Şeytan və vicdan

Şeytan, bir çox insan üçün mistik anlayışdır

Şeytan, bir çox insan üçün mistik anlayışdır. Bu səbəblə, insanların üzərində necə təsiri olduğu, gündəlik həyatda necə rol oynadığı nəzərə alınmır. Ancaq insanlar bu mövzuda yanılırlar.

Şeytan, Allaha qarşı çıxmış və hz. Adəmin qarşısında səcdə etməmişdir. Qısqanclığı və qüruruna görə özündən alçaq gördüyü insanları Allahın yolundan azdırmağa qərar vermişdir. Quranda şeytanın qəlbə hiyləgərcə vəsvəsələr verməsindən, insanları Allahın və axirətin varlığından şübhə etdirməyə çalışmasından, dünya həyatını insanlara bəzəkli və cazibədar göstərməsindən bəhs edilir. Əslində şeytan, nəfsdə də var olan və vicdanın qarşısında olan mənfi qüvvələrin təmsilçisidir. Qısacası, insana vicdanı həmişə doğrunu deyərkən şeytan həmişə səhv olanı deyər. Ancaq bunu çox açıq şəkildə etməz. Heç hiss etdirmədən istifadə etdiyi yollar vardır. Məsələn, insana “Sən onsuz da yaxşı insansan. Müsəlmanam da deyirsən. Əgər cənnət varsa, sən onsuz da oraya gedəcəksən.” təlqinini edər. Halbuki bu adam bəlkə nə namaz qılırdı, nə də Allahın digər hökmlərinə əməl edirdi. Və şeytan bu insanı bəzəkli sözləri ilə axirətin varlığından şübhəyə salar. Açıq-aşkar inkar etdirməz, amma müsəlmanlıq adı altında inkara yaxın həyat yaşatdırar. Ən əhəmiyyətlisi insan bunun şeytanın onu cəhənnəmə sürükləmək üçün qurduğu plan olduğunu anlamadan öz düşüncələri olduğunu zənn edər. Bunu unutmamaq lazımdır ki, Vicdan insana hər zaman həqiqi dini yaşamasını deyəcək. Ancaq şeytanın dedikləri onlara asan gəldiyi üçün insanların bir çoxu vicdanın dediklərinə baxmayaraq şeytanın dediklərinə tabe olarlar.

Vicdanın dünyada davam edən imtahan içərisindəki əhəmiyyəti burada qarşımıza çıxır. Hər qarşılaşılan hadisədə həm vicdan, həm də maraqların, ehtirasların, pisliklərin qaynağı olan şeytan araya girər. Hər ikisi də insanı öz yoluna çağırır. Bu iki səsi ayırd edə bilənlər və vicdanına tabe olanlar, Allahın razılığını qazanarlar.

Bütün bunlara baxmayaraq vicdanına uymayaraq, nəfsinə uyan insan isə şeytanın dostu olmuşdur. Çünki o Allahın deyil şeytanın yolunu seçmişdir.

Kim Mərhəmətli Allahın zikrindən (Qurandan) üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. (Zuxruf surəsi, 36)

Bu ayənin bir mənası da Allahın zikri olan Qurandan üz döndərən, yəni Qurandan uzaqlaşan insanların şeytanla dost olmasıdır. Şeytana uyanlara necə yaxınlaşacağını və şeytan ilə dostlarının sonu isə yenə Quranda belə bildirilir:

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 16-18)

Şeytanın vicdanlı insanlar üzərində heç bir təsiri yoxdur. Şeytanın gücü son dərəcə zəifdir. Allah ayədə şeytanın bu vəziyyətini belə bildirir:

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir. (Nisa surəsi, 76)

Şeytana insanları təsir etmə imkanı, Allaha iman edənlərlə, şübhədə olanların ayırd edə bilməsi üçün verilmişdir. Hər şeydən əvvəl şeytan özünə aid müstəqil gücü olan, Allahın diləməsi xaricində bu gücünü istifadə edə biləcək varlıq deyil. Şeytan Allahın insanı sınamaq üçün istifadə etdiyi mənfi gücdür. Allah, qullarını sınamaq və kimlərin vicdanlarına uyduğunu göstərmək üçün şeytanı və ona uyan nəfsi yaratmışdır. Şeytanın da fərqində olduğu həqiqət vardır ki, səmimi və vicdanlı insanlara qarşı çox gücsüz və zəifdir. Onları heç bir zaman təsiri altına ala bilməz. Onlara qarşı heç bir hiyləsi təsirli olmaz. Bu vəziyyət Quranda bir çox ayədə xəbər verilmişdir:

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)