Səba hökmdarı: Bəlqis

Hz. Süleyman Allahın lütfü və nemətləri sayəsində çox böyük hökmdarlığa sahib idi

Hz. Süleyman Allahın lütfü və nemətləri sayəsində çox böyük hökmdarlığa sahib idi. Hz. Süleyman cinlərdən və insanlardan ibarət ordusu ilə çox güclü hakimiyyət qurmuşdu. Hz. Süleymanın sarayı isə dövrün ən inkişaf etmiş texnikasından istifadə edilərək yüksək zövqlə inşa edilmişdi. Səba hökmdarı Bəlqis də, hz. Süleymanın hökmranlığı dövründə yaşayan başqa bir ölkənin hökmdarı idi. Quranda hz. Süleymanla Səba hökmdarı Bəlqis arasında iki ölkənin siyasi və iqtisadi əlaqələri ilə bağlı bəzi məlumatlar bildirilmişdir. Şübhəsiz ki, bu məlumatlarda iman gətirənlər üçün bir çox hikmət və öyüd var. Allah Quranda hz. Süleymanın ordusundan olan Hüdhüdün Səba hökmdarı haqqında əhəmiyyətli məlumatlar verdiyini bildirir:

Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm. Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var. Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir). (Nəml surəsi, 22-25)

Hüdhüd əvvəlcə hz. Süleymana Səba hökmdarının bəzi əhəmiyyətli xüsusiyyətlərini təsvir etmişdir. Bəlqisin Səbaya hökm etdiyini, özünə hər şeydən bol verildiyini və taxtının böyüklüyünü dilə gətirərək onun hökmranlığının və dövlətinin gücünə diqqət çəkmişdir. Hz. Süleyman Hüdhüddən aldığı məlumatlar əsasında Səba hökmdarını Allaha iman gətirməyə və ona təslim olmağa dəvət edən məktub göndərmişdir. Səba məlikəsi bu məktubun əhəmiyyətini dərhal anlamış və bu məsələni yaxın adamları ilə müşavirə etmişdir. Allah Quranda bu mövzunu belə bildirmişdir:

(Səbə hökmdarı Bəlqis) dedi: “Ey əyanlar! Mənə mühüm bir məktub gəldi. O məktub Süleymandandır və belə başlayır: “Rəhman və Rəhim olan Allahın adı ilə! Mənə qarşı çıxmayın və təslim olub hüzuruma gəlin!” (Sonra Bəlqis:) “Ey əyanlar! Bu iş barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” – dedi. (Nəml surəsi, 29-32)

Bundan əlavə, köməkçilərinin “Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” – dedilər.” (Nəml surəsi, 33) deyə cavab vermələri də onun xalqı üzərində güclü rəhbər olduğunu göstərir. Bəlqis məlikəsi də köməkçilərinin “(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.” (Nəml surəsi, 34) xəbərdarlıqlarını nəzərə almış və “Mən onlara bir hədiyyə göndərəcəyəm. Görüm elçilər nə ilə qayıdacaqlar”. (Nəml surəsi, 35) deyərək təmkinli davranmışdır. Göndərdiyi hədiyyə ilə əvvəlcə hz. Süleymanın məqsədini öyrənmək istəmişdir. Ancaq hz. Süleyman Səba hökmdarının niyyətini anlayaraq hədiyyəsini geri qaytarmış və ona belə xəbər göndərmişdir:

Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik və əlbəttə, zəlil və xar bir vəziyyətdə onları oradan çıxardarıq!” (Nəml surəsi, 37)

Hz. Süleyman bu xəbərdarlığı ilə Səba hökmdarına ordularının gücünü xatırlatmış və onu bir daha təslim olmağa dəvət etmişdir. Hz. Süleyman həmçinin əyanlarına Səba ölkəsinin hökmdarlığının rəmzi olan Bəlqisin taxtını sarayına gətirmələrini istəmişdir. Cinlərdən biri göz qırpımında taxtı gətirdikdən sonra hz. Süleyman taxta bəzi dəyişikliklər etmişdir. Səba hökmdarı gəldikdə taxtın ona aid olub-olmadığını soruşmuşdur:

O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” – deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!” Allahdan başqa ibadət etdikləri ona (tövhid dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, inkar edən bir qövmdən idi. (Nəml surəsi, 42-43)

Səba hökmdarı Günəşə sitayiş edən bir qövmdə yaşamasına baxmayaraq, hz. Süleymanın səmimi üslubla yazdığı məktubundan, ağıllı hərəkətlərindən, güclü hakimiyyətindən və möhtəşəm sarayından çox təsirlənmiş. Bütün bunlar Bəlqisin iman gətirib müsəlman olmasına vəsilə olmuşdur. Quranda Səba hökmdarının Allaha təslim olduğu belə ifadə olunur:

Ona: “Saraya daxil ol!” – deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” – dedi. (Nəml surəsi, 44)

Allahın Quranda Səba hökmdarı haqqında bildirdiyi bu məlumatlarda hikmət gözü ilə baxanlar üçün öyüd və hikmətlər vardır. Səba hökmdarı ağılla düşündüyü üçün doğru yolu görüb səmimi hərəkət etmişdir. O haqqı görməmişdən əvvəl fərqli inanca sahib idi, ancaq heç tərəddüd etmədən Allaha təslim olub iman gətirməsi nümunəvi hərəkətdir.