“Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.” (Bəqərə surəsi, 62)
Bu ayədə açıq şəkildə görünür ki, Allah yalnız müsəlmanları deyil, eyni zamanda səmimi şəkildə iman gətirən və saleh əməl sahibi olan Kitab Əhlini; yəhudi (musəvi) və xristianları da sevir, onlara axirətdə mükafat vəd edir. Bu, İslamın əsas ruhunu və tolerant yanaşmasını əks etdirir.
Qurandakı ardıcıl ayələr isə Tövratın hökmlərini pozan, Hz. Musaya qarşı gələn və Allah ilə bağladıqları əhdi unudan inkarçılardan bəhs edir:
“Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb: Sizə göndərdiyimizi möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız, – demişdik.” (Bəqərə surəsi, 63)
Allahın bu əmrindən sonra onların bir çoxu verdiyi sözdən döndü:
“Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız.” (Bəqərə surəsi, 64)
Və nəhayət, bu azğın davranışın nəticəsi olaraq Allahın açıq əmrini pozaraq şənbə günü qadağasını pozdular:
“Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara: Həqir meymunlar olun! – dedik.” (Bəqərə surəsi, 65)
Şənbə günü qadağası (Şabat) yalnız yəhudilərə (musəvilərə) xas bir ibadət əmri idi. Bu, həmin topluluğun yəhudi mənşəli olduğunu göstərir. Lakin bu insanlar sadəcə mənsubiyyətlə deyil, əməlləri ilə Allahın hökmlərinə qarşı gəlmiş və nəticədə alçaldılmışlar.
Əsas diqqət çəkən məqam budur: Allah bu ayələrdə səmimi iman gətirən Kitab Əhlini yəni Tövrat və İncilə qəlbən bağlı olan, Allaha və axirətə inanan yəhudi (musəvi) və xristianları ayırd edir və onları tərifləyir. İslam inancına görə, bu cür insanlar müsəlmanlarla bərabər Allahın rəhmətinə və mükafatına nail olacaqlar.
Buna görə də, müsəlman olaraq Allahın bu açıq hökmünə tabe olmalı, səmimi yəhudi (musəvi) və xristianlara qarşı sevgi, şəfqət və qoruyucu münasibət bəsləməliyik. Bu, həm dini məsuliyyət, həm də vicdanın səsi olaraq qəbul edilməlidir.
Allahın sevdiklərini müsəlmanlar da sevər. Qurandakı bu açıq hökmlər isə Kitab Əhli ilə düşmənçiliyin əsassız olduğunu və aradan qaldırılmasını bizə bildirir.

