Şeytanın üsulu: Hiyləgərlik

İnsanları doğru yoldan azdırıb özü ilə birlikdə cəhənnəmə sürükləməyə səy göstərən şeytanın ən

İnsanları doğru yoldan azdırıb özü ilə birlikdə cəhənnəmə sürükləməyə səy göstərən şeytanın ən mühüm xüsusiyyətlərindən biri hiyləgərliyidir. Hiyləgərlik, eyni zamanda şeytanın insanlara qarşı apardığı amansız mübarizədə işlətdiyi ən mühüm üsullardandır. İnsanları, həqiqi məqsədini açıqlayaraq özünə tabe olmağa çağırsa, nəticə ala bilməyəcək və müvəffəqiyyət qazana bilməyəcək.

Bəşəriyyət tarixinin başlanğıcından bəri onlara qarşı necə böyük kin və düşmənçilik bəslədiyini, onları özü ilə birlikdə sonsuzadək cəhənnəm əzabına sürükləmək üçün aldatmağa çalışdığını və onlara yalnız yalan danışdığını bildirsə, əlbəttə ki, sözlərinə inanılmayacaq. Hətta ona qarşı diqqətli və ayıq olunacaq, tələsinə düşməkdən xilas olunacaq. Buna görə də, şeytan insanları hiyləgərliklə, yalan və hiylə üsullarla aldatmağa çalışar.

Onlara düşmən olduğunu açıqca hiss etdirəcək hərəkətlərdən çəkinər. Yaxud onlara açıq şəkildə; “gəlin mənə tabe olun”, “pis əxlaqlı olun”, “özünüzə, ətrafınızdakı insanlara zərər verin” və ya “yaxşı və pisin arasında seçim etsəniz, həmişə pisin tərəfini tutun” kimi təlqinlər verməyə bilər. Əslində bu sözlər şeytanın son hədəfini xülasə edir. Lakin o həmişə bütün bunları yaxşılıq, gözəllik, düzgünlük kimi məziyyətlərlə bəzəyib insanlara təqdim edər. Onlara hiyləgərcəsinə yanaşar; zəki və hiyləgər inandırma üsullarından istifadə edər.

Quranda şeytanın özünün də bu xüsusiyyətini dilə gətirdiyi; insanlara açıq şəkildə deyil, pusqu qurub yaxınlaşacağını söylədiyi belə bildirilir:

Dedi: “Madam ki, elədir, məni azdırdığına görə onlar(ı insanları azdırmaq) üçün mən də Sənin dosdoğru yolunda (pusqu qurub) oturacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

İnsanlara birbaşa təsiri olmayan şeytan, insanlara doğrunu yanlış, yaxşını pis, həqiqətləri isə xəyal kimi göstərə bilmək üçün müxtəlif hiyləgər üsullara əl atar.

Onları aldatmaq üçün bəzəkli sözlər deyər, gördükləri yanlış işləri bəzəkli və cəlbedici göstərər. Eynilə gözəl və xeyirli işləri də çirkin göstərib bunlardan imtina etdirməyə çalışar.

Onlara dünya həyatına dair bəzəkli vədlər verər. Doğrular barədə onlara ağlagəlməz vəsvəsələr verər. Ən sadə mövzuları belə içindən çıxılmaz və mürəkkəb hala gətirməyə, Allahın əmrlərini onlara çətin göstərməyə çalışar. Onları dünya mənfəətlərinin yaxın və əldə edilməsi asan, axirət mənfəətlərinin isə uzaq və guya xəyali vədlər olduğuna inandırmağa çalışar.

İnsanları hər an müşahidə edər. Hər an çatışmayan cəhətlərini, zəif yönlərini güdər. Onları aciz olduqları nöqtələrdən tutmağa və tələyə salmağa çalışar. Həmişə pisliyi nəsihət edər. Onların da özü kimi pisliyi mənimsəmələrini və beləliklə, özünə bənzəmələrini istəyər. Bütün bu təlqinlərini onlara gözləmədikləri anlarda, gözləmədikləri yönlərdən pusqu qurub verər.

Bəzən açıq təlqinlər verər, çox vaxt isə özünü sanki dost kimi göstərib, həmin insanın yaxşılığını istəyirmiş kimi davranar. Şeytanın müxtəlif yalanlarına aldanan insanlar, olduqları qəflətə görə getdikcə doğru yoldan uzaqlaşarlar. Özlərinə şeytanı dost tutmuş olmaları, bu insanların yaşadıqları pis əxlaqı, göstərdikləri yanlış davranışları əhəmiyyətli görməmələrinə və bunları israrla müdafiə etmələrinə səbəb olar.