Hal-hazırda gənclər Allah sevgisindən və Allah qorxusundan çox uzaq tərbiyə edilirlər. Ailə uşağa zahiri ibadətləri öyrədir və kənara çəkilir. Halbuki ibadətlərlə yanaşı, bütün həyatını əhatə etməli olduğu, hər gün, hər dəqiqə möminin tətbiq etməsi lazım olan Quran əxlaqı vardır. Uşağın qəlbinə möhürlənməli olan dərin Allah sevgisi, ciddi Allah qorxusu və vicdan həssaslığı var. Mömin ancaq Qurana uyğun tərbiyə ediləndə, Allahı sevib Onu razı edə bilməməkdən çəkinəndə və Allahdan lazımi qədər qorxanda Allahın istədiyi mükəmməl əxlaqa qovuşar. Əks təqdirdə Qurana uyğun olmayan davranışlar, nəfsi mübarizələr, sevgisizlik və laqeydlik möminin canını sıxar.
Bir uşağı tərbiyə edərkən hər şeydən əvvəl ona səmimiyyət öyrədilməlidir. Səmimiyyət bünövrə olaraq qoyulduqda uşaq bundan sonra həyatı boyunca vicdanı ilə hərəkət edəcək. Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini. Nəticədə sevgi, səmimiyyət, ağıl, Allah qorxusu və Qurana uyğun davranmaq bir-birlərinə bərkidilmiş zəncirlər kimidir. Möhkəm bağlandıqda möminlərdə Allahın razı olduğu çox gözəl cənnət əxlaqı ortaya çıxar. Beləcə mömin aydın üzlə, nurla, gözəl əxlaqı ilə, olduğu mühitdə işıq saçar. Allah sevgisini və Allah qorxusunu qəlbində hiss edən möminin bütün hərəkətlərində, danışığında, baxışlarında bu dərinlik əks olunar. Heç bir şey etməsə də, danışmasa da bu üslubu ilə ətrafındakılara təbliğ edər. Peyğəmbərimizin möhtəşəm əxlaqı ilə, Allaha və Onun yaratdıqlarına duyduğu dərin sevgisi, təmizliyi, səmimiyyəti, xoş rəftarı və Allaha olan sarsılmaz etibarı ilə bütün möminlərə nümunədir. Peyğəmbərimiz hədislərdə gözəl əxlaq və Allah qorxusu ilə bağlı belə buyurur:
“Ümmətimin cənnətə girməsinə səbəb olacaq ən əsas şey ilahi təqva və gözəl əxlaqdır.” (Usulu Kafi, cild 2, səh. 100)
Peyğəmbərimiz başqa bir hədisində Allah qorxusu ilə bağlı belə buyurmuşdur:
Rəbbim mənə doqquz şeyi əmr etdi: “Gizli halda da, aşkar halda da Allahdan qorxmağı, əsəbi və razılıq halında da ədalətli söz deməyi, yoxsulluqda da, zənginlikdə də infaq etməyi, məndən qopana da rəhm etməyi, mənə zülm edəni bağışlamağı, susmağımın təfəkkür olmasını, söhbətimin zikr olmasını, baxışımın ibrət olmasını, bilinəni (doğru və gözəl olan) əmr etməyi”. (Kütüb-i Sitte, 16-ci cild, səh. 317)
Bir möminin Allah qorxusu ilə tərbiyə edilməsi əvvəlcə onun “Allahı razı edə bilməməkdən qorxmasını” təmin etməkdir. Mömin Allahın bəyənməyəcəyi bir hərəkəti etməkdən, Onun razı olmayacağı bir sözü deməkdən çəkinməlidir. Möminin vicdanı həm bu dünyada, həm də axirətdə dərin eşqlə sevdiyi Allahın razı olmayacağı bir addım atmaqdan uzaq olmalıdır. Mömin qəlbini Allah sevgisi və Allah qorxusu ilə dolduranda vicdanı həmişə ona doğru yolu göstərəcək, qəlbində duyduğu Allah qorxusu ilə Allahın bəyənmədiyi bir hərəkəti etməyəcək, vicdanının göstərdiyi doğru yolu seçəcək. İnsan nə qədər çox Allahdan qorxsa, nə qədər çox Allahın razılığını hər şeydən üstün tutsa, əxlaqı da o qədər gözəl olacaq. Peyğəmbərlər bu mövzuda öz qövmlərinə dərin iman, hər addımda Allah qorxusu və Allah eşqi ilə atmaları ilə ən gözəl şəkildə nümunə olmuşdurlar.
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Əgər bir mömin lazımi qədər Allahdan qorxmasa, o zaman təkəbbürlü davrana bilər, eqoist ola bilər, qürurlu hərəkət edə bilər, öz maraqlarını güdə bilər. Nəfsinə məğlub olub qarşısındakını incidə bilər. Əgər Allahdan lazımi qədər qorxmasa, düz olduğu halda təvazökarlıq göstərəcək, pislikləri yaxşılıqla yox edəcək, hər zaman gözəl söz deyib, gözəl hərəkət edəcək gücü özündə tapa bilməz. Amma Allahdan dərin hörmət duyğusu ilə qorxduğu zaman, məhz o zaman çox mükəmməl əxlaqa sahib olar.
Yalnızca “Mən Allahı sevirəm” demək kifayət deyil. Allah sevgisi Allah qorxusu ilə iç-içədir. Bir insandan Allah qorxusu getdikdə ağıl da gedər, vicdan da gedər, Quran əxlaqı da gedər. O mömin dərin imanı yaşaya bilməz, Allahın istədiyi kimi nəfsinə hakim olub cənnət əxlaqına qovuşa bilməz. Allah qorxusu möminə dərin imanın qapısını açan bir açar kimidir. Səmimi Allah qorxusu ilə mömin peyğəmbərlərin gözəl əxlaqına, səmimiyyətinə və təvazökarlığına çata bilər.
Nəticə olaraq, Allah qorxusu bəzi insanların düşündüyü kimi qorxu deyil. Allah qorxusu, Allahı çox sevən, Ona qəlbən bağlı, yalnız Onu dost etmiş bir möminin Onun razı olmayacağı rəftarı əsla etməməsi, Onun razı olmayacağı əxlaqı göstərməkdən şiddətlə qaçmasıdır. Şübhəsiz, bu qısa imtahan mühitində Allah qorxusu möminin ən böyük dayağı olacaq. Həm sərhəd tanımayan istəklərlə təkid edən nəfsinə, həm də şeytanın tələlərinə qarşı çox güclü qətiyyət göstərib, hər zaman ən doğru addımı atacaq. Allahdan başqa heç kimdən və heç bir şeydən qorxmayaraq çox güclü imana sahib olacaqdır.
Ey iman gətirənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin! (Ali İmran surəsi, 102)
Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

