Səhabələrin şərəfli həyatı

Peyğəmbərimizi şəxsən tanıyan, onunla birlikdə yaşamaq şərəfinə nail olmuş möminlərdən ibarət

Peyğəmbərimizi şəxsən tanıyan, onunla birlikdə yaşamaq şərəfinə nail olmuş möminlərdən ibarət Səhabə-i Kiramın həyat və əxlaqı İslam tarixi boyunca yaşamış bütün müsəlmanlar üçün böyük şövq qaynağı olmuşdur. Xanım ya da kişi olmasından asılı olmayaraq cəsarət, əzm və qərarlı olmaları, güclü imanı, gördükləri bütün təzyiq və zülmlərə baxmayaraq Allah və Elçisinə olan sədaqətləri, Rəsulullahın nəfsini öz nəfslərindən üstün tutmaları əsrlərdir İslam tarixində şərəflə xatırlanır.

Allah Səhabə-i Kiramın ixlaslı hərəkətlərini tarix boyunca yaşamış bütün Müsəlmanlar üçün nümunə vermişdir. Onların yaşadıqları dövrün çox çətin şərtləri altında apardıqları əsl mübarizə, yaşadıqları dərin iman sevinci və sədaqəti, Allaha və Peyğəmbərimizə olan sevgiləri İslamın qısa müddətdə bütün dünyaya yayılmasına və insanların kütləvi şəkildə haqq din əxlaqına yönəlməsinə səbəb olmuşdur.

Allah yolunda apardıqları bu mübarizə zamanı təzyiq, əziyyət və zülmə məruz qalan qiymətli səhabələr kimi, “Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız?…” (Bəqərə surəsi, 214) ayəsinə uyğun olaraq, tarix boyunca digər möminlərin də başından bənzər hadisələr keçmişdir. Ancaq bütün bu mənfi şərtlərə və maneələrə baxmayaraq, səbir və iradə ilə müqavimət göstərən möminlər, çox şərəfli həyat yaşamışlar və bu gün onları bütün müsəlmanlar böyük hörmətlə yad edirlər.

Fatimeyi Zəhra

Fatimeyi Zəhra və ya əz-Zəhra kimi də tanınan hz. Fatimə hz. Məhəmmədin ilk xanımı hz. Xədicədən olan qızı, dördüncü İslam xəlifəsi hz. Əlinin həyat yoldaşı və seyidlərin anasıdır. Qiymətli Peyğəmbərimizin nəsli hz. Fatimə vasitəsilə davam etmişdir. Hz. Fatimə və hz. Əlinin 2 oğlu (hz. Həsən və hz. Hüseyn) və 2 qızı (hz. Zeynəb və hz. Ummü Gülsüm) olmuşdur.

Peyğəmbərimizin ən kiçik qızı olan hz. Fatimə hicrətdən on üç il əvvəl Məkkədə doğulmuşdur. Gözəl əxlaqına görə “ağ üzlü, nur, ağ, parlaq və işıqlı” mənalarını verən “Zəhra”“dünyəvi həvəslərdən uzaq, ibadət üçün özünü Allaha həsr edən, iffətli və namuslu” mənasını verən “Betül” ləqəbləri verilmişdir.

Çox kiçik yaşlarından nümunəvi əxlaqa sahib olan hz. Fatimə son dərəcə təvazökar, söz və davranışlarında ağır xanım idi. Həmişə az və hikmətli danışardı.

Kiçik yaşına baxmayaraq İslam əxlaqına uyğun yaşamağın verdiyi iman gücü ilə Peyğəmbərimizə kömək etmiş və atasının yanından ayrılmayaraq Qureyş kafirlərinin işgəncələrinə qarşı böyük əzm göstərmişdir. Məkkədə müsəlmanlara edilən təzyiq və zülmün artdığı dövrdə Rəbbimizin Peyğəmbərimizə verdiyi hicrət izni ilə, atası ilə birlikdə Mədinəyə köç etmişdir.

