Şeytan insanları yorğun hala salmaq istəyir

Nəfsə qalib gəlməyin yolu

Nəfsin insana qalib gəlməyə gücü yoxdur. Nəfsdəki pislikləri aradan qaldırmaq isə çox asandır. Ancaq bunun üçün insan nəfsinə qətiyyən rəhm etməməli, tərəf tutmamalı, onu sahiblənməkdən və qorumaqdan əl çəkməlidir. Nəfsini düşməni kimi görməli, onunla iradəli şəkildə ağılla və elmi zəmində mübarizə aparmalıdır.

Bu cür qətiyyət olsa, Allahın izni ilə, nəfsin insana qarşı çıxmağa gücü qalmaz. Nəfs onun quluna çevrilər. O nə desə, ancaq onu edə bilər. Bundan başqa, hər hansısa mövzuda nəfsin insanı nəyəsə məcbur etməsi, onu pis olana çəkməsi, səhv hərəkət etməyə məcbur etməsi mümkün olmaz.

Ancaq insan nəfsinə qarşı bu qətiyyəti “dayanmadan ömür boyu” göstərməlidir. Bir neçə saat, bir-iki gün, bir neçə ay, ya da bir neçə il ərzində nəfsə qarşı çıxıb, sonra “bu mövzu həll edildi” deyərək, diqqətsizlik etmək olmaz. İnsan “Nəfsimi tərbiyə etdim, bir neçə saat, ya da bir neçə gün özbaşına buraxım və istirahət edim” deyə düşünməməlidir. İnsan nəfsini nə qədər yaxşı tərbiyə etsə də, nəfs fürsət düşən kimi insana hücum edərək, onu pisliyə çəkməyə meyillidir. Allah nəfsin bu xüsusiyyətini Quranda bildirmişdir:

“Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusuf surəsi, 53)
Buna görə də, insan səhər yuxudan oyandığı və şüuru açıldığı andan etibarən yenidən yatana qədər nəfsinə qarşı diqqətli olmalıdır. İnsan zəif davransa, nəfs bir saniyə vaxt tapan kimi insana istəmədiyi bir sözü söylədə bilər, ya da çox çalışdığı halda ona səhv rəftar etdirə bilər.

Nəfs özünü məsum, məzlum və səmimi də göstərə bilər. İnsan ağılla hərəkət etməsə, içindəki bu səsə qulaq assa, asanlıqla nəfsinə məğlub olub, onu haqlı bilərək tərəfini saxlaya bilər.

Bu, insan üçün böyük təhlükədir. Elə buna görə də, Allah insanı Quran ayəsilə bu təhlükəyə qarşı xəbərdar etmiş, nəfsin həqiqi xüsusiyyətini qullarına bildirmişdir. Belə ki, əgər insan nəfsinə haqq qazandırırsa, vaxt itirmədən Allaha sığınmalıdır. Nəfsin təlqinləri həmin anda inandırıcı görünsə də, onu gizlicə pisliyə çəkməyə çalışdığını unutmamalıdır. Bu mövzuda Quranın ona hansı yolu göstərdiyinə baxmalı və tez o yola yönəlməlidir.