“Səbir etmək” haqqında düşünmüsünüz?

Cahil cəmiyyətdə “səbir etmək” dedikdə, adətən, hər hansı bir şeyə və ya hadisəyə qısa müddət

Cahil cəmiyyətdə “səbir etmək” dedikdə, adətən, hər hansı bir şeyə və ya hadisəyə qısa müddət dözmək kimi başa düşülür. Dözən insan bütün danışıq və davranışında yaşadığı vəziyyətdən narazılığını büruzə verir. Çünki dözmək narazılıq, narahatçılıq hissini də ehtiva edir. Qarşılaşdığı hər hadisənin Allah tərəfindən xeyirlə yaradıldığını dərk etməyən insanlar qəflətdə olduqları üçün hər şeyin Onun nəzarəti daxilində baş verdiyini unudurlar. Dözən insanlar bütün hadisələrin insanların güc və iradəsi daxilində, onların istək və qərarlarına uyğun formalaşdığını düşünürlər.

Dolayısı ilə, bu insanlar hər şeyin tale çərçivəsində, Allah tərəfindən məqsədli şəkildə yaradıldığını dərk etmir, hadisələri qəflət içində dəyərləndirirlər. Halbuki, hər an, hər hadisə, bütün səbəb və nəticələr Allahın müəyyən etdiyi taleyə uyğun baş verir. Allah insanları sınamaq üçün hadisə və şəxsləri vəsilə edir.

Bəzi insanların səbir adlandırdıqları davranış sadəcə dözməkdən ibarətdir. Cəmiyyətdə tez-tez rast gəldiyimiz ifadə ilə “bir az dişlərini sıxmalı” olduqları anlar vardır. Əslində, bu insanların tək istəyi narahatlıq duyduqları bu vəziyyətdən ən qısa müddətdə xilas olmaqdır. Müəyyən etdikləri müddət ərzində hadisələr istədikləri kimi cərəyan etməzsə, bu insanların cəmiyyətdə “cığırından çıxmaq” kimi adlandırılan əxlaq pozğunluğunu nümayiş etdirməsi məqbul hesab olunur. Hətta bu hərəkətlərində haqlı olduqlarını düşünürlər. Xoşagəlməz vəziyyətdən qısa vaxt ərzində xilas olmadıqda əsəbiləşmək, bağırmaq, tərslik etmək, cahil əxlaqa məxsus hərəkət etmək və ətrafdakıları narahat etmək, insanlara söz atmaq, depressiya vəziyyətində olmaq, özünə fiziki zərərlər vermək, gileylənmək, hətta psixoloji davranışlar göstərmək adi hal kimi qəbul olunur. Məsələn, uzun müddət gözlərini bir yerə zilləyib baxmaq, dırnaqlarını yemək, kağız üzərində yaşadığı depressiya vəziyyəti əks etdirən müxtəlif qaralamalar çəkmək, üzü gülməmək, cansıxıcı danışıqlar, ağlamaq, ufuldamaq.

Bütün bunlar göstərir ki, əslində, dözmək səbir etmək deyil, insanın gözəl görmədiyi, xeyirlə yanaşmadığı hadisələrə istəksiz dözməsi deməkdir. Rəhmani düşüncədən və dinin qəlbə verdiyi hüzurdan uzaq olduğu üçün də hər mərhələ insana getdikcə ağırlaşan və hadisələrdə xeyir tərəfi düşünməkdən uzaqlaşdıran bir vəziyyət içində formalaşır.

Səbir isə Rəbbimizin Quranda da bildirdiyi kimi, şüurlu şəkildə və həssaslıqla yerinə yetirilən ibadət, Allahdan razı və məmnun əhval-ruhiyyədir. Bu gözəl əxlaq nümunəsi müsəlmanın həyatının hər anında təzahür edən olduqca əhəmiyyətli ibadətdir. Səbir imanın əsas göstəricilərindən biridir. Təvəkküllə, Allaha sonsuz güvənlə sıx əlaqəlidir.

Cahil cəmiyyətə hakim olan düşüncə tərzindən fərqli olaraq, müsəlman hər anın, kainatın, yer üzündəki bütün canlıların, bitkilərin, ictimai hadisələrin, mövcud olan hər şeyin, mələklərin, bir sözlə bütün aləmlərin Rəbbimiz olan Uca Allahın nəzarəti altında olduğunu, Allahın hər şeyi müəyyən tale çərçivəsində yaratdığını bilir və bütün həyatını Allaha qarşı sonsuz güvən üzərində qurur. Bu təməl üzərində qərarlar verir və bir an belə taleyə və Allaha olan inamında zəiflik göstərmir. Hər şeyi var edən və mükəmməl tarazlıq üzərində quran Rəbbimizin, əlbəttə ki, onu da mükəmməl nizamla yaratdığını, qoruduğunu, əsirgədiyini və taleyə uyğun tərbiyələndirdiyini çox gözəl bilir.

