. Mömin gündə beş dəfə ən sevdiyi dostunun, yoldaşının, sirdaşının önündə əyilir. Bu elə gözəl, elə güclü bir dostdur ki, mömini əsla tərk etməz. Yaxşı gündə, pis gündə, istər xəstə, istər sağlam vəziyyətdə, yoxluqda və çətin gündə hər zaman onun yanındadır. Mömin əsl dostunun, onu yaradan Rəbbinin önündə eşqlə və şövqlə qibləyə yönəlir və səcdəyə qapanır. Onu ən gözəl adları ilə zikir edib ucaltmaq ruhuna bənzərsiz bir gözəllik və rahatlıq verir.

