Skelet başdan sona mühəndislik möcüzəsidir. Bədənə quruluş olaraq dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağciyər kimi həyati orqanların qorumasını təmin edir, daxili orqanlara dəstək olur. İnsan bədəninə, heç bir süni şəkildə təqlid edilə bilməyən üstün hərəkət qabiliyyəti verir. Skeleti meydana gətirən sümüklər də üstün quruluşa sahibdirlər.
Məsələn; omba sümüyü, şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək gücdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə, bədən ağırlığımızın üç misli qədər yük minir. Hətta sırıqla yüksək atlayış edən bir atlet yerə enərkən omba sümüyünün hər kvadrat santimetri 1400 kiloluq təzyiqə məruz qalır.
Yaxşı bəs, sümük deyilən və bir tək hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu, bu qədər qüvvətli edən nədir?
Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlidir. Bu bənzərsiz yaradılış sayəsində sümüklər, həm son dərəcə möhkəm, həm də rahatlıqla istifadə edilə biləcək qədər yüngüldürlər. Əgər əksinə olsaydı, yəni sümüklərin içi, çöl tərəfində olduğu kimi sərt və tamamilə dolu olsaydı, həm sümük ağırlığı insanın daşıya biləcəyindən çox olardı, həm də sümüyün quruluşu sərt və ən kiçik zərbədə çatlayar və qırılardı. Sümüklərimizin bu mükəmməl yaradılışı, bizim son dərəcə rahat həyat sürməyimizi, çox çətin hərəkətləri asanlıqla və heç bir ağrı hiss etmədən edə bilməyimizi təmin edir.
Sümüyün quruluşunun bir başqa xüsusiyyəti də bədənin lazımlı bölgələrində elastik quruluşa sahib olmasıdır. Məsələn sinə qəfəsi; ürək və ağciyər kimi həyati orqanları qoruyarkən, bir tərəfdən də ağciyərlərə havanın dolmasını və boşalmasını təmin edəcək şəkildə genişlənir və büzülür. Sümüklərin elastikliyi zamanla dəyişə bilər.
Məsələn qadınlarda ləyən qurşağı sümükləri, hamiləliyin son aylarına doğru boşalır və bir-birlərindən bir az ayrılırlar. Bu son dərəcə əhəmiyyətli detaldır, çünki bu boşalma sayəsində körpənin başı doğum əsnasında əzilmədən çölə çıxa bilir. Skeletin bu hərəkət qabiliyyəti Allahın sonsuz şəfqətinin təcəllisidir.
Atdığınız hər addımda onurğamızı meydana gətirən fəqərələr bir-birinin üzərində hərəkət edir. Bu davamlı hərəkət və sürtünmə, onurğanın parçalanmasına səbəb olacaq ikən bu təhlükənin qarşısını almaq üçün hər bir fəqərələr arasına disk deyilən dayanıqlı qığırdaqlar yerləşdirilib. Bu disklər amortizator vəzifəsi icra edirlər. Üstəlik hər addım atdıqda, bədən ağırlığından qaynaqlanan reaksiya qüvvəti yerdən bədənə gəlir.
Bu qüvvət, onurğanın sahib olduğu amortizatorlar və “qüvvə paylayıcı” qıvrımlı forması sayəsində, bədənə zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasa, ortaya çıxan qüvvə birbaşa kəllə beyinə çatdırılardı və onurğanın üst ucu, kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.
Bütün bu detallar Allahın üstün yaratmasının dəlillərindəndir. Allah bəndələrini sevəndir, onlara acıyan, mərhəmət edən, şəfqətini təcəlli etdirəndir. Yaratdığı hər nemət, təqdim etdiyi hər qüsursuz sistem insanın rahatlığı üçündür. Allah insanı eyni zamanda ən gözəl, ən estetik, gözə ən çox zövq verən şəkildə var edib. İnsan bədəninə sadəcə kənardan baxıldıqda belə Allahın mükəmməl sənəti dərhal görülə bilər. Mömin surəsində belə bildirilir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır. (Mömin surəsi, 64)
Sümüklərin bir-birlərinə birləşdiyi yerlərdə də çox üstün yaradılış vardır. Oynaqlar bir ömür boyu hərəkət etdikləri halda yağlanmağa ehtiyac duymazlar. Çünki oynaqların sürtünmə səthləri, incə və məsaməli qığırdaq təbəqəsi ilə örtülüb və bu təbəqələrin altında tünd və sürüşkən maye olur. Sümük, oynağın bir yerinə təzyiq göstərsə bu maye, məsamələrdən çölə fışqırır və oynaq səthinin “yağ kimi” sürüşməsini təmin edir.
İnsan bu mükəmməl yaradılış sayəsində bir-birindən çox fərqli hərəkətləri böyük sürət və rahatlıq içində yerinə yetirir. Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn ayağımızın tək bir uzun sümükdən meydana gəldiyini düşünün. Gəzmək böyük problem halına gələcək, son dərəcə kobud və hərəkətsiz bədənimiz olacaqdı.
Bir yerə oturmaq belə çətinləşəcək, bu cür hərəkətlər əsnasındakı ayaq sümüyü asanlıqla qırıla biləcəkdi. Halbuki insanın skeleti, bədəninin hər hərəkətinə asanlıqla icazə verəcək quruluşdadır. Skeletin sahib olduğu bütün xüsusiyyətləri bəndələrinə qarşı çox mərhəmətli olan Rəbbimiz yaradır. Allah, Quranda belə bildirir:
… (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!… (Bəqərə surəsi, 259)
Metrlərlə uzunluqda amma tək parçadan ibarət toxuma düşünün; bu həm istiliyi, həm də sərinliyi təmin edəcək xüsusiyyətlərə eyni anda sahib olan; möhkəm amma eyni zamanda çox estetik, hər cür xarici təsirə qarşı çox təsirli qoruma təmin edən toxuma olsun. İnsan bədənini və digər bütün canlıların bədənini növlərə görə bəzi dəyişikliklər göstərərək örtən dəri toxuması yuxarıdakı xüsusiyyətlərin hamısına malikdir. Dərinin yalnız bir hissəsinin zədə alması əvvəlcə bədəndə əhəmiyyətli su itkisinə səbəb olacağı üçün ölümə gətirib çıxarar.
Dərimizin 1 sm altını qaldırdığımızda qarşılaşacağımız mənzərə; yağların və zülalların meydana gətirdiyi, çox müxtəlif damarların da olduğu estetik olmayan, hətta qorxuducu belə sayıla biləcək görüntü olacaq. Dəri, bütün bu formanı bağlayıcı xüsusiyyəti sayəsində həm bədənimizə çox əhəmiyyətli estetik töhfə verərkən, həm də bütün xarici faktorlardan qorunmamızı təmin edir ki, yalnız bu xüsusiyyəti belə dərimizin varlığının nə qədər əhəmiyyətli olduğunu göstərməyə kifayətdir. İnsan həyatında vacib əhəmiyyətə sahib olan dəri, Allahın sonsuz rəhmətinin çox gözəl təcəllisindən biridir.
Rəbbimiz dərini yaradaraq insana həm çox gözəl görünüş vermiş, həm də bir santimetr altına yerləşdirdiyi maddələrlə acizliyini fərq etməsini təmin etmişdir. Dəri, qulaqdan, burundan hətta gözdən belə əhəmiyyətli orqandır. Digər duyğu orqanlarımız olmadan yaşaya bilərik. Amma dəri olmadan insanın həyatını davam etdirməsi mümkün deyil. Çünki insan bədəninin ən həyati mayesi olan suyun dəri olmadan bədəndə saxlanması mümkün deyil.
Dəri dayanıqlı və elastikdir: Üst dəri səthindəki hüceyrələrin əhəmiyyətli hissəsi ölüdür. Alt dəri isə canlı hüceyrələrdən meydana gəlir. Üst dəri hüceyrələri bir müddət sonra hüceyrə xüsusiyyətlərini itirməyə başlayırlar və “keratin” adını verdiyimiz sərt maddəyə çevrilirlər. Ölən bu hüceyrələri keratin maddəsi bir yerdə tutur və bədəni qoruyan zireh meydana gətirir.
Dərinin daha sərt və qalın olması halında qoruyucu xüsusiyyətinin artacağı düşünülə bilər. Ancaq bu yanıldıcıdır. Əgər bir filin və ya kərgədanın kimi sərt və qalın dəriyə sahib olsaydıq, olduqca hərəkətli olan bədənimiz bu qabiliyyətini itirəcək və kobudlaşacaqdı. Onsuz da hər hansı canlı növü olursa-olsun, dəri heç vaxt lazım olandan qalın olmaz. Dərinin quruluşunda çox ölçülü, çox idarəli plan var.
Üst dəri hüceyrələrinin daima öldüyünü və bu əməliyyatın heç vaxt dayanmadığını düşünək. Bu vəziyyətdə dərimiz qalınlaşmağa davam edəcək, bir müddət sonra həddindən artıq qalın hala çevriləcəkdi. Amma heç vaxt belə olmur, dəri həmişə lazım olduğu qalınlıqdadır.
Yaxşı bəs, bu necə olur? Dəri hüceyrələri harada dayanacaqlarını necə bilirlər?
Dəri toxumasını meydana gətirən hüceyrələrin, harada dayanacaqlarını özləri tapdıqlarını və ya bu sistemin təsadüfi formada meydana gəldiyini iddia etmək son dərəcə məntiqsiz və gülməli iddia olacaq. Dərinin quruluşunda açıq-aşkar yaradılış var. Bu yaradılışı meydana gətirən də heç şübhəsiz ki, aləmlərin Rəbbi olan Allahdır. Və dərini insanın hər cür ehtiyacını nəzərə alaraq yaradıb. Dəri, Allahdan rəhmət və nemət olaraq insanların xidmətinə təqdim edilib.
Dəri isti havalarda bədənin sərinləməsini təmin edən mexanizmləri ehtiva edir. Soyuq havalarda isə bədən istiliyini qoruyur: Soyuq havalarda dəridəki tər bezləri işlərini yavaşladır və qan damarları daralır. Beləcə dəri altında qan dövranı azalacağından bədən istiliyinin çölə çıxmasına maneə olur. Bütün bunların bizə göstərdiyi nəticə, insan dərisinin həyatımızı asanlaşdırmaq üçün xüsusi olaraq yaradılmış mükəmməl orqan olmasıdır.
Dəri həm qoruyur, həm “kondisioner” funksiyası yerinə yetirir, həm də elastikliyi sayəsində hərəkət asanlığı təmin edir. Üstəlik, son dərəcə estetikdir. Bu cür dərinin yerinə sərt, qalın və kobud dərimiz ola bilərdi. Elastik olmayan, buna görə də, bir az kökəldikdə çatlayıb açılacaq dərimiz də ola bilərdi. Ya da yayda istidən huşunu itirməmizə, qışda çox asanlıqla donmamıza səbəb olacaq dəriyə də sahib ola bilərdik. Ancaq bizi yaradan Rəbbimiz, ən komfortlu, ən rahat və ən estetik şəkildə dəri ilə bədənimizi örtüb. Çünki, “O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır…” (Həşr surəsi, 24)

