İman edənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də onların az olmalarına baxmayaraq, Allahın izni ilə həmişə üstün gəlmələridir. Bu, Allahın bir çox ayədə bildirdiyi mühüm bir sirdir və inkarçıların aldanmasına səbəb olan bir xüsusiyyətdir. Quranda Talutun hekayəsində də göründüyü kimi, Allah iman gətirənləri itaətkarlıqlarına görə az olmalarına baxmayaraq üstün mövqeyə gətirmiş və onlara zəfər bəxş etmişdir. Allahın Talut hekayəsinin sonunda xatırlatdığı ayə belədir:
…“Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 249)
Allahın Quranda bildirdiyi bir çox ayədə sirlər gizlidir. Onlardan biri də səbirlə bağlıdır. Allah səbir edənlərin güclərinin artacağını müjdələyir. Unutmamaq lazımdır ki, dünyadakı bütün güc və imkanlar Allaha məxsusdur. Allaha qarşı çıxan bir insanın gücü belə, əslində Allahın gücüdür.
Allah o insanı və başqalarını sınamaq üçün o insanda güc yaradır və istədiyi zaman o gücü geri alır. Buna görə də Allah istədiyinə, istədiyi zaman güc və zəfər verir. Allah ayələrdə səbir edənlərin güclü olacağını, yəni o insanlara güc verəcəyini bildirir. Bununla bağlı ayələrdən biri belədir:
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər. (Ali İmran surəsi, 125)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah istəsə, insanları görünməz və sezilməz yollarla dəstəkləyərək zəfərə çatdıra bilər. Məsələn, bir insan Allahın dinini müdafiə edərkən, Allah onu görünməz yollarla dəstəkləyib ən gözəl və hikmətli şəkildə danışdıra bilər, insanların qəlbində o insanın sözlərinə qarşı bir təsir və həssaslıq yarada bilər.
Nəticədə heç bir müvəffəqiyyət, zəfər və ya təsir bir insana aid ola bilməz. İnsanın üzərinə düşən vəzifə Allahın əmrlərinə tabe olmaq və Onun hüdudlarını qorumaqdır. Bütün zəfərlərin, müvəffəqiyyətlərin və qəlblərdəki təsirin sahibi Allahdır. Allah başqa bir ayəsində möminlərə əslində çox mühüm bir gücə sahib olmağın yollarını belə bildirir:
Ey elçi, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (Ənfal surəsi, 65-66)
Allahın bu ayələrində də bildirildiyi kimi, əgər möminlər imanda zəiflik göstərməsələr, səbir və təqvada güclü olsalar, bir möminin gücü on nəfərin gücünə bərabər ola bilər. Bu güc fiziki güc kimi düşünüldüyü kimi, bir çox başqa mənalarda da düşünülə bilər. Məsələn, bir möminin insanlara din əxlaqını izah etmək, onları Allahın yoluna çağırmaq səyi on nəfərin səyinə bərabər ola bilər.
Bir möminin elmi on nəfərin elminə bərabər ola bilər. Bir möminin Allahın razılığını qazanmaq üçün edəcəyi xeyirxah bir əməl, on nəfərin birlikdə edəcəyi bir işə bərabər ola bilər. Bir mömin, on kafirin yoldan çıxardığı qədər insanı Allahın doğru yoluna çağırıb, onların islah olunmasına vəsilə ola bilər. Bir mömin, on inkarçının yaydığı inkarı aradan qaldırıb, yerinə haqqı bərqərar edə bilər.
Allahın Quranda bildirdiyi bu sirr son dərəcə mühümdür. Çünki hər bir müsəlman Allahın izni ilə, təqvada və gözəl əxlaqda üstün olmaq üçün səy göstərərsə, saylarının nə qədər az olmasından asılı olmayaraq, Allah onları hər işlərində üstün edəcəkdir.
Məsələn, qarşılarında dünyalar qədər inkarçı, universitetlər dolusu professor olsa və onlar şəhərlər, qitələr dolusu insanı inkara sürükləsələr belə, Allah çox az sayda müsəlmanı bütün bu insanlara haqqı və həqiqəti göstərəcək qədər güclü, bacarıqlı və ağıllı edər, küfr əhlinin işlərini çətinləşdirərkən, onların işlərini asanlaşdırar və sürətləndirər. Bu sirri bilən möminlər “mənim səyimdən və ya kiçik bir töhfəmdən nə olacaq ki” deməməli, yalnız Allahın razılığı üçün səmimi şəkildə etdikləri hər bir əməlin təsirinin çox böyük olacağına əmin olmalıdırlar.
Bəlkə də Allahın varlığını izah edən səmimi bir yazı, doğru islamı təbliğ edən səhifələrə dəstək olmaq, Allaha çağıran bir söz və ya gözəl əxlaqlı bir davranış bir çox insanın qurtuluşuna və Allahı sevib Ondan qorxmasına vəsilə ola bilər. Heç vaxt unutmaq lazım deyil ki, dünya həyatında qüvvədə olan qaydalar və səbəblər yalnız Allahın Quranda bildirdikləridir.
Yalnız Qurana görə düşünən hər bir insan, Allahın yaradılışındakı bu sirləri anlayaraq, Allahın izni ilə bütün insanların fövqündə bir gücə və ağıla sahib ola bilər. Allah həqiqətən iman edənlərin, zəiflik göstərmədikləri müddətcə üstün gələcəklərini bir ayəsində belə müjdələyir:
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)
Ayələrdə də göründüyü kimi, Allah üstünlük və zəfər təmin etmək, dünyada və axirətdə qazanclı olmaq üçün yalnız səmimi imanı şərt qoşmuşdur.