Peyğəmbərimizin vəfatından altı ay sonra vəfat etmiş, gənc yaşında göstərdiyi iman, iradə və şövq ilə nümunəvi həyat sürmüşdür.

Zeynəb binti Əli binti Əbu Talib

Hz. Zeynəb Peyğəmbərimizin nəvəsi və hz. Fatimənin sevimli qızıdır. Rəsulullahın vəfatından beş il əvvəl dünyaya gələn hz. Zeynəb ağıllı, dürüst və ədəbli danışan bir xanım idi. Anası Fatimə əz-Zəhradan və Əsmə binti Umeysdən hədis rəvayət etmişdir.

Əməvi xəlifəsi Müaviyənin oğlu olan Yezidin çıxardığı Kərbəla hadisəsində bütün möminlərə nümunə olan cəsarət göstərərək qardaşı hz. Hüseynin yanında olmuşdır. Hz. Hüseyn və yanında olan təxminən 72 nəfər şəhid edildikdən sonra əsir alınan hz. Zeynəb hər cür təzyiqə baxmayaraq, Uca Allaha olan sevgisini və İslam əxlaqının gözəlliklərini təbliğ etməkdən boyun qaçırmamışdır. Qardaşı və digər möminlərin şəhadətindən sonra əsarət altına alınan hz. Zeynəb ona mənəvi təzyiq göstərən Ubeydullah ibn Ziyada: “Bizləri Məhəmməd ilə şərəfləndirən və tərtəmiz edən Allaha həmd olsun! Onların taleyinə ölüm yazılmışdı. Onlar da öldürüləcəkləri yerə gəldilər. Allah onları və səni bir araya gətirəcək və sizlər Onun hüzurunda mühakimə olunacaqsınız.” deyə cavab verir. Bu, onun mömin qardaşlarına olan sevgisinin və Allaha olan güclü təvəkkülünün açıq dəlillərindən biridir. Yezidin məhkəməsinə çıxarıldıqda hz. Zeynəb bir daha böyük cəsarət göstərərək Yezidin xəlifəliyinin etibarsız olduğunu elan etmişdir.

Hz. Zeynəb, Hicri 65 (684-685) ildə Misirdə vəfat etmiş və Kanatırüs-Siba adlı yerdə dəfn edilmişdir.

Ümmü Gülsüm binti Ukbə

Məkkəli olan Ümmü Gülsüm binti Ukbə Qureyş qəbiləsinə mənsub xanım səhabələrdəndir. Allah və Rəsuluna hicrət etmək üçün Məkkədəki evini tərk edib, Mədinəyə tək başına gələrək hicrət etmək əzm və cəsarətini göstərmiş mühacir xanımdır. Ümmü Gülsüm binti Ukbə hz. Osmanın eyni anadan olan bacısıdır. Atası Ukbə ibn Əbi Muayt isə Peyğəmbərimizə və İslam əxlaqına kin və düşmənçilik bəsləyən insan idi.

Ümmü Gülsüm binti Ukbə Məkkədə müsəlmanlığı qəbul edərək Rəsulullaha beyət edəndən sonra digər müsəlmanlar kimi işgəncəyə məruz qalmışdı. Din əxlaqını tərk etməsi üçün başda atası olmaqla, müşriklərdən zülm və təzyiq görmüş, lakin bütün təzyiqlərə baxmayaraq, Allaha və Rəsuluna olan sevgi, bağlılıq və din əxlaqından əsla əl çəkməyərək bütün möminlərə nümunə olmuşdur. Ailəsindən gördüyü təzyiqlərə görə Peyğəmbərimiz və mömin qardaş-bacıları ilə birlikdə Mədinəyə köç edə bilməyib, yeddi il boyunca Məkkədə müşriklərin arasında tək başına yaşamaq məcburiyyətində qalmışdır. Yeddi ildən sonra bütün təhlükə və maneələrə baxmayaraq, çox böyük iradə və cəsarət göstərərək Mədinəyə, Peyğəmbərimizin və mömin qardaşlarının yanına tək başına hicrət etmişdir. Mədinəyə çatanda “Məni müşriklərə geri döndərməyin” deyərək hz. Məhəmmədə sığınmışdır.

