Sevgini qarşıdan gözləmə

Şeytanın təsirinə düşən insanlar eqoist olduqlarından sevgini həmişə əvvəlcə qarşı tərəfin

Şeytanın təsirinə düşən insanlar eqoist olduqlarından sevgini həmişə əvvəlcə qarşı tərəfin göstərməsini gözləyərlər. Çünki qarşılarındakı insanlar onlara nə qədər sevgi göstərsələr, özlərinin də buna görə qarşılıq verməli olduqlarını düşünərlər. Əgər göstərdikləri sevgi qarşı tərəfdə göstəriləndən daha çox olarsa, bunun onları alçaldacağına inanarlar. Belə vəziyyət onların qürur anlayışlarına tamamilə ziddir; həyatının hər mərhələsində olduğu kimi, sevgini də təkcə öz qürurlarına zərər gəlməməsi şərti ilə və bu anlayışın icazə verdiyi qədəri ilə yaşayarlar.

Halbuki Quran əxlaqında qürurun yeri yoxdur. Eynilə, sevgi ilə qürur da qətiyyən bir-birləri ilə uyğun olmayan xüsusiyyətlərdir. Qürurun olduğu yerdə sevgi olmaz; çünki belə bir insan hər şeydən və hər kəsdən çox özünü sevər. Əsil sevginin tələb etdiyi rəftarı da yalnız özünə qarşı göstərə bilər.

Buna görə də, əsil sevgini ən gözəl şəkildə yaşaya bilən insanlar, təkcə nəfslərinin eqoist istəklərindən xilas ola bilmiş möminlərdir. Möminlərin yaşadığı bütün sevgilərin təməli Allah sevgisinə əsaslanır. Buna görə də, heç vaxt qarşı tərəfin davranışından asılı sevgi anlayışına sahib olmazlar. Mömin üçün bir insanın sevilmə meyarı, həmin insanın Allahın rizasına uyğun şəkildə yaşamasıdır.

Allahın istədiyi həyatı yaşayan, Allahdan qorxduğu hiss edilən bir insana təbii olaraq mömin sevgi duyar və bu sevgisində dünyəvi xüsusiyyətlərə görə seçim etməz, heç bir qarşılıq gözləməz. Hər hansı hesab aparmadan, içindən gələn kimi səmimi sevgisini göstərər. Qarşı tərəfdən sevgi görməsə belə, Allahın rizası üçün bu insana qarşı səmimi sevgi, şəfqət və qayğı göstərər.

Şeytanın təsiri altında olan insan üçünsə, nəfsi hər şeydən əvvəl gələr; nəfsinə ağır gələcəyini düşündüyü belə sınağa əsla yanaşmaz. Bu insanlar üçün nəfslərinin məmnun edilməsi, təriflənmələri, təqdir edilmələri sanki hər şeydən əhəmiyyətlidir. Buna görə də, sevginin, tərifin mütləq birinci qarşı tərəfdən gəlməsini gözləyərlər. Hətta çox vaxt sevgi gördüklərində də, qarşılıq verməməyi seçərlər. Çünki şərtlərə baxmayaraq, sevgi göstərmək qürurlarına ağır gəlir.

Bunun üçün, pisliyin səssiz dilindən istifadə edib bir çox hiyləgər oyuna əl atarlar. Buna gündəlik həyatdan bir çox nümunə vermək mümkündür. Bir-birlərinə hörmət, sevgi duyan, dost və yoldaş olan insanlar qarşılaşdıqları zaman qəlbindəki bu səmimi duyğuları müxtəlif şəkillərdə bir-birlərinə ifadə edərlər. Hal-əhval soruşmaq, tərifləmək, qarşı tərəfin məmnun olacağı gözəl rəftarlar göstərmək bunlardan bəziləridir.

Şeytanın təsirinə düşən insanlar isə bu cür əməllərdən müxtəlif bəhanələrlə qaçarlar. Lakin bütün bunları xüsusi üslubla, qarşı tərəfə bilərək etdiyini hiss etdirəcək şəkildə edərlər. Məsələn, əvvəlcə önəmli mövzular varmış kimi, sevgi göstərmək əvəzinə bunlardan bəhs edərlər. Yaxud qarşı tərəfin diqqətçəkən gözəl xüsusiyyətlərinə görə iltifat etmək əvəzinə bilərəkdən heç əlaqəsi olmayan insanları tərifləyərlər.

Əgər başqa birisi onlara iltifat edib gözəl söz söyləyərsə, bu insanlar hər hansı bəhanə ilə bu sözləri eşitməzlikdən gələr və ya söhbəti dayandırıb diqqəti başqa tərəfə çəkməyə çalışarlar. Bəzən də qarşı tərəfin gözəl xasiyyətindən bəhs edildiyi zaman, üzünə təəccüblü, başa düşməmiş kimi bir ifadə hakim edərək gizli şəkildə özlərinin eyni qənaətdə olmadığı təəssüratını verməyə çalışarlar. Əgər çox çətin vəziyyətdə qalsalar, özləri də etinasız və donuq səslə söhbətə qoşularlar. Lakin bir tərəfdən emosiya ilə bunların səmimi hissləri olmadığı mesajını verməyə çalışarlar.

Qəribə olan isə bəzən bu insanların qəlbində yaşadıqları ilə etdiklərinin tamamilə ziddiyyət təşkil etməsidir. Şeytanın ilhamı ilə pisliyə meyl edir, vicdanının səsinə qarşı çıxırlar. Lakin əslində doğrunu bilir; qarşılarındakı insanların seviləcək və hörmət ediləcək nə qədər çox xüsusiyyətləri olduğunu görə bilirlər. Buna baxmayaraq, şeytani əxlaqda inad edirlər.

Şeytanın bu insanları təşviq etdiyi bu davranış, Quran əxlaqından uzaq həyat sürən insanlar arasında çox geniş yayılıb. Bir-birlərini çox sevdiklərini söyləyən insanlar belə, dostluqlarını demək olar ki, qürur rəqabətinə çevirərlər. Lakin iman edənlər arasında belə meyar yoxdur. Möminlər Quran əxlaqını yaşayanlara qarşı qarşılıqsız və səmimi sevgi duyarlar. Əvvəlcə kimin sevgi göstərdiyinin, bu vəziyyətin neçə dəfə təkrarlandığının, həmin insanın nə qədər coşğulu, qarşı tərəfin isə nə qədər sadə rəftar göstərdiyinin heç bir əhəmiyyəti yoxdur.

Sevgi möminlər üçün gözəl əxlaqın tələbi olan bir ibadətdir. Həmişə ilk öncə sevgi göstərmək, həmişə iltifat etmək, fədakarlıq etmək, coşğulu olmaq, möminin Allah qorxusunun, axirət inancının, imanının göstəriciləridir. Buna görə də, heç vaxt bunların hesabını aparmazlar. Qarşı tərəf özlərinə qətiyyən sevgi göstərməsə belə, möminlər tərəfindən mütləq seviləcəklərini bilməyin əmin-amanlığı və rahatlığı içindədirlər.