Səmimi insanlar şeytana itaət etməzlər

İnsanların böyük əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini tanımır, onu ətrafdan eşitdikləri

İnsanların böyük əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini tanımır, onu ətrafdan eşitdikləri və ya filmlərdə gördükləri kimi, xəyali varlıq olaraq canlandırırlar. Buna görə, bəzi insanlar şeytanın müstəqil gücə sahib olduğunu düşünürlər (Allahı tənzih edirəm). Bəzi insanlar da şeytanın varlığına şübhə ilə yanaşaraq ona əhəmiyyət vermirlər. Varlığına ehtimal versələr belə, şeytanın onların üzərində hər hansı bir təsirinin ola biləcəyini heç düşünmürlər. Bunların hər ikisi də heç bir dəlilə əsaslanmayan, əksinə, yalnız güman edilən yanlış inanclardır. Hər mövzuda olduğu kimi, bu mövzuda da ən doğru və əsaslı məlumatı Allahın haqq kitabından öyrənə bilərik.

Quranda bildirildiyinə görə, şeytan zənn edildiyi kimi müstəqil gücə sahib deyil. Allahın yaratdığı və Onun nəzarətində olan varlıqdır. Dünyada etdiyi bütün fəaliyyətlər ancaq Allahın izni ilə reallaşır. Şeytan Allahın hüzurundan qovulduqdan sonra Allahdan qiyamətə qədər möhlət istəmişdir. (Əraf surəsi, 11-18)

Şeytan Allahın hüzurundan qovulduqdan sonra insanları da özü kimi azdıracağına and içmiş və hiyləgər fəaliyyətlərinə başlamışdır. Allah şeytanın bu fəaliyyətlərini Özünə iman və qulluq edənlərlə etməyənləri ayırd etmək üçün imtahan səbəbi etmişdir. Buna görə, şeytanın hiyləgər oyunları, tələləri və planları dünyada yaşayan, yəni imtahanı davam edən bütün insanlara aiddir. Şeytan istisnasız bir-bir hər kəsi aldatmaqla məşğuldur. Buna görə, heç kim şeytanın təsirini özündən uzaq görməməlidir. Əgər insan bu təhlükəni dərk etsə, diqqətli davranar və şeytanın ən kiçik hiyləsini belə anlayar. Amma əgər özündən uzaq görsə, asanlıqla şeytanın təsiri altına düşə bilər. Buna görə də, şeytan Allahın səmimi bəndələrinə təsir edə bilməz, çünki onlar şeytanın doğru yoldan azdırmağa çalışacağını heç bir zaman unutmaz və hər zaman onun təsirinə qarşı təmkinli davranarlar.

Şeytanın yanlış təlqini hər an özünü göstərə bilər. İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, bu təsir onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər aparar. Şeytanın hədəfi də budur. Şeytan insanların Allaha qarşı üsyan etməsini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmasını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkməz. Bütün hiylələri, insanları həmişə müşahidə edərək, fürsət gözləyib, insanları da özü ilə birlikdə cəhənnəmə aparmaqdır. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:

Həqiqətən, şeytan sizin düşməninizdir. Ona görə siz də onu düşmən hesab edin. O, öz tərəfdarlarını yalnız cəhənnəmliklərdən olmağa çağırır. (Fatir surəsi, 6)

Şübhəsiz, Allah bu ayəsi ilə böyük təhlükəyə diqqət çəkmişdir. Şeytan insanlığın başlanğıcından bu yana Allaha iman etməyən saysız-hesabsız insan üzərində bu hədəfinə çatmışdır. Bu vəziyyətə ayələrdə diqqət çəkilmişdir:

Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir. (Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir. (Səba surəsi, 21-22)

Amma qeyd etmək lazımdır ki, Allah Quranda şeytanın hiyləsinin zəif olduğunu da bildirmişdir (Nisa surəsi, 76). Yuxarıdakı ayədə də göründüyü kimi, şeytanın insanları məcbur etməsi mümkün deyil, onun buna gücü də çatmaz. Şeytan insanları yalnız çağırar və Allaha səmimi olaraq iman etməyən, axirəti inkar edən insanlar bu çağırışa tabe olub özlərini zərərə apararlar. Axirətdə şeytanın bunu etirafı etməsini bir ayədə belə bildirilir:

(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (kafirlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır. (İbrahim surəsi, 22)

Şeytanın hiyləsi zəifdirsə, verdiyi mənfi təlqinlərin təsirindən xilas olmaq da çox asandır. Allah insanlara bu təsirdən uzaqlaşmanın yollarını da ayələri ilə belə bildirir:

Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 200-201)

Bu ayələrdən də göründüyü kimi, şeytanın iman etmiş insanlar üzərində təsiri mümkün deyil. Şeytanın mənfi təsirindən uzaqlaşmanın yolu da, əvvəlcə, sonsuz qüdrət sahibi olan Allaha sığınmaq və Allahın ayələri üzərində düşünməkdir. Qəflətə qapılmadan zehin açıqlığı ilə düşünən və həqiqətləri görə bilən insan şeytanın onu aldatmasına qarşı son dərəcə diqqətli olar və onun tələsinə düşməz; imanı, qətiyyəti və Allaha olan sədaqəti ilə şeytanın tələsini pozar.

Amma insanların əksəriyyəti belə bir təhlükənin olduğunu düşünməz, buna görə, şeytanın təlqinlərinə qarşı Allaha sığınmazlar. Şeytan qəflət içindəki bu insanlara hiyləgərcə yaxınlaşar və öz təlqinlərini pıçıldayar. Bəzi insanların həqiqətləri bilə-bilə özlərini aldatmalarının səbəblərindən biri də şeytanın bu təlqinlərinə və vəsvəsələrinə qulaq asmaları, ona tabe olmalarıdır.