Ümmü Gülsüm binti Ukbə, Uca Allahın təqdir etdiyi taleyə hər mühit və şərtdə təslim olan imanlı xanım idi. Yeddi il boyunca ailəsinin təzyiqi ilə Məkkə müşriklərinin arasında yaşadığı çətin imtahan mühitində Allaha sığınaraq, Ona dua edərək güc tapmış və sonunda Mədinəyə hicrət edərək Peyğəmbərimizin yanında rahatlıq və hüzura qovuşmuşdur. Bütün çətinliklərə baxmayaraq, tək başına hicrət səfəri, iman şövqü, göstərdiyi səy və fədakarlıqlarla möminlərə nümunədir.

Hamnə binti Cahş

Peyğəmbərimiz hz. Məhəmmədin bibisi qızı və xanımlarından Zeynəb binti Cahşın da bacısıdır. Beləliklə, Peyğəmbərimizin yaxın qohumlarından biri idi.

Hz. Hamnə Rəsulullaha ilk beyət edən və İslamla ilk şərəflənən xanımlardandır. Bütün qəlbi ilə Uca Allaha və Rəsuluna təslim olmuş, Peyğəmbərimizin bildirdiyi əmr və qadağalara könüldən itaət etmiş xanımdır. O dövrdə müşriklərin etdikləri bütün təzyiq və zülmlərə müqavimət göstərmiş və imanından əl çəkməmişdir. Özü kimi qiymətli səhabə olan yoldaşı Musab ibn Umeyr ilə birlikdə İslam əxlaqını yaşamaq məqsədi ilə müşriklərə qarşı iman mübarizəsini davam etdirmişlər. Məkkədə zülmlər artanda Peyğəmbərimiz ilə birlikdə hərəkət edərək Mədinəyə köç edən ilk xanım səhabələrdən olmuşdur.

Musab ibn Umeyr

Məkkənin zəngin ailələrindən birinə mənsub olan Musab ibn Umeyr İslamı qəbul edən ilk müsəlman xanımlardan olan Hamnə binti Cahşın yoldaşıdır. Zənginlik və ehtişam içində yaşayan hz. Musab Peyğəmbərimizin insanları İslam əxlaqına dəvət etdiyini öyrəndikdə vaxt itirmədən hz. Məhəmmədə tabe olub müsəlman olmuşdur. Peyğəmbərimiz bu qiymətli səhabəmiz haqqında belə buyurmuşdur:

“Məkkədə Musab ibn Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində yaşayan başqa gənc görmədim.”

O dövrdə Məkkədə müsəlmanlara güclü təzyiq olunduğu üçün müsəlman olduğunu ailəsindən gizlətmək məcburiyyətində qalsa da, Peyğəmbərimizi gizlicə ziyarət etməyə davam etmişdir. Gizlicə namaz qıldığı ailəsi tərəfindən öyrəndikdə qohumları onu həbs edir. O da Həbəşistana hicrət imkanı yaranan kimi, ilk karvan ilə birlikdə din əxlaqını daha rahat şəkildə yaşaya bilmək üçün Həbəşistana hicrət etmişdir. Ailəsinin təqdim etdiyi ehtişamlı həyatdan heç düşünmədən üz çevirmişdir. Bütün təzyiqlərə baxmayaraq, İslam əxlaqına tabe olmağı seçən hz. Musabı Həbəşistandan qayıdandan sonra ailəsi yenidən həbs etmək istəsə də, qarşılarında qəlbi İslam və imanla dolu, güclü bir gənc gördüklərində göstərdikləri təzyiqi yüngülləşdirmək məcburiyyətində qalmışdı.

