Səbirli olmaq

Səbrin qazandırdığı böyük nemət: Ağıldır

Səbrin qazandırdığı böyük nemət: Ağıldır. İnsanların ağıllı davranmağına mane olan ən önəmli səbəblərdən biri səbirsizlik nəticəsində ortaya çıxan ani düşüncələr və ani hərəkətlərdir. Hirslənmək ağılı örtür və insanı bir anda heç düşünmədən hərəkət etməyə vadar edir. Bununla yanaşı, qorxmaq, incimək, küsmək kimi hərəkətlər də insana məntiqli və ağıllı düşünməyə imkan vermir. Odur ki, Quranda bildirilən şəkildə səbirli olmayanlar hər zaman duyğuları ilə hərəkət edib ağıllı olmaqdan tamamilə uzaqlaşırlar.

Möminlər isə Allahın əmrinə tabe olub səbir etdiklərinə görə ağıl kimi böyük neməti qazanırlar. Səbirli insan bu xüsusiyyətinin sayəsində üzləşdiyi hadisələri həyəcan və ya qorxu ilə deyil, sakit halda və soyuqqanlılıqla dəyərləndirir. Hadisələri dərindən, hərtərəfli düşünərək və ən ağıllı nəticəyə gələrək faydalı qərar alır. Bundan da əhəmiyyətlisi budur ki, mömin səbirli olmaqla Quranın bütün əmrlərini ən gözəl şəkildə tətbiq edir. Səbirli olduğuna görə ömrünün hər mərhələsində bir iş görərkən əvvəlcə Qurandakı xatırlatmaları düşünür, sonra edir. Qurana tabe olanları Allah doğru yola və ən ağıllı düşüncə və hərəkətlərə yönəldir. Dolayısilə, səbir edən insan Quranı ən gözəl şəkildə tətbiq etməklə Qurana tabe olmağın gətirdiyi üstün ağılı qazanır.

Səbrin başqa xüsusiyyətlərindən biri insanlara ilk anda görə bilmədiyi incəlikləri görmək və bu barədə ağıllı düşünə bilmək fürsəti qazandırmasıdır. Səbirsiz insanlar hər şeyin tez bir zamanda həll edilməsini istəyir və bundan başqa şeylərlə maraqlanmırlar. Bununla, bəlkə də, əhəmiyyətli olan təfərrüatları gözdən qaçırıb yanlış qərarlar alırlar. Yenə eyni şəkildə insanların vəziyyətini görməyib ehtiyaclarının fərqində olmaz, buna görə də düşüncəsiz davranırlar.

Səbir insana nəfsinin bir çox pis xüsusiyyətlərini dəf etməsində və beləliklə, gözəl davranmasında kömək edir. Məsələn, bir adamın qayınanası xəstələndiyi üçün onların evində qala bilər və onun da həmin yaşlı adama qulluq etməyi lazım gələ bilər. Bu, bir insan üçün səbir tələb edən xeyirli işdir. Lakin Quranda əmr edilən səbir anlayışını qavraya bilməyən insan buna ancaq qısa sürə dözə bilər. Sonra deyinməyə və: “Qocalar evinə aparaq, mən baxa bilmirəm”, -deməyə başlayar. Yaxud da din əxlaqından uzaq bir adamın həyat yoldaşı qəza keçirib yatağa düşə və ciddi qulluğa ehtiyacı ola bilər. Belə vəziyyətdə ətrafındakılara görə və ya başqa səbəblə bir müddət ona baxar, lakin bu, yenə də müvəqqəti xarakter daşıyar. Müəyyən müddətdən sonra çətinliyə səbir edə bilməyib həyat yoldaşını asanlıqla tərk edib gedər. Möminlər isə Allahdan çox qorxurlar və Allah üçün etdiklərinin axirətdə gözəllik olaraq qarşılarına çıxacağını bilirlər. Bu səbəbdən, gözəl davranışa səbirlə davam edir, bunun üçün ciddi cəhd göstərirlər. Bunun sayəsində də nəfslərinin bütün pis xüsusiyyətlərindən təmizlənirlər.

Allaha iman etməyən insanlar üçün kədərlənmək, sıxılmaq və ya hüzursuz olmaq adi haldır. Çünki bu insanlar Allahın canlı-cansız hər varlığın hakimi olduğunu, bütün hadisələri hikmətlə yaratdığını, dilədiyi vaxt qullarının dualarına dilədiyi şəkildə cavab verəcəyini və hər şeyi nəzarətdə saxladığını düşünmürlər. Buna görə də görünüşdə işlər tərs gedən kimi o dəqiqə sıxıntıya düşürlər.

Möminlər isə inkarçıların əksinə olaraq Allahdan heç bir şəkildə ümidlərini üzməzlər. Çünki Allah sonsuz güc sahibidir və kainatdakı hər şeyin hakimidir. O, iman edənlərin dostu, Vəlisi və yardımçısıdır. Ona sığınanları qoruyur və rahatlığa qovuşdurur. Odur ki, Rəbbimizin böyüklüyünü və sonsuz rəhmətini təqdir edən möminlər hansı çətinliklə və ya mənfi hadisələrlə qarşılaşsalar da səbir və təvəkküllə Allaha sığınırlar. Buna görə də ən çətin vaxtlarda belə sevincli və hüzurlu olurlar. Bundan başqa, səbir etdiklərinə görə cənnətdə Allahdan mükafat alacaqlarını bildiklərindən şövq və həyəcanla yaşamağa davam edirlər.

Allaha könüldən bağlı olan insanlar dünyada mal, can və sahib olduqları hər şeyi Allaha həsr edir, Onun rizasını qazanmaq üçün yaxşı gündə də, dar gündə də səbir edirlər. Üz verən sıxıntılar, inkarçıların təzyiqi və başqa çətinliklər onları Allahın dinini yaşamaqdan vaz keçirə bilmir. Çünki onlar qəti imanla Rəbbimizə yönəlir, həyatının sonuna qədər imanda səbir və qərarlılıq göstərirlər.

Allahın səbirli qulları sonsuz gözəllikdəki cənnətdə mələklərin “salam” sözü və xoş diləkləri ilə qarşılanacaq, sonsuza qədər oradan əsla ayrılmayacaqlar. Mələklər bu sonsuz nemətin möminlərə səbir etdiklərinə görə verildiyini belə xəbər verir:

“Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!” (Rad surəsi, 24)

Allah dünyada gözəl əxlaqı ömür boyu yaşayan, çətin zamanlarda daim təvəkkül edən və davamlı olaraq razı olduğu əməlləri edənlərin qarşılığını qat-qat verəcək:

Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər. (Qəsəs surəsi, 54)

Cənnətə layiq görülən qullar orada nəfslərinin istədiyi hər şeyi əldə edəcəklər və göz oxşayan köşklərdə taxt və döşəklər üzərində oturacaq, sonsuza qədər peyğəmbər və saleh möminlərlə birlikdə olacaqlar. Bu Allahın səbir edən möminlərə vəd etdiyi qəti həqiqətdir. Buna görə də Allah “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin” (Ali-İmran surəsi, 133) ayəsi ilə qullarını dünya həyatında ikən Allahın rizasını və cənnətini qazanmaq üçün yarışmağa çağırmışdır. Başqa ayələrdə isə möminləri belə müjdələmişdir:

Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) otaqla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. (Furqan surəsi, 75)

Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır! (Muminun surəsi, 111)