Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bir qismi isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, öz fikirlərincə, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük bir aldanışdır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır.
Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşamaq bəhsi gedən insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin (s.ə.v) dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağı hədəf etmişlər. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir:
“Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.” (Fəth surəsi, 6)