Bundan sonra Mədinədə İslamı qəbul etmiş bir qrup müsəlman hz. Məhəmməddən İslam əxlaqını izah etmək və İslamı digər insanlara da təbliğ etmək üçün təlimçi istəyirlər. Rəsulullah hz. Musabı Mədinəyə gedib bu vəzifəni icra etmək üçün vəzifələndirmişdir. Beləliklə, o, Mədinəyə ilk köç edən səhabə olmuşdur. Nəzakəti, təvazökarlığı və mərhəməti ilə Mədinəlilərin könüllərini İslam əxlaqı ilə isindirmişdir. Onun insanlara gülər üzlə, səmimi və xoş münasibəti, onlarla sıx əlaqəsi könülləri sevimli Peyğəmbərimizə və İslam əxlaqına bağlamışdır. Bir il sonra həcc zamanı Məkkəyə gələn hz. Musab İslamın Mədinədə sürətlə yayılmasını Peyğəmbərimizə “İslamın girmədiyi və danışılmadığı ev qalmadı” sözləri ilə müjdələmişdir.”

Musab ibn Umeyrin İslam əxlaqını təbliğ etmək üçün göstərdiyi həyəcan, eşq, əzm və həssaslığı ilə nümunə götürüləcək ən gözəl davranışlarlardan olmuşdur. O, yumşaq xasiyyətli, mərhəmətli və təvazökar Quran təlimçisi olduğu qədər, döyüş meydanlarında da yalnız Allahdan qorxan igid mömin idi. Bədir döyüşündə də, Uhud döyüşündə də bayrağı daşıdığı üçün “Rəsulullahın bayraqdarı” adını qazanmaq şərəfinə nail olmuş və Uhud döyüşündə şəhid olmuşdur.

Afra Xatun

Mədinəli Afra Xatun Nəccar oğullarına mənsubdur. İslamı Mədinədə qəbul etmiş, heç tərəddüd etmədən Peyğəmbərimizə beyət etmişdir. Həşr surəsi, 9-cu ayəsinə uyğun olaraq, hicrət edərək Mədinəyə gələn Məkkəli mühacir qardaşlarına xidmət etməyi şərəf bilmiş xanım səhabəmizdir. Uca Allahın razılığını qazanmaq üçün mühacir qardaşlarının köməyinə qaçmış və əlindən gələn xidməti əsirgəməmişdir.

Nəccar oğullarından Həris ibn Rıfaa ilə evliliyindən Muaz, Muavviz və Avf adlarında üç oğlu olan Afra Xatun bütün oğullarını, Allahın icazəsi ilə, İslam əxlaqına uyğun olaraq böyütmüşdür. Cəsarətli, igid, müsəlman xanım olan Afra Xatun üç oğlunu Bədir döyüşünə qatılması üçün təşviq etmiş, Allah yolunda mübarizə aparmışdır. Rəbbimiz və elçisi yolunda dəyanətlə mübarizə aparmış, gənc oğullarının Allah və Elçisi yolunda şəhid olmalarına səbir göstərərək nümunə olmuşdur.

Ümmü Ümarə Nəsibə binti Kab

Ümmü Ümarə Nəsibə binti Kab Peyğəmbərimiz dövründə ixlas, cəsarət və fədakarlıqları ilə önə çıxan salehə mömin qadınlardan biri olmuşdur. Qazilərə su paylamaq və yaralarını sarımaq vəzifəsi ilə iştirak etdiyi Uhud döyüşünün şiddətli məqamında Rəsulullaha hücum edən bir düşmənə qarşı fədakarcasına mübarizə aparmışdır.

