Şövqün qapısı yalnız möminlərə açılır

Din və iman təkcə Allahın varlığını bilməkdən ibarət deyil. İman Allahın əzəmətini, sonsuz qüdrətini, heyrətamiz hikmətini, misilsiz sənətini və kamil əxlaqını coşqu, sevgi və heyranlıqla təfəkkür etmək, dərk etmək, bunları təqdir edərək Allahı ucaltmaqdır. Bu isə sadəcə dini hökmləri bilmək və ya fiqhi məlumatlara sahib olmaqla deyil, Allaha eşqlə bağlanmaq, Ona ən yaxın olmağın yollarını axtarmaq, Allahın dostluğunu və sevgisini böyük bir şövqlə arzulamaqla mümkündür. Bu şövq həm dünya həyatında, həm də axirətdə insana bəxş edilən ən böyük nemətlərdən biridir. İlahi sevginin ən güclü şəkildə hiss edildiyi bu duyğu, mənəvi həzzlərin ən dərindən yaşandığı hallardan biridir. Qadın və kişi üçün yaradılmış bu xüsusi hiss cənnət nemətlərinin ən diqqətçəkən və ən təsirli təzahürlərindən biridir. Buna görə də şövqün qapısı iman gətirənlərin üzünə daim açıqdır. Mömin insan Allaha səmimiyyətlə yönəlib Onu dərin sevgi və bağlılıqla sevdikdə Uca Allah ona saysız-hesabsız maddi və mənəvi lütflər nəsib edir. Bu lütflər insanın həm zahirini, həm də daxili aləmini gözəlləşdirir. Beləliklə, o, Allahın yaratdığı gözəllikləri, ilahi sənəti və təcəlliləri daha dərindən qavramağa başlayır. Bu qavrayış isə onun Allaha və Onun yaratdıqlarına olan sevgisini, məhəbbətini, heyranlığını və şövqünü daha da artırır. Şövqün dərinliyi və insana bəxş etdiyi mənəvi həzz də insanın imanına, ağlına və mənəvi kamilliyinə uyğun olaraq artır.

Həqiqətən də Uca Allah şövqün ən böyük mənbəyi olan imanın və hər vəziyyətdə Onu zikr etməyin möminlərin qəlbində meydana gətirdiyi mənəvi rahatlığı belə müjdələyir:

“Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.”(Rəd surəsi, 28)