Səmimiyyət gözəl əxlaqın qapısıdır

Səmimiyyət Uca Allahın insana bəxş etdiyi bir nur, qəlbə sevinc və rahatlıq verən gözəl bir xüsusiyyətdir. O, gözəl əxlaqın təməlini təşkil edən, insanı Rəbbinə yaxınlaşdıran ən qiymətli mənəvi dəyərlərdən biridir. İnsanın fitrətində mövcud olan bu gözəl əxlaq xüsusiyyəti, eqoizm və göstərişdən uzaqlaşdıqca daha aydın şəkildə üzə çıxır. İnsanın hər bir vəziyyətdə vicdanının səsinə qulaq asaraq doğru olanı seçməsi səmimiyyətin ən bariz göstəricilərindən biridir. Səmimi insan süni davranışlardan, göstərişdən və mənfəət güdməkdən uzaq olur, hər zaman doğruluğa və ədalətə yönəlir. Bu xüsusiyyəti ilə səmimiyyət insanın Uca Allaha olan bağlılığının, sevgisinin və təslimiyyətinin güclü təzahürüdür.

Uca Rəbbimiz Quranda səmimi bəndələrinin xüsusiyyətlərinə diqqət çəkərək onların üstün əxlaqını bizə belə bildirir:

“Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.” (Bəqərə surəsi, 177)