Şəxsi kinə görə ədalətdən uzaqlaşmamaq

Dünya ədalət günü" qeyd edildi, lakin dünyada nə qədər ədalət var?

Müharibələrin, münaqişələrin, zülm və haqsızlıqların dünya səviyyəsində bütün gücü ilə davam etdiyi, insanlıq əleyhinə cinayətlərin sərhəd tanımadığı bu günlərdə daha bir «Beynəlxalq ədalət günü» qeyd edildi. Cinayətlərin, haqsızlıqların böyük hissəsinin cəzasız və qarşılıqsız qaldığı, dünyadakı dərin dövlətlərin insanlıq əleyhinə törətdiyi cinayətlər və ya bu cinayətlərə zəmin hazırladığı, hətta qızışdırdığı belə bir dövrdə «ədalət» anlayışının həyati önəmi yenidən gündəmdədir.

İtaliyanın paytaxtı Roma şəhərində 17 iyul 1998-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı konfransı tərəfindən təsis sənədi qəbul edilən Beynəlxalq Cinayət Məhkəməsi yenə belə bir ədalət axtarışı nəticəsində yarandı. 17 iyul tarixi də hər il Beynəlxalq Ədalət Günü olaraq qeyd edilir.

“Roma statutu” sazişi ilə qurulan Beynəlxalq Cinayət Məhkəməsi 2003-cü il martın 11-də fəaliyyətə başlayıb. Müəyyən məsələlərlə məşğul olmaq üçün qurulan müvəqqəti məhkəmələrdən fərqli olaraq (məs. Nürnberq məhkəməsi, Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi və ya Ruanda Beynəlxalq Cinayət Məhkəməsi) bu məhkəmə dünyada ilk daimi məhkəmədir.

Məhkəmənin fəaliyyət sahəsinə müharibə, soyqırım və insanlıq əleyhinə cinayətlər daxildir. Məhkəmə bu ağır cinayətləri törədən cinayətkarların cəzasız qalmalarının qarşısının alınması və beynəlxalq ədalətin təmin edilməsi prinsipinə əsaslanır. Bundan başqa həmin cinayətlərin təqibi məsələsində dünyadakı tək təsirli mexanizm olaraq qəbul edilir.

Beynəlxalq Cinayət Məhkəməsi xoş niyyətlidir, ancaq simvolik xarakter daşıyır. Fəaliyyətə başladığı gündən etibarən insanlıq əleyhinə törədilən saysız ağır cinayətlərin qarşısının alınmasında və cinayətkarların qanun qarşısına çıxarılmasında təsiri çox məhduddur. Məhkəmə qurulduğundan bu yana dünyada milyonlarla mülki şəxs, uşaq, qadın və kişi vəhşicəsinə qətl edildi, yaralandı, işgəncə, zülm və zorakılığa məruz qaldı. Evlərini və yudlarını tərk etdi. Ancaq bu fəlakətlərə səbəb olan cinayətkarlar hakim qarşısına çıxarılmadı.

Son illərdə ən çox insanlıq əleyhinə cinayətlərin törədildiyi Suriyanı nəzərdən keçirək. Əsəd rejiminin törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər, xalqa qarşı tətbiq edilən amansız qətliam və işgəncə üsulları 2011-ci ildən etibarən BMT və insan hüquqları təşkilatları tərəfindən yazılı sənəd və şahidlərin ifadələri ilə dəfələrlə sübut edildi.

Rejimin körpə, uşaq, qadın, qoca ayırd etmədən tətbiq etdiyi kimyəvi silah və barel bombası hücumları və bunların dəhşətli nəticələrinə dair zərərçəkənlərin, şahidlərin ifadələri hesabatlarda çox ətraflı şəkildə qeyd edilir. Bütün bunlardan əlavə, işi xəstəxanalara gətirilən meyidlərin şəklini çəkmək olan «Sezar» kod adlı hərbi polisin iki il boyunca çəkib müxaliflərə verdiyi fotoşəkillər də ən bariz sübutlardır. 11 min nəfərə aid bu 55 min fotoşəkildə zərərçəkənlərin rejim qüvvələri tərəfindən əlləri və ayaqları bağlı olaraq sistematik şəkildə işgəncəyə məruz qaldığı, bir qisminin də ac saxlanılaraq ölümə tərk edildiyi müəyyən edildi. Daha əvvəl müharibə əleyhinə cinayətlərə dair məhkəmələrdə işləmiş 3 prokuror dövründə araşdırma aparan xüsusi komissiya fotoşəkillərin və mənbənin həqiqi və etibarlı olduğunu bildirdi.

Bəs nəticədə bu cinayətləri törədənlər ədalət qarşısına çıxarıldımı? Təəssüf ki, yox!

Çünki komissiya bütün sübutların müharibə və insanlıq əleyhinə olduğuna dair qərar versə də Əsədin, rejimin rəhbərləri və digər məsuliyyət daşıyan şəxslərin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması üçün BMT Təhlükəsizlik Şurası bu məhkəməyə səlahiyyət verməlidir. Ancaq Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya və Çin nəinki mühakimə və ya sanksiya tətbiq etmək, Əsəd rejiminin qınanmasına belə razı olmaz. Bu hal nəzərə alındıqda Şuradan icazə verilməsini xəyal etmək belə çətindir. Nəticədə də Suriyada davam edən zülm, zorakılıq və fəlakətlərə hər keçən gün yeniləri əlavə edilməyə davam edir.