Şeytan, xeyiri görməyi əngəlləmək istəyər

Şeytanın son dərəcə nankor və üsyankar olduğunu Quran xəbər vermişdir

Şeytanın son dərəcə nankor və üsyankar olduğunu Quran xəbər vermişdir. Onun insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşdığını və insanları doğru yoldan azdırmaq üçün hər yoldan istifadə etdiyini ayələrdən bilirik. Şeytanın bu çirkin məqsədinə çatmaq üçün əl atdığı ən önəmli oyunlardan biri insanın başına gələn hadisələrdəki xeyiri görməsini əngəlləmək, beləliklə, onun Allaha qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan və axirəti unudub ömrünü boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşürlər.

Şeytan bu insanların həssas xüsusiyyətini tapıb o yöndən onlara vəsvəsə verir; onları Allaha və Onun müəyyən etdiyi taleyə üsyan etməyə çağırır. Məsələn, bir insan, əgər qonşusu maşın qəzasına düşərsə, bunun taledə olduğunu ona çox rahat şəkildə xatırladar və sakitləşdirməyə çalışar. Lakin özü həmin qəzaya düşərsə, eyni rəftarı göstərməz. Şeytanın təhrik etdiyi nəfsinin oyununa gəlib üsyan etməyi daha asan görər. Çünki hadisələrdəki xeyiri görməyə çalışmaq, Allaha itaət və təvəkkül etmək vicdandan asılıdır. Əgər insan vicdanından lazımı qədər istifadə etməzsə, belə hadisələrdə həmişə yanlış davranır.

Şeytanın xeyiri görməyi əngəlləməsi özünü hər yerdə göstərir. Vəsvəsədən insanın gördüyü işlərdəki xeyirli yönləri göstərməmək üçün də istifadə edir. Məsələn, Allah rizası üçün pul xərcləyən möminə gələcək qorxusu, malının azalacağı, dara düşəcəyi kimi vəsvəsələr verməyə çalışır. Şeytanın bu oyunu bir ayədə belə xəbər verilmişdir:

Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 268)

Lakin bunların hamısı boş xəyallardır. Şeytanın bütün bu sinsi planları saleh möminlərə təsir etmir. Çünki möminin xeyirə pul xərcləməsində məqsədi dünyadakı rahatlığı və mənfəəti üçün deyildir. Əsl məqsədi ehtiyacı olanlara yardım edib Allahın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Buna görə, şeytan inananlara belə vəsvəsə ilə yaxınlaşıb onları aldada bilmir. Şeytanın inananlara təsir edə bilmədiyini Allah Quranda bildirmişdir:

Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 200-201)

Bura kimi bəhs etdiklərimizdən aydın olduğu kimi, şeytan xeyiri əngəlləmək üçün insana, əsasən, iki yöndən yaxınlaşır. Birincisi, gözəl bir işi əngəlləmək üçün əlindən gələni edir və insanları yeganə məqsəd kimi dünyanın bərbəzəyinə yönəltməyə çalışır. İkincisi isə, hadisələrin xeyir və hikmətli tərəfini görməyi əngəlləməyə çalışır. Xüsusilə insanlara müsibət üz verdikdə bunu şər kimi göstərib insanları Allaha üsyan etməyə sürükləməyə çalışır.

Halbuki Allah insanlara sayca bitməyən nemətlər vəd edir. Doğulandan ölümə qədər hər an verdiyi nemətlərlə saysız-hesabsız lütf edir. Buna görə də, Allahı dost və vəkil edən möminlər bir hadisə baş verdikdə onun hikmətini həmin an bilməsələr də, Allaha güvənirlər və sonda mütləq xeyir olacağını düşünüb səbir edirlər. Hansı vəziyyətdə olsalar da, əsla üsyankar davranmırlar və ya şikayət etmirlər. Vahiməli görünən vəziyyətdə belə, axırda onların lehinə çevriləcəyini bilirlər. Bəlkə də, qarşılaşdıqları hər çətin vəziyyət, Allahın izni ilə, axirətlərinin xilası üçün çox əhəmiyyətli və həyati dönüş nöqtəsidir.