Satanizm, şiddəti və vəhşiliyi dini ayin halına gətirən azğın bir ideologiyadır. Şeytanı ilah qəbul etdiklərini deyən satanistlər, insanlıqdan kənar fəaliyyətləri və qanlı cinayətləri ibadət düşüncəsi ilə yerinə yetirirlər.
Bir çox insan satanizm deyildikdə bunu yalnız psixoloji nöqteyi-nəzərindən gənclər arasında məşhur olan, mistik bir axın olduğunu düşünür. Ya da baxdığı filmlərin təsiri ilə satanistlərin sadəcə qəribə ayinlərə sahib, ağlı yerində olmayan insanlar olduğunu düşünür. Satanistlərin əsası vəhşilik olan, vahiməli ayinlərə sahib olduqları doğrudur. Ancaq bir çox insanın diqqət etmədiyi bir şey, satanizmin keçmişi 1800-cü illərə qədər uzanan materialist, şiddət tərəfdarı və ateist ideologiya olduğudur. Üstəlik bu ideologiyanın dünya səviyyəsində çoxlu sayda tərəfdarı var.
Satanizmin təməl xüsusiyyəti bütün dini dəyərləri rədd etməsi və şeytanı ilah qəbul etdiyini söyləyərək, cəhənnəmi bir cür qurtuluş olaraq görməsidir. Satanizmə görə insan heç bir şeyə görə məsuliyyət daşımır, tək məsuliyyəti nəfsinin ona əmr etdiklərini yerinə yetirməsidir. Bu vəziyyətdə əgər nəfsi insana hirslənməyi, kin tutmağı, intiqam almağı, yalan danışmağı, oğurluq etməyi, zərər vurmağı, öldürməyi əmr edirsə bunun edilməsində bir qorxu yoxdur. Satanizmin bunu müdafiə edərkən qarşıya qoyduğu təməl məntiq isə, pisliyin qarşısının alınmasını səmimiyyətsizlik olduğunu iddia etməsidir. Yəni bu azğın inanışa görə, nəfsi insana qarşısındakı adamı öldürməsini deyirsə və əgər insan bunu yerinə yetirmirsə dürüst davranmamış olur.
Satanistlərin kitablarında, jurnallarında, nəşr etdikləri yazılarda və internet saytlarında özlərini tanıdarkən ən çox diqqət çəkən məsələlərdən biri, “insanları bir növ inkişaf etmiş heyvan olaraq” gördükləri, “həyatın əsl mənasının mübarizə olduğunu” söylədikləri, “ancaq güclü olanın həyatda qala biləcəyini” müdafiə etdikləri cümlələrdir. Bu vəziyyət satanistlərin fikirlərinin ideoloji təməlinin Darvinizm olduğuna dair əhəmiyyətli sübutdur. Necə ki bir çox satanist də bunu açıqca dilə gətirməkdən çəkinmir. “A Description of Satanism” (Satanizmin Təsviri) adlı bir yazıda, satanist yazıçı ideologiyasını belə açıqlayır:
“…Əvvəla bütün insanlar ictimailəşmiş heyvanlardır… Bütün insanlar və heyvanlar ortaq bir bioloji keçmişə malikdir. Satanizm insanların inkişaf etmiş heyvandan başqa bir şey olmadığını müdafiə edir. Bizim başqalarına qarşı üstünlüyümüz yoxdur, biz yalnız təkamülləşmə və həyatda qalma şansına sahib olan insanlarıq.”
Satanizmin Qərb cəmiyyətini üstün görən Sosial Darvinist düşüncəsi, faşizmlə bərabər bir çox irqçi və şovinist axınla uyğunluq göstərməsinə və hətta çox vaxt bu axınlarla əməkdaşlıq etməsinə səbəb olmuşdur. Hitlerin Nasional Sosialistləri, Mussolininin Qara Köynəkliləri arasında satanizmə inanan bir çox adama rast gəlmək mümkündür. Bu əməkdaşlıq Anton Lavey tərəfindən belə dilə gətirilir:
“Bu müqəddəs olmayan bir ittifaqdır. Bu fikri müdafiə edən çox fərqli insanlar keçmişdə bizimlə müqavilə bağladılar. Hekayələri, işıqları və xoreoqrafiyaları ilə milyonlarla insanı istiqamətləndirən Alman Nasional Sosialist partiyasının Anti-Xristian gücü satanistlərə səmimi olaraq bağlı idi.”
Bu axınlarla satanizm arasındakı ən əhəmiyyətli ortaq məxrəc isə Darvinizmdir. Bütün bu azğın ideologiyaların əsasını təşkil edən Sosial Darvinizmi, satanistlər bu sözlərlə müdafiə edirlər:
“Güclü olanın həyatda qalması prinsipi, fərdin həyatda qalıb ya da qala bilməməyindən, tək başına millətlərin ələnməsinə qədər cəmiyyətin hər səviyyəsinə tətbiq oluna bilər… Zəiflər sosial Darvinizmin nəticələrini görməyə başladıqca dünya əhalisinin sayında sistemli şəkildə azalma olacaq. Çünki təbiət hər zaman uşaqlarını bir tərəfdən gücləndirir bir tərəfdən təmizləyir. Biz həqiqətlərdən bəhs edirik və bunu varlığın təbiətinə zidd olan bir utopiyaya çevirməyə çalışmırıq.”
Satanistlərin Sosial Darvinizmə olan yaxınlıqlarının bir başqa ifadəsi, faşizmin məhsulu olan Yevgenika nəzəriyyəsini böyük bir hərarətlə müdafiə etmələridir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsini və sağlam fərdlərin cütləşdirilərək çoxaldılmasını nəzərdə tutan Yevgenika nəzəriyyəsi, xüsusilə Nasist Almaniyasında tətbiq sahəsi tapmışdır. Yevgenika nəzəriyyəsinə görə, sağlam heyvanları bir-birləri ilə cütləşdirərək yaxşı heyvan cinsləri əldə edilirsə, insan irqi də islah edilə bilər. İnsan irqinin islah edilməsinə mane olan ünsürlər isə (şikəstlər, xəstələr, ruhi xəstələri və s.) cəmiyyətdən təmizlənməlidir. Nasist Almaniyasında bu məntiqə dayanaraq on minlərcə irsi xəstələr və ruhi xəstələr mərhəmətsizcəsinə öldürülüblər.
Satanizm də bu cür qorxunc cinayətləri müdafiə edir. Satanistlərin Yevgenikaya olan baxışları öz mənbələrində bu şəkildədir:
“Satanistlər həmçinin Yevgenika nəzəriyyəsinin həyata keçirilərək təbiət qanunlarının inkişaf etdirilməsi üçün yollar axtarırlar… Bu, artma qabiliyyəti olan insanlara dəstək verərək, gen hovuzunu insanlığın daha sürətli inkişaf etməsini təmin edə biləcək şəkildə inkişaf etdirilməsidir. Bu dünya səviyyəsində ümumiyyətlə tətbiq olunan bir üsuldur… Genetik kodlar açılana qədər və soyumuzu davam etdirəcək olanları seçmə imkanımız olana qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini müdafiə edirlər.”
Satanizmin necə bir təhlükə olduğunu tədqiq edərkən, satanistlər tərəfindən edilən bir təsbitin unudulmaması lazımdır. Satanistlərə saylarının nə qədər olduğunu soruşduqda, saylarