Sizi yaradan Allahı nə qədər tanıyırsınız?

Sizi kim yaratdı?

Sizi kim yaratdı? Sizə bədəninizi, gözlərinizin, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: “Allah”. Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allahı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

Şübhəsiz, bunlar kimi daha bir çox sual verilə bilər və siz də bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, qohumlarınızdan və ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Yaxşı, verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?

Allah Quranda insanların öyrənməli olduqları şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə, Allahın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi, sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi qulu ilə danışır. Məsələn: Quranda, hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanlarla bərabər mələkləri və cinləri də yaratmışdır. Həmçinin Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət həyatı da yaratmışdır. İnsanlara cənnətə gedə bilmələri üçün necə yaşamalı olduqlarını da Quranla bildirmişdir. Bütün bunlar yuxarıdakı sualların qısa cavabıdır və bu cavabların hamısı Quranda var.