Müəyyən məqsəd üçün yaradıldığını dərk edir və Allahın onun üçün gözəllik, sonsuz xeyir istədiyini bilir. Məhz buna görə də, Allaha və Allahın yaratdığı bütün hadisələrə hüsnü-zənni tamdır. Tamamilə Allaha təslim olmuşdur. İman gətirdiyi andan hər şeyin gözəllik və xeyir üzərində yaradıldığını dərk edir. İmanın bəxş etdiyi bir gözəllik kimi hər şeyə, hər hadisəyə xeyir gözü ilə baxır. Dünya həyatının imtahan yeri olduğunu dərk edən mömin başına gələn bütün hadisələrdə Allahın taleyinə qəlbən təslimdir və Onun köməyi ilə bu imtahanlardan imanını daha da kamilləşdirərək keçəcəyinə böyük ümid bəsləyir.

Həcc surəsinin 15-ci ayəsində Rəbbimiz Ona güvənib sığınan, Ondan kömək diləyən insana mütləq yardım edəcəyini belə bir misalla bildirmişdir: “Hər kim Allahın Öz elçisinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!”.

Bəqərə surəsinin 45-ci ayəsində isə Allah, “Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr.” buyurmuşdur.

Ayədə səmimi iman gətirənlərdən başqa digər insanlara səbrin çox ağır gəldiyi vurğulanmışdır. Bütün varlığı ilə Allaha güvənib sığınmayan insan üçün hər hansı hadisə qarşısında səbir göstərmək, yuxarıda da qeyd etdiyimiz kimi, çox çətindir. Belə bir insan qarşılaşdığı hər hadisədə narahatlıq və şübhə doğuran məqamlar axtarır. Dünya həyatının yalnız imtahan yeri olduğunu unudan bu insan, olmayan hadisələri beynində yaradaraq özünü sıxıntılı vəziyyətə salır.

Ancaq Allaha güvənib sığınan insan hər an, hər hadisə qarşısında böyük şövqlə səbir göstərir. Allahın yaratdıqlarında xeyir görərək yaşadıqlarında, başına gələnlərdə xeyir axtarır və Allaha sığınır. Allahın köməyi ilə bütün çətinliklərin ardınca asanlıq gəldiyini, dünya həyatında, dolayısı ilə, təhsil və imtahan yurdunda olduğunu bir an belə unutmur. Allahın yaratdığı, verdiyi hər şeyə şükür edir. “Rəbbim, Sən bunu sonsuz gözəl ağlınla yaratdın, bu Sənin seçimindir, mütləq bu ən xeyirlisi, ən mükəmməli, ən gözəlidir. Mən Sənin bütün yaratdıqlarına ancaq həmd edirəm. Uca Allahım, günahlarımı bağışla və məni xeyirə qovuşdur, canımı müsəlman olaraq al. Mən də Səndən gələn hər şeyə razıyam” deyir. Hər an şükür halında olan müsəlmanın tək istəyi Allahın rizasını qazanıb bağışlanmaqdır.

Müsəlman iman gətirdiyi andan bütün varlığı ilə Allaha təslim olmuşdur. Hadisələrin cərəyanına və məzmununa uyğun davranışlarında, inancında əsla dəyişiklik olmaz. Məzlum və Allahın böyüklüyü və gücü qarşısında son dərəcə aciz olduğunu dərk edən insan yalnız Allahdan kömək diləyir və Onun rizasını qazanmağa çalışır.

Məhz bu səbəbdən, dünya həyatındakı imtahan müddəti nə qədər olur olsun, qarşılaşdığı hər hadisədə razılıq və təvəkkül içində səbir göstərir. Hər zaman çətinliyin ardınca asanlığın, gözəlliyin gəldiyinə iman gətirir.

Müsəlman üçün səbir tələb edən anlar olduqca dəyərlidir. Buna görə də, belə bir vəziyyətdə “indi səbir zamanıdır” deyə düşünür və bu ibadəti böyük diqqət və həssaslıqla yerinə yetirir. Mütləq Allahın onu sınadığına və əvəzində da gözəllik verəcəyinə iman edir. Axirətdə “Rəbbim, Sənin rizanı qazanmaq üçün yaşadığım hər anı gözəl gördüm, şükür etdim, çətinlik zamanı səbir göstərdim, Sənə təvəkkül etdim, Səndən kömək dilədim” deyə biləcəyi çətinlikləri dünyada imanla keçməsi müsəlman üçün çox vacibdir. İmtahan məkanında yaşadığı hər çətinlik möminin axirətdə sevinc və şövqünə səbəb olar.

Buna görə də, müsəlman üçün səbir ibadətinin sərhədi yoxdur. Allahın onun üçün müəyyən etdiyi qısa dünya həyatında hər hadisə qarşısında səbir göstərmək iman etfiyi andan etibarən müsəlmanın ən üstün bildiyi ibadətlərdəndir və son nəfəsinə qədər bu ibadəti şövqlə yerinə yetirməyə çalışır. Allahdan gələn hər şeydə xeyir olduğuna, dünyaya milyon dəfə də gəlsə eyni şeyi yaşayacağına, Uca Rəbbimizin taledə seçib bəyəndiyinin əsla dəyişməyəcəyinə, hər birində mütləq bir gözəlliyin və hikmətin olduğuna səmimi iman gətirir. Rəbbimiz Nəhl surəsinin 30-cu ayəsində müsəlmanların bu üstün əxlaqını belə bildirmişdir:

Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” – deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, – deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)