Səmimi tövazökarlıq

İnsanların bəziləri zülm etməyə, əzab verməyə meyillidirlər

İnsanların bəziləri zülm etməyə, əzab verməyə meyillidirlər. Allah ayədə bu insanların əllərinə güc keçəcəyi təqdirdə nə qohumluq əlaqələrini, nə də insani dəyərləri əhəmiyyətli görəcəklərini, əksinə hər cür zülmü edəcəklərini bildirir və möminləri belə xəbərdar edir:

Necə (ola bilər)?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)

Bu insanlar əllərində güc olmadığı və ya tək qaldıqları zaman qorxduqlarından və çarəsizlikdən sakit görünürlər. Əllərinə imkan keçəndə isə insanlara əziyyət vermək, mərhəmətsiz və vicdansız davranmaqdan geri qalmır, hətta anlaşılmazlıq olduğu zaman dava etməkdən belə çəkinmirlər. Bu insanlar şeytanın təsiri altında olduqları üçün sevgi hissini heç vaxt yaşaya bilməzlər. Başda uşaqlar və qadınlar olmaqla, insanlara qarşı olduqca mərhəmətsizdirlər. Bu insanlara görə, qadınlar əxlaqsızlığa meyillidirlər və bunun üçün onlara qarşı sərt tədbirlər görülməli və nəzarət altında saxlanılmalıdırlar. Uşaqlar isə diqqət yetiriləcək varlıqlar deyil. Qadınların zərif və gözəl görünüşünü, uşaqların şirin olmasını Allahın təcəllisi olaraq görmədikləri üçün, bu gözəl varlıqlara qarşı davranışları həmişə mərhəmətsizdir. Bu insanlar sadəcə özlərini bəyəndiklərinə görə əzəmət, qürur və təkəbbür hissləri çox qabarıqdır. Bəzən təvazökar olmağa çalışsalar da, özlərini çox bəyəndikləri və qürur içində yaşadıqları üçün göstərdikləri saxta təvazökarlıq hissinin səmimiyyətsizliyi dərhal üzə çıxır. Bu insanların üzündə nursuzluq mövcuddur və Quran əxlaqından uzaq, şirk içində yaşadıqları asanlıqla aydın olur.

Təvazökarlıq sevgi, mərhəmət və şəfqətin ən vacib şərtlərindən biridir. Çünki təvazökar insanın qarşısındakına verdiyi dəyər dərhal hiss edilir. Buna görə də, belə insanların yanında hamı rahat olur. Bu əxlaqa sahib olan insan özünə verilən nəsihətləri canla-başla dinləyər, heç bir mövzuda “ən düzünü mən bilirəm” deməz, təkəbbürlülük etmədən dərhal ən gözəl əxlaqı göstərər.

Doğru olana qarşı çıxmaz, yanlış olana isə qəzəblənməz. İnsanların problemlərinə qarşı diqqətli və incə düşüncəli olar. Heç bir mövzuda üstünlük iddiası olmadığı üçün “əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, o mənimlə danışsın” kimi təkəbbürdən qaynaqlanan düşüncələrə qapılmaz. Qarşısındakı insan sərt və təkəbbürlü olsa belə, təvazökar davranar. Hər kəsin fikrinə hörmət edər, salam verənin salamına ən gözəl şəkildə cavab verər, hər kəsə sevgi və hörmət bəsləyər. Qısaca, Quran əxlaqının gətirdiyi təvazökarlıq hər fikrə açıq, heç bir mövzuda təkəbbürlülük göstərməyən, hər zaman qarşısındakı insanlara müsbət təsir edən, onlara hörmət edən və dəyər verən insan modeli meydana gətirir. Buna görə də, təvazökar insanlar çox sevilirlər. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” – deyərlər. (Furqan surəsi, 63)

Uca Allah “Ali İmran” surəsində peyğəmbərimizin təvazökarlığı və mülayimliyinin bir nəticəsi kimi insanların onun ətrafında toplandığını belə bildirir:

Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Ali İmran surəsi, 159)

Hər insan ölümə məhkumdur. Qapqaranlıq torpağın altında ən əzəmətli insan belə toz-torpağa çevrilir.

Bəzi insanlarda əzəmət və qürur hissinin olması böyük möcüzədir. Çünki ağılla düşünən və hər gün acizliyini görən insan bu davranışı göstərməməlidir. İnsan səhər yuxudan ayıldığı andan etibarən dəfələrlə acizliyini və nöqsanlarını görür. Hər gün səliqə-sahmana, geyiminə ciddi şəkildə nəzarət edib sonra çölə çıxa bilir. Buna baxmayaraq, əzəmətini beyninin içində kiçik bir nöqtədə – görmə mərkəzində yaşayır.

Beyninin içinə həbs edilmiş həyatına və acizliyinə baxmayaraq, qürur və əzəmət hissinə qapılması, hətta bu hisslə ətrafına zərər verməsi, bağırıb-çığırması, insanları kiçik görməsi möcüzədir. Allah insanın bu anormal əxlaqını ayədə belə bildirir:

Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir. (Əhzab surəsi, 72)

İnsanların çoxunun maddənin həqiqətini qavramaması, yəni heç vaxt təmasda olmadıqları xarici dünyanın beyinlərinin içində kiçik bir yerdə meydana gəldiyini qavraya bilməmələri bir tərəfə, bir gün öləcəklərini belə unudurlar. Halbuki hər insan ölümlüdür. Ən məşhur insanlar da bir gün öləcək və qaranlıq torpağın altında sür-sümük olacaqlar. Lüks geyimlər, xoş ətirlər, gözəl evlər, maşınlar və heç ölməyəcəkmiş kimi təkəbbürlü yerişlər torpağın altında yox olur. Orada insan heç tərpənmədən, səssiz və qaranlıq yerdə qalır. Rəbbimiz insanların öləcəklərini, torpağın altındakı dərin səssizlik və qaranlığı bir ayədə belə xatırladır:

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud onlara aid cüzi bir səs eşidirsənmi? (Məryəm surəsi, 98)

Mülayim, təvazökar olmaq Quranda Allahın təriflədiyi davranışdır. Təvazökar mömin digər möminlərə etibar və şövq verir. Təvazökarlıq insanın sahib olduğu bütün xüsusiyyətləri Allaha borclu olduğunu bilməsi, Allahdan başqa heç bir güc olmadığını qəbul etməsi ilə olur. Bu düşüncəyə sahib olan insan nə qədər gözəl, başarılı, varlı, ağıllı və ya güclü olsa da, bunların Allahın verdiyi keçici xüsusiyyətlər olduğunu, özü üçün imtahan vəsiləsi və səmimi əməl fürsəti olduğunu bilir. Sahib olduğu heç bir xüsusiyyət onun qürurlanmasına, böyüklənməsinə səbəb olmaz. Bu üstün əxlaq Allahın ruhunu daşıyan, Onun yer üzündəki xəlifəsi olan möminlərə hörmət və təvazökarlıq şəklində əks olunur. Quranda bu əxlaqa sahib möminlər “…Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (Həcc surəsi, 34) ayəsi ilə təriflənmiş və müjdələnmişlər.