Sehr və cadu yalanı

Hədisçilərin atdığı başqa iftira da budur ki, guya Peyğəmbərimizə (s) cadu edilmişdi, bir neçə

Hədisçilərin atdığı başqa iftira da budur ki, guya Peyğəmbərimizə (s) cadu edilmişdi, bir neçə gün nə etdiyini bilməyib, bəzi işləri etmiş kimi hiss edib və s. Uydurma hədislərdə bu cadu hadisəsi belə keçir:

“Hüdeybiyyə sülh sazişindən sonra Rəsulullah (s) Mədinəyə döndü. Hicrətin 7-ci ilində Heybər yəhudilərinə Mədinədən bir heyət getdi. Orada məşhur sehrbaz, cadugər Lübeyd ibn Asim ilə görüşdülər. Heyət Lübeydə belə müraciət etdi: “Bilirsən, Məhəmməd bizə nə edib? Bir neçə dəfə ona cadu etmək istədik, amma alınmadı. İndi də sənin yanına gəlmişik. Çünki sən bizdən daha böyük sehrbaz və cadügərsən. Bu üç qızılı götür və Məhəmmədi güclü ovsunla”. O dövrdə Rəsulullaha (s) bir yəhudi uşağı xidmət edirdi. Onlar bu uşaq vasitəsilə Rəsulullahın (s) darağını və saç tellərini ələ keçirdilər. Lübeyd də bu saç və daraqdan istifadə edərək Rəsulullaha (s) cadu etdi. Sonra bu cadunu xurmadan düzəldilmiş bir qılıfın içinə yerləşdirdilər. Lübeyd bu sehri bir quyunun içindəki daşın altında gizlətdi. Bir müddət sonra Rəsulullah (s) səhhətində bəzi narahatlıqlar hiss etməyə başladı. Etmədiyi bəzi işləri etmiş kimi, bəzi işləri də etdiyi halda etməmiş kimi xatırlamağa başladı”.

Hədisi oxuyan adam o dəqiqə anlayar ki, bu hədis saxtadır və uydurulmuşdur. Quran ayələri də bunu təsdiqləyir.

(Sən Quran oxuyarkən) onların hansı məqsədlə ona qulaq asdıqlarını və o zalımların öz aralarında fısıldaşaraq: “Siz yalnız ovsunlanmış bir adamın arxasınca gedirsiniz!” – dediklərini Biz çox yaxşı bilirik. Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Buna görə də onlar zəlalətə düşdülər və (haqq) yolu tapa bilməzlər. (İsra surəsi, 47-48)

Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” – dedilər. (Furqan surəsi, 8)

Ayələr olduqca açıqdır. Heç bir nağıla, hədisə, rəvayətə baxmadan buradan məsələni anlamaq çox asandır. Deməli, vəhyin qarşısını almaq üçün müşriklər “Bu adam ovsunlanıb” deyə şayiə yayıblar. Bu şayiə də ayədə bildirilib. Buna inananlar da olub. Allah da o inananlara, peyğəmbərə cadu edilməsini qəbul edənlərə İsra 48-də cavab verir. Yəni Allahın Rəsuluna cadu edilməsini qəbul edənlər azıblar.

Bəs görək bu cadu, sehr nədir? Quranda bu mövzu necə keçir?

Musa: “Siz atın!” – dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

Musa: “Xeyr, siz atın!” – dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri və çomaqları (ilan kimi) sürünür. (Taha surəsi, 66)

Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!” (Taha surəsi, 69)

Əraf surəsi 116-cı ayədə görürük ki, sehrbazların elədiyi sadəcə bir illüziyadır. Göz aldadıcı fəndlərlə sehr göstərdiyini sanırlar. Taha surəsi 66-cı ayədə da iplərin ilan olmasının bir gözbağlayıcı fənd olduğunu bildik. Taha surəsi 69-cu ayədə isə bütün bunların cadugər hiylələri olduğu bildirilir. Yəni hələ o vaxtdan illüziya, gözbağlayıcı, aldadıcı fəndlər var idi və bundan istifadə edirdilər. Deməyim odur ki, sehrdən, cadudan söhbət belə gedə bilməz. Guya mismarı əyirsən, saç telini düyünləyirsən, sonra bir neçə düyün edib kağıza də ərəbcə nələrsə yazırsan olur cadu. Bunlar batil şeylərdir və cahiliyyə inanclarıdır. Bəqərə surəsi 102-ci ayəyə baxaq:

Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” – deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Bəqərə surəsi, 102)

Ayəyə diqqətlə fikir verək. Ortada müəyyən gözbağlayıcı, Allah yolundan sapdıran hiylələr var. İnsanlar da şeytanlara uyaraq ona inandılar. Amma Hz. Süleyman inanmadı, niyə? Çünki Allahın rəsulu idi. Yəni Allahın Rəsullarını belə şeylərlə təsirləndirmək mümkün deyil. Ayənin ortasında da buna diqqət çəkilir: “Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər”. Yəni ayədə sehr deyə çevirdikləri şey bir hiylə, tələdir. İndi qayıdaq əvvələ. Bəqərə surəsi 102-ci ayədən anladıq ki, Allahın izni olmadan heç bir gözbağlayıcı, hiylə təsir edə bilməz. Əgər Peyğəmbərimizə cadu edilmişdirsə, o cadu ona təsir etmişdirsə, deməli bu Allahın izni ilə olmuşdur (haşa!). Belə bir iddia etmək həm Allahın qüdrətinə, həm də Qurana ziddir. Sonda isə məntiqi dəlilləri yazım:

  • Əgər Elçiyə cadu təsir etmişdirsə, nə elədiyini bilmirdisə, niyə o cadunu təkrar eləmədilər?
  • Cadu Elçiyə təsir edibsə, deməli ayəyə görə Allahın izni ilə olub (haşa!).
  • Bunu iddia edənlər, ancaq Allahın qüdrətinə və Qurana şübhə edənlər ola bilər.