Şeytanın hiyləsi zəifdir

Hz. Adəmdən bəri insanın dünya üzərindəki ən böyük düşməni şeytandır (2)

Hz. Adəmdən bəri insanın dünya üzərindəki ən böyük düşməni şeytandır. Şeytan Hz. Adəm yaradıldığında, Allaha itaət etməmiş və bütün insanları Allahın yolundan uzaqlaşdıracağına söz vermişdir. Allah Quranda Şeytanın insanları doğru yoldan ayırmaq üçün müxtəlif yollar sınadığını, onlara tələlər qurduğunu, dünya həyatını bəzəkli və cazibədar göstərməyə çalışdığını bildirir. Allahın Şeytan haqqında bildirdiyi bir başqa məlumat isə, onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir məcburedici təsirinin olmadığıdır:

İman gətirənlər Allah yolunda döyüşürlər. Kafirlər isə Tağut (şeytan, bütlər) yolunda döyüşürlər. Elə isə, şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir. (Nisa surəsi, 76)

Şübhəsiz ki, İblisin onlar barəsindəki təxmini düz çıxdı. Möminlərdən ibarət bir dəstə istisna olmaqla, hamısı ona tabe oldular. Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir. (Səba surəsi, 20-21)

Əslində Şeytanın hiyləsinin zəif olması və məcburedici gücünün olmaması, Allahın insanlar üçün yaratdığı asanlıqdır. Çünki din əxlaqını yaşayan bir insanın qarşısında dinə qarşı mənfi güc olaraq Şeytan var. Onun zəif və gücsüz olması isə, möminlərin Quran əxlaqını yaşamaqda çətinlik çəkməyəcəyini göstərir. Ancaq, bunun üçün səmimi iman lazımdır. Quranda da saleh olanların Şeytanın hiyləsindən təsirlənməyəcəyi bildirilir:

(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam. Ancaq Sənin ixlaslı qulların bundan istisnadır”. (Hicr surəsi, 40)

Allah başqa ayələrdə isə, şeytanın iman edənlərin və təvəkkül edənlərin üzərində heç bir təsirinin olmayacağını belə bildirmişdir:

Əlbəttə, iman gətirib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur. Onun (şeytanın) hökmranlığı yalnız onu dost tutanların və Allaha şərik qoşanların üzərindədir. (Nəhl surəsi, 99-100)

İman edən bəndələrin üzərində şeytanın heç bir təsirinin olmaması ilə birlikdə, bəzən Şeytan iman edənlərə də etdikləri bir işdə, işlədikləri bir əməldə vəsvəsə verə bilər.

Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr də insanın gələn vəsvəsədən necə xilas olacağıdır. Bu, Allahdan qorxan və Cənnəti ümid edən möminlər üçün çox əhəmiyyətli mövzudur. Çünki vəsvəsə Şeytanın insanları Allahın yolundan uzaqlaşdırmaq, onları boş və məqsədsiz işlərlə məşğul edərək vaxtını almaq məqsədi ilə pıçıldadığı yanıldıcı sözlərdir. Şeytan bu yolla insanlara kədər, qorxu və çətinlik verməyə, aralarını vurmağa, Allah Quran ya da din haqqında şübhəyə salmağa çalışar. Haqq olmayan mövzularda insanları uzun və mənasız düşüncələrə salar. Quranda Şeytanın vəsvəsə vermə xüsusiyyətini izah edən ayələrdən bəziləri belədir:

“Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir. (Nisa surəsi, 119-120)

O, insanların qəlbinə vəsvəsə salar. (Nas surəsi, 5)

Möminlər, Şeytanın onlara pıçıldadığı düşüncələr nə olursa olsun, Allahın göstərdiyi yola uyduqlarında, Şeytan onları məşğul edə bilməyəcək. Allah Şeytana qarşı möminlərə bunu xatırladır:

Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 200-201)

Ayədə görüldüyü kimi, möminlər Şeytandan gələn vəsvəsələrə qarşı çox diqqətlidir. Ondan gələn vəsvəsələri düşünərək vaxt itirməz, bu vəsvəsələrlə Allahın razı olmayacağı, bir möminə yaraşmayacaq sıxıntılı, kədərli və qorxulu ruh halına girməzlər. Bir sıxıntı, Qurana uyğun olmayan bir düşüncə hiss etdiklərində dərhal düşünərlər. Bunun Şeytandan gələn Allahın məmnun olmayacağı bir vəsvəsə olduğunu anlayarlar. Dərhal Allahı və Quran ayələrini düşünərək Şeytanın pıçıltılarından xilas olarlar.