Səmimiyyət ancaq vicdanla düşünərkən və Allahın hər zaman özünü izlədiyinin şüurunda olarkən üzə çıxar. İnsanların düşüncə və istəklərinə görə hərəkətlərinizi müəyyənləşdirməyin sizi səmimiyyətdən uzaqlaşdıracağını əsla unutmayın. Allahı unudub insanların razılığını nəzərdə tutaraq edilən bütün hərəkətlər səmimiyyəti zədələyəcəkdir. Allahın öz qullarını hər an gördüyünü, bildiyini və hərəkətlərinə şahid olduğunu heç vaxt yaddan çıxarmadan Qurana görə hərəkət etmək isə səmimiyyəti gətirəcəkdir. Səhv edilən şey nə olursa olsun, dürüstlükdən əsla dönməməyi təmin edən şeyin Allahdan başqa heç kimdən qorxmamaq olduğunu əsla unutmayın. Şeytan daha çox insanlar arasında alçalma, ədalətsizliyə məruz qalma, zərər gəlmə kimi düşüncələrlə insanları səmimiyyətsizliyə sürükləyir. Halbuki, bu, boş və əsassız qorxudur. Çünki ən mühüm olan Allahın razı olması və bağışlamasıdır ki, dünyada da, axirətdə də cəza və mükafat yalnız Allahdandır. Hər kəs səhvə yol verə bilər. Mühüm olan xatırladıqdan və fərqinə vardıqdan sonra bu səhvinə görə Allaha tövbə edib səhvindən vaz keçməkdir. Əskikliyini və rəftarını düzəltməsindəki həssaslıq o insanın səmimiyyətini göstərəcəkdir. Heç bir səhvə yol verməyən insan olmadığına görə, Allaha qarşı ən səmimi və dürüst davranan ən üstün olacaqdır. Allah bir ayəsində belə buyurur:
“Rəbbiniz ürəklərinizdə olanları daha yaxşı bilir. Əgər siz əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O da (Özünə) yönəlib dönənləri Bağışlayandır”. (İsra surəsi, 25)
Səmimi insan etdiyi hər səhvdə Allaha qarşı acizliyini bir daha xatırlayaraq Allaha yönəlib dönər. Çünki səhvləri bağışlayacaq olan yalnız Allahdır, insanlar deyil. Başqa bir deyişlə, insan səhvinə görə Allaha səmimi olaraq tövbə etdikdən sonra artıq onun üçün insanların nə fikirləşdiklərinin heç bir əhəmiyyəti yoxdur. İnsanların haqqında nə fikirləşdiklərinə əhəmiyyət verən, onların razılığının ardınca düşən kəslər yanlışlarını örtmək uğrunda yalanlar söyləyərək daha bir çox yanlışlara sürüklənirlər. Halbuki, əslində, insanları aldatmış olsalar belə, Allah hər şeyi bilir. Siz dürüst olmayan, səmimiyyətsiz insanların ən çox özlərinə zülm etdiklərini əsla unutmayın. Allah heç kəsə gücünün yetdiyindən artıq bir şey yükləməmiş, səmimi olan insanların unutduğu və ya yanıldığı zaman etdikləri xətaları isə bağışlayacağını vəd etmişdir.