Möminləri və uşaqlarını qoruduqları kimi, Allah Rəsulunu da qoruyacaqlarına dair söz vermişdilər. Akabada Allahın Rəsuluna beyət edən Nəsibə binti Kab, döyüşün bir anda müsəlmanların əleyhinə döndüyünü və düşmənlərin Allahın Rəsulunun ətrafında çoxaldığını görmüş və qılınca sarılaraq Peyğəmbərimizi qorumağa çalışmışdır. Digər səhabələrlə birlikdə Peyğəmbərimizi qorumaq üçün bədənlərini qalxan edən insanlardan biri olan Nəsibə binti Kab bir çox yerindən yaralanmışdır. Hz. Ömər Peyğəmbərimizdən rəvayət etdiyi bir hədisdə hz. Ümmü Ümarənin Allah yolundakı şövqlü mübarizəsini belə qeyd etmişdir:

“Döyüşdə hansı tərəfə baxdımsa, həmişə Ümmü Ümarə, həmişə Ümmü Ümarəni gördüm”.

Fatimə binti Xəttab

Məkkədə dünyaya gələn və Qureyşin Mahzumi qoluna mənsub olan Fatimə binti Xəttabın məşhur qəbiləsi vardı. Yoldaşı Səid ibn Zeyd Məkkədə məşhur qılınc ustası Habbab ibn Ərətin vəsiləsi ilə Rəsulullahla tanış olmuş və İslamı qəbul etmişdi. Fatimə binti Xəttab da yoldaşının təbliği ilə İslamı və son peyğəmbər olan hz. Məhəmmədi tanımış və heç tərəddüd etmədən müsəlmanlıqla şərəflənmişdir. Ancaq hz. Səid və hz.F atimə ilk dövrlər müsəlman olduqlarını gizli tutmuşdular. Məkkəli müşriklərdən təzyiq və zülm görməmək, ibadətlərini yerinə yetirərkən mane törədilməməsi üçün belə tədbir almışdılar.

Eyni zamanda, hz. Fatimə İslam xəlifəsi hz. Ömərin də bacısı idi. Hz. Fatimə imanı, İslam əxlaqını yaşamaqda göstərdiyi səbir və qərarlılığı ilə hz. Ömərin də İslamı qəbul etməsinə səbəbkar olmuş qiymətli xanım səhabəmizdir.

Yoldaşı ilə birlikdə Mədinəyə hicrət edən Fatimə binti Xəttab ömrünün sonuna qədər fəzilətli, nümunəvi davranışlar sərgiləyərək həyatını davam etdirdi. Qardaşı hz. Ömərin ədalətlə hökm sürdüyü əsri-səadət dövrünü gördü. Onun xəlifəliyi dövründə də vəfat etdi.

İkrimə ibn Əbu Cəhil

İkrimə ibn Əbu Cəhil özündən, tayfasından, qohumlarından əvvəl daim Peyğəmbərimizin təhlükəsizliyini düşünən nümunəvi müsəlmanlardan biridir. Müsəlmanlara bəslədiyi kin və düşmənçiliyi ilə tanınan Əbu Cəhilin oğlu idi. İkrimə ibn Əbu Cəhil hz. Əbubəkrin xilafəti dövründə bizanslılara qarşı aparılan Yermük döyüşünə qatılmışdır. Zəfərlə nəticələnən döyüşün sonunda ağır yaralanan Əl-Həris ibn Hişam, Süheyl ibn Əmr və İkrimə ibn Əbu Cəhlin bir-birlərinə göstərdikləri fədakar əxlaq belə rəvayət edilir:

“Yermük döyüşündə Həris ibn Hişam, İkrimə ibn Əbu Cəhil və Süheyl ibn Əmr ağır yaralanaraq yerə düşdülər. Həris ibn Hişam içmək üçün su istədi. Əsgərlərdən biri ona su apardı. İkrimənin üzünə baxdığını görəndə “Bu suyu İkriməyə apar” dedi. İkrimə suyu alarkən Süheylin ona baxdığını gördü, suyu içməyərək, “Bunu apar Süheylə ver” dedi. Lakin su Süheylə çatmamış Süheyl öldü. Bundan sonra su gətirən İkriməyə tərəf qaçdı. Lakin İkrimə də ölmüşdü. Dərhal Hərisin yanına qaçdı. Həris də artıq ölmüşdü.”

Görüldüyü kimi, səhabələr ölmək üzrəykən və bəlkə də, köməyə ən çox möhtac olduqları anda belə özlərinin deyil, müsəlman qardaşlarının nəfsini üstün tutmuşdular. Şübhəsiz, belə fədakar əxlaq Allaha və axirətə əminliklə inanmalarından, Allaha könüldən təslim olmalarından qaynaqlanırdı.

Sələmə ibn Hişam

Hz. Sələmə Uca Allaha və peyğəmbərimizə iman gətirdiyi üçün ailəsi tərəfindən uzun müddət işgəncələrə məruz qalmışdır. Lakin gözəl əxlaqı və güclü imanı ilə hər zaman səbir etmiş səhabədir. Hz. Sələmə ilə qardaşı Həris iman gətirərək Peyğəmbərimizə tabe olsalar da, digər üç qardaşları – Əbu Cəhil, As və Xalid Allahın bildirdiyi din əxlaqından üz çevirmiş və iman gətirən qardaşlarına düşmən olmuşdular. Qardaşları hz. Sələmənin din əxlaqından dönməsi üçün hər cür yola əl atdıqları üçün, hz. Sələmə sonunda can təhlükəsizliyini təmin etmək və İslam əxlaqını rahat yaşaya bilmək üçün Həbəşistana hicrət etmişdir.

Orada mömin qardaşları ilə birlikdə üç ay yaşadıqdan sonra, “bütün Məkkəlilərin iman gətirmələri” haqqında səhv xəbər alaraq Məkkəyə dönmüşdü. Məkkədəki vəziyyətin fərqli olduğunu görən hz. Sələmə və digər müsəlmanlar Məkkəyə gizlicə daxil olaraq uzun müddət gəldiklərini hiss etdirməmişdilər. Lakin bir müddət gizləndilərsə də, müşriklər onlardan xəbər tutmuşdular. Sələmə ibn Hişam, Vəlid ibn Vəlid, Hişam ibn As, Abdullah ibn Süheyl və bir neçə səhabə tutulub həbs edilmişdilər.

Uzun müddət ən yaxınları tərəfindən işgəncə və zülmə məruz qalan hz. Sələmə Mədinəyə hicrət əmri çıxınca belə əsarətdən xilas ola bilmədi. Hətta buna görə Bədir, Uhud və Xəndək döyüşlərinə də qatıla bilmədi.

Öz qardaşı Əbu Cəhil tərəfindən din əxlaqından üz çevirməsi üçün müxtəlif işgəncələrə məruz qalmış hz. Sələmə ibn Hişam dərin imanı, Allah və Rəsuluna olan sevgisi ilə bu işgəncələrə dözərək heç tərəddüd etmədən səbir göstərdi. Uzun illər sonra hz. Vəzid Allahın izni və hz. Məhəmmədin məlumatı ilə bir gecə hz. Sələmə və yanında olan mömin qardaşı hz. İyaşı Məkkədə saxlanıldıqları yerdən qurtararaq Mədinəyə gətirdi. İki seçmə səhabənin xilas olduğunu öyrənən Peyğəmbərimiz bu xəbərə çox sevinmişdi.

Peyğəmbərimizin vəfatına qədər Mədinədə yaşayan hz. Sələmə hz. Əbu Bəkir xilafətində Suriya səfərinə qatılan mücahidlər arasında iştirak etdi. Hz. Ömərin xəlifəliyi dövründə reallaşan Mercus-Sufr döyüşündə şəhid oldu.