Şeytan insanı Allahın yolundan azdırmaq üçün durmadan fəaliyyət göstərir. Bir an belə bundan vaz keçmir, hər cür yola əl atır. İnsana zəif nöqtələrindən yaxınlaşaraq ona öz istəklərini qəbul etdirməyə çalışır. Bir ayədə şeytanın insanları azdırmağa yönəlmiş fəaliyyətlərinə belə diqqət çəkilmişdir:
… Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Nisa surəsi, 60)
(İblis) dedi: “Sən məni azdırdığın üçün, mən də hökmən onları azdırmaq məqsədilə Sənin doğru yolunun üstünə oturacağam. Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”. Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 16-18)
Şeytan insanın ən böyük düşmənidir və insanlara vəsvəsə verərək, doğrunu yanlış, yanlışı isə doğru kimi göstərməklə onları din əxlaqından uzaqlaşdırmağa çalışır. Ayədə bildirildiyi kimi, insanların Allaha şükür etməsinə mane olmağa cəhd edir. Lakin Quranda xəbər verildiyi kimi, şeytana uyan insanlar mütləq ziyana uğrayacaqlar. Bu səbəbdən insanlar şeytanın hiylələrinə qarşı ayıq-sayıq olmalı və ona tabe olmaqdan şiddətlə çəkinməlidirlər.
Onu da unutmaq olmaz ki, şeytan yalnız səmimi şəkildə iman gətirməyən insanlar üzərində təsirli ola bilər. Allaha qəti bir yəqinliklə inanan, axirəti və hesab gününü dərk edən insanlar şeytanın fəaliyyətindən təsirlənməzlər. Əgər bu istiqamətdə bir təsirlə qarşılaşsalar, dərhal Allaha sığınarlar. Allah şeytanın möminlərə qarşı son dərəcə gücsüz olduğunu belə xəbər vermişdir:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)
Şeytan özü də Allaha səmimiyyətlə bağlı olan ixlas sahiblərinə qarşı azdırıcı bir gücünün olmadığını etiraf edir. Bu, Quranda belə bildirilir:
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam. Ancaq Sənin ixlaslı bəndələrin bundan istisnadır”. (Hicr surəsi, 39-40)

