Səhv istifadə olunan iki əsas anlayış: Şəriət və cihad

Quranı kifayət hesab etməyənlər

Allahın ayədə açıq şəkildə bildirdiyi kimi, hər şeyi müfəssəl izah edən Quranı xurafatçılar əsla kifayət hesab etməyiblər. Çünki onlar Quranın göstərdiyi yolu öz batil dini inanclarına uyğun görmürlər. Elə buna görə də tarix boyu bir çoxları iddia ediblər ki, Quranın hökmləri yetərli deyil və şərhə ehtiyacı var (Quranı tənzih edirik). Buradan da belə bir fikir formalaşdırıblar ki, Quranı yalnız hədislər vasitəsilə anlamaq mümkündür.

Hədislər Peyğəmbərimizin (s) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bir qismi səhihdir, yəni Peyğəmbərin dediyi həqiqi sözlərdir. Bir qismi zamanla uydurulmuş, bir qisminin isə mənası dəyişdirilmişdir. Bir hədisin, həqiqətən, Peyğəmbərimizin sözü və ya əməli olduğunu anlamağın iki yolu var: Quranla üst-üstə düşməsi və reallaşması. Qurana zidd olan söz və ya əməlin Peyğəmbərimizə (s) aid olduğunu iddia etmək isə birbaşa ona böhtan atmaq deməkdir. Çünki Peyğəmbərimiz (s) yalnız Qurana tabe olmuşdur.

Quranı ancaq hədislərlə anlamaq məntiqi İslam dünyasına böyük zərərlər vermişdir. Çünki bu məntiqlə hərəkət edən müsəlmanların çoxu din adından uydurulan hədislərə tabe olmağa başlamışdılar. Hətta müəyyən müddət sonra Quranı kənara qoyub ancaq həmin hədisləri dinlərinin qaynağına çevirmişdilər. Uydurma hədislər Quran ayələrinə uyğun gəlməyəndə isə o hədislərin ayələrin hökmlərini nəsh etdiyini (hökmdən qaldırdığını) deməyə belə cürət etmişdilər. Beləliklə, yüzlərlə uydurma hədisdən qaynaqlanan müxtəlif dinlər yaranmış, İslam dinində bir çox mövzuda bir-birindən fərqlənən çoxlu məzhəblər ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, fəqət hamısı fərqli şeyləri müdafiə etmişdilər. Hətta bir-birilərinin dindən çıxdığını belə düşünmüşdülər. İslam alimlərinin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (s) Quranda Allaha belə şikayət edir:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30)

Həqiqətən də, bu gün Quranı bir kənara qoymaq İslam aləminin böyük hissəsinin əsas problemidir.

Quran tərk edildikdən sonra sıra icmaya gəldi (icma hər hansı dövrdə yaşayan din böyüklərinin qiyasa, yəni müqayisəli dəlillərə əsaslanaraq verdikləri şəriət hökmləridir). Həmin adamlar Qurana tabe olmadıqlarına görə minlərlə hədisin içində çaşbaş qalıb bu dəfə belə qənaətə gəldilər ki, hökmləri nə Quran açıqlaya bilir, nə də hədislər. Bundan sonra isə özləri İslam adından qanunlar çıxarmağa başladılar. Məzhəblər bir-birinə zidd olduğu halda, bu dəfə məzhəblərin içindəki icmalar fərqliləşməyə başladı. Hər din böyüyünün öz izahı hökm kimi qəbul edildi və hər camaat fərqli yöndəmləri əsas aldı. Bu minvalla böyük İslam cəmiyyəti məzhəblərə, siniflərə və sonda isə kiçik qruplara bölünməyə başladı. Quranı isə öz qabında bəzək əşyası kimi divardan asdılar. Bütün bu proseslərdən sonra İslam cəmiyyətlərinin böyük hissəsi Quranı tərk etdi.

İslam əleyhdarlarının bəzilərinə nəzər salsaq, görərik ki, onların da problemləri xurafatçılarla eynidir. Onlar da İslamı Qurandan öyrənmirlər. Eyni xurafatçıların etdiyi kimi, onlar da İslamı uydurma hədislər, ənənələr və bir neçə din adamının Qurana uyğun olmayan icmaları əsasında dəyərləndirirlər. Onlara görə, İslam xurafatçıların həyatı və əməlləridir və yenə onlara görə, İslam Qurandakı din deyil, tarixçilərin xəyal gücüdür. Onlar Quranın deyil, həmin uydurma dinin əmrlərinə şəriət kimi baxırlar. Quranın ehtiva etdiyi dəyər və anlayışlardan xəbərləri yoxdur, lakin xurafatçıların saxta dinlərinin bütün qaydalarını çox yaxşı bilirlər. Bu saxta dinin qaydalarını tənqid edərkən elə zənn edirlər ki, İslamı tənqid edirlər. Xurafatçıların dininə elə sahib çıxırlar ki, bunun İslam olmadığını deyəndə heç inanmırlar. Bu da həddindən artıq böyük xətadır.

Həmin şəxslər əgər ideoloji din əleyhdarı kimi İslama qarşı deyillərsə və xurafatçı zehniyyətin qaranlığından, doğurdan da, çıxış yolu axtarırlarsa, buna inanmaq məcburiyyətindədirlər. Onların dini İslam deyil. Bir müsəlman üçün Quran təkbaşına kifayətdir. Qurana uyğun olan hədislər səhihdir. Qurana zidd olan hədisin İslamda yeri ola bilməz. Əgər bir müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyil.