Şəqri Türküstana 1955-ci ildə müxtariyyat verilməsinə baxmayaraq, bölgə xalqının bu statusdan irəli gələn heç bir hüquqdan istifadə edə bilmədiyi tarixi həqiqətdir.
Regiona çox saylı çinli yerləşdirilərək Şərqi Türküstanın demoqrafik quruluşu dəyişdirilməyə və uyğur türkləri azlıq halına gətirilməyə çalışılır. Bu siyasət nəticəsində 1947-ci ildə 87% olan uyğurların sayı bu gün 47%-ə düşüb. Digər tərəfdən 1949-cu ildə regiondakı əhalinin 6%-i çinlilərdən ibarət olduğu halda, bu gün bu rəqəm 41%-dir və hər gün bu nisbət çinlilərin lehinə yüksəlməyə davam edir.
Regionda yerli əhalinin sayını azaltmaq məqsədi ilə uyğurlu gənclərin Çinin daxili əyalətlərinə məcburi şəkildə işləməyə göndərilməsi də gələn xəbərlər arasındadır. Çox ağır şəraitdə işləməyə məcbur edilən uyğurlu gənclərə bəzən əmək haqları ödənilməməklə bərabər işlədikləri zavod və ya sexlərdən çıxmağa da icazə verilmədiyi bildirilir. Bu layihə çərçivəsində yurdlarından zorla sürgün edilən uyğurların sayı 500 mindən çoxdur.
Assimilyasiyanın ən klassik metodlarından biri də region xalqının şəxsiyyətinin və mənliyinin yox edilməsidir. Bu məqsədlə Çin rəhbərliyi uyğur türklərinin din, dil, mədəniyyət, adət-ənənə və həyat tərzlərinə kimi hər şeylərini dəyişdirməyə və ya aradan qaldırmağa çalışdıqları sirr deyil.
Uyğurlara hər şey üçün icazə tələb olunur. Bir kənddən digərinə belə yerli qurumların razılığı ilə rəsmi sənəd əsasında gedilir. Bir uyğurlu xəstəxanada müalicə almaq üçün polisdən terrorla əlaqəsi olmadığına dair kağız almaq məcburiyyətindədir. Siyasi və sosial hüquqlar, bərabərlik, seçmək və seçilmək hüququ, qeyri-hökümət təşkilatı yaratmaq, təhsil, mülkiyyət kimi hüquqlar, söz, ifadə, səyahət etmə, toplaşmaq kimi azadlıqlar isə Şərqi türküstanlılara geniş şəkildə verilmir.

