Şeytan, idarə etdiyi insanları Qurandan uzaqlaşdırmaq üçün, onlara müxtəlif mənfi danışıq üsulları öyrədər. Bu danışıq üslubunun ən əsas xüsusiyyətlərindən biri isə, ilk baxışda müsbət danışıq tərzi kimi görünməsidir. Dinləyən, danışanın olduqca faydalı mövzuya toxunduğunu və nəticədə də, sözlərini yenə Qurana uyğun mövzuya əsaslandıracağını zənn edər. Necə ki, söhbətin ümumi məğzindən bu yöndə bir məna da çıxar. Lakin aralarda çox incə üsullarla yerləşdirilmiş Qurana uyğun olmayan şeytani məntiqlər olar.
Həmin şəxsin işlətdiyi cümlələr kağızda yazılsa, bəlkə bunu oxuyan biri deyilənlərdə heç bir şeytani məna görə bilməyəcək. Lakin şeytan insana bunları söylədərkən elə təfsilatlarla dəstəkləyər ki, işlətdiyi sözlər müsbət mənalar daşıdığı halda, sözləri dinləyənlərdə tam əks təəssürat yaradar. Hərdənbir edilən vurğulamalar, səs tonundakı artıb-azalmalar, mövzular və ya cümlələrin arxa-arxaya gətirilmə sırası, müxtəlif mimikalar, üz ifadəsi və ya baxışlarla verilən dəstəklər deyilənlərə çox fərqli mənalar əlavə edər. İman sahibi bir insan, belə bir söhbəti dinlədikdə, burada gizlənən şeytani xüsusiyyətləri bütün təfsilatlarıyla görər.
Belə mənfi üslubla şeytan hansı məqsədi güdür? Əsas üzə çıxarılacaq mövzulardan biri də budur. Əvvəla, şeytan iman edənlər arasında fitnə törətmək, onları gizlincə mənfi düşüncələrə sövq edib pessimist ruh halına salmaq, aralarındakı qardaşlığı, birlik və həmrəyliyi yox etmək, hüzurlu və şən olmalarına mane olmaq və nəticədə, onları Quran əxlaqından uzaqlaşdırmaq istəyər. Təsirinə saldığı insanların ağzından söylədiyi gizli pisliklər daşıyan danışıqlarla bu hədəfinə nail ola biləcəyini düşünər.
Lakin, əlbəttə ki, səmimi iman edənlər arasında belə şey qətiyyən mümkün olmaz. Hər şeydən əvvəl iman sahibləri Allahın rəhməti və qoruması altındadırlar. Allah səmimiyyətindən və hər işlərində Allahı vəkil tutmalarından ötrü, onları şeytanın və ya ona tabe olan insanların şərindən qoruyur.
Onları doğru yolları üzərində sabit qədəm edir, Öz qatından verdiyi üstün ağıl, anlayış və diaqnoz qabiliyyəti ilə onların bu oyunları görmələrini və aradan qaldırmalarını təmin edir. Dolayısilə, şeytanın bu yöndəki bütün səyi boşa çıxmış olar.
İman edən insanlarla bir yerdə olub şeytana tabe olanlar isə əslində onun bu hədəflərini çox yaxşı bilirlər. Lakin şeytana xidmət edərkən öz aləmlərində olduqca fərqli hədəflər arxasınca gedərlər. Gizlicə göstərdikləri mənfi üslublarıyla diqqət çəkmək, maraq toplamaq, qayğı görmək və istəklərinin yerinə yetirilməsini təmin etmək istəyərlər. Quran əxlaqını yaşadıqları təqdirdə vicdan və ağıllarından istifadə edib səmimiyyət və dürüstlüklə əldə edə biləcəkləri nemətləri şeytani üsullarla əldə etməyə çalışarlar. Bu da qəti olaraq çıxılmaz yoldur.
Möminlər şeytani üsullarla ortaya qoyulan tələblərə heç vaxt cavab verməzlər. İman sahibləri şeytanın təlqinlərinə qarşı insanları Quran əxlaqına çağırmaqla məsuldurlar. Şeytan insanları əks ehtimallarla aldatmağa, onları öz üsulları ilə xoşbəxtliyi yaşaya biləcəklərinə inandırmağa çalışar. Lakin şeytan insanlara yalandan başqa şey vəd etməz.
Heç kim həmişə mənfi danışan, narahatedici baxışlarla baxan, səssiz, susqun və küskün rəftar göstərən, hər şeyin mənfi tərəfini görüb pessimist açıqlamalar verən bir insandan xoşlanmaz. Belə insan xoşbəxt ola bilməyəcək və gözəl həyat yaşaya bilməyəcək. Tək çıxış yolu, pisliyin gizli və ya açıq hər növündən uzaqlaşıb, Allahın dininə təslim olmaq, Quran əxlaqını yaşamağın rahatlığını dadmaqdır.

