Seyid Əli Sistani “Sünni müsəlmanlar şiələrin can qardaşıdır”

Məzhəb ayrı-seçkiliyinin qızışdırılması

Dərin qlobal güclərin İslam aləmini kiçik, gücsüz və təsirsiz hissələrə bölmə planı çərçivəsində əl atdıqları üsulların ən hiyləgər və təhlükəli olanlarından biri şübhəsiz ki, məzhəb ayrı-seçkiliyinin qızışdırılmasıdır.

Yaxın dövrdə Səudiyyə Ərəbistanı, Küveyt, Pakistan, Banqladeş, Yəmən kimi müxtəlif İslam ölkələrində aparılan məzhəb yönümlü qanlı provokativ hərəkətlər bu hiyləgər üsulun hər an qüvvədə olduğunu bizlərə bir daha göstərdi. Bu cür təxribatlarla şiə və sünnilər arasında yaradılan süni düşmənçilik və qarşıdurma mühitinin miqyasını genişləndirərək bütün İslam aləminə yaymaq istəyirlər.

Nəticə etibarilə, məzhəblər arasında kin və nifrət toxumları səpmək üçün törədilən təxribatların iki əsas məqsədi var:

Birincisi, İslam ölkələrində qarışıqlıq, xaos və daxili münaqişələr çıxararaq bu ölkələrin sabitliyini pozub, gücdən düşüb bölünməsinə, yox olmasına zəmin hazırlamaq.

İkincisi, İslam ölkələrini bir-birinə düşmən etmək. İran-İraq-Suriya-Livanın şiə cəbhəsi ilə Türkiyə-Qətər-Səudiyyə Ərəbistanı-Pakistan kimi ölkələrdən ibarət sünni cəbhəsi yaradıb bir-birini məhv etməyi qarşısına məqsəd qoyan müsəlmanları iki zidd qütbə bölmək. Hazırda İraqda, Suriyada, Yəməndə baş verən qarşıdurmalar da sanki bu qlobal münaqişənin bir prototipi kimidir.

Eyni Allaha, Kitaba və Peyğəmbərə inanan, dini, qibləsi bir olan, eyni məsciddə namaz qılan müsəlmanlar hansı fikirdən, hansı məzhəbdən, hansı qrupdan olursa-olsun, ancaq qardaşdır. Bir-birilərinə düşmən olmalarını Allah haram buyurmuşdur. Belə bir düşmənçiliklə bir-birilərinin öldürmələri isə qarşılığı sonsuz Cəhənnəm əzabı olan qorxunc bir fəlakətdir.

Bu gün müsəlmanların başına gələn fəlakətlərin səbəbi Allahın əmrinə zidd olaraq ayrılıq və ixtilaf içində olmalarıdır. Yeganə qurtuluşları isə bu haramı tərk edib sevgi və qardaşlıq ilə birləşərək tək vücud olmalarıdır.