Şeytan yalan vədlər verir

Şeytan insanı Allahın yolundan azdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır

Şeytan insanı Allahın yolundan azdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır, onlara bu mövzuda müxtəlif vədlər də verir. Allah şeytanın bu hiyləsini bir ayəsində belə bildirir:

(Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir. (Nisa surəsi, 120)

Şeytanın təsirinə düşən insanlar önlərində çox uzun illərin olduğuna inanıb uzun müddətli planlar qururlar. Sanki bu dünyada sonsuza qədər yaşayacaqmış kimi mal, mülk, məqam, mövqe həvəsinə qapılıb Allahın razılığından tamamilə uzaqlaşırlar. Allah bunun şeytanın bir hiyləsi olduğunu başqa bir ayədə belə bildirir:

Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir. (Məhəmməd surəsi, 25)

Hər insanın çoxlu planları vardır. Daha əvvəl də qeyd edildiyi kimi, hər peşədən, hər yaşdan, hər sosial mühitdən insanların planları bir-birindən fərqli olsa da, əslində, hamısı dünyaya istiqamətlənmişdir. Məsələn, bir iş adamının gələcəyə aid ən böyük idealı böyük bir zavoda sahib ola bilməkdir. Bu zavoda sahib olduqdan sonrakı ən böyük idealı isə istehsal etdiyi malları dünya səviyyəsində ixrac etməkdir. Və ya bir sənətçinin idealı ölkəsindəki hər kəs tərəfindən tanınan, sevilən, hörmət edilən, qabiliyyətləri təqdir edilən insan ola bilməkdir. Bu məqsədinə çatarsa, bir sonrakı məqsədində də eyni müvəffəqiyyəti bütün dünya səviyyəsində göstərə bilməkdir. Bir çox insan üçün belə nümunələri saya bilərik. Bu insanlar dünyada özləri üçün seçdikləri idealları reallaşdıra bilmək üçün gecə-gündüz çalışırlar.

Amma, görəsən, bunları həyata keçirə biləcək qədər ömürləri vardırmı? Hər insan, əvvəlcə, bunu düşünməlidir. Çünki yuxarıda sayılan planların heç birinin reallaşması sığortalanmayıb. Amma ölüm mütləq reallaşacaq, hər insanın başına gələcəkdir. Buna baxmayaraq, bu insanların ölümdən sonrası üçün heç bir plan və hazırlığı yoxdur. Bütün həyatı dünyadakı həyatına aid idealları reallaşdırmağa həsr olunmuşdur. Üstəlik, bir gün ölümlə birlikdə bütün planlarının bir daha tamamlanmamaq üzrə yarıda qala biləcəyini ağıllarına belə gətirməmişdilər. Çünki şeytan onlara ayədə bildirildiyi kimi, müxtəlif vədlər vermiş və onlar da bunlara qapılıb özlərini aldadaraq bir ömrü puç etmişdilər.

Halbuki, insan bitib-tükənməz arzular arxasınca qaçmaqdansa Allaha qarşı məsul olduğunu və din günündə Onun hüzurunda bütün etdiklərinin hesabını verəcəyini bilərək Allahın Quranda göstərdiyi şəkildə yaşamalıdır. Əks halda, sonsuz həyatı üçün hazırlıq görməməsi, ona verilən fürsəti qaçırması onu sonsuza qədər cənnətdən məhrum edə bilər. Cənnətdən məhrum olan insanın gedəcəyi yer isə cəhənnəmdir.

Allahın ona verdiyi bu müddəti heç bir dəyəri olmayan işlərlə puç edənlər axirətdə çox böyük peşmançılıq yaşayacaqlar. Onlara o gün belə deyiləcək:

…“Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?!”… (Fatir surəsi, 37)

Ayədə bildirildiyi kimi, hər insana öyüd ala biləcəyi, vicdanının səsini eşidə biləcəyi qədər vaxt verilmişdir. Şeytan nə qədər səhv yola aparmağa çalışsa da, insanın bu çağırışa qulaq asmamaq, Allahın əmr etdiyi yolda irəliləmək imkanı vardır. Bunun tək yolu səmimi iman və Allaha güvəndir. Necə ki, bu xüsusiyyətlərə sahib insanlara aid olaraq şeytanın hər cür səyinin, hiyləgər vədinin boşa çıxacağı Quranda bildirilmişdir:

Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, (faizə sövq etməklə) mallarına və (zinaya sövq etməklə) övladlarına ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz. Şübhəsiz, (ixlaslı) bəndələrim üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər. (İsra surəsi, 64-65)

Diqqət edin, şeytan sizi də dünyəvi həvəs və əməllərin arxasınca aparıb əsl hazırlıq görməyiniz lazım olan yeri unutdurmasın. Siz dünyəvi ideallarla, müvəqqəti həvəslərlə əylənib, yaxşı işlər etdiyinizi sanaraq aldanmayın. Allahın aşağıdakı əmrini həyatınızın heç bir anında unutmadan tətbiq edin:

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr surəsi, 18-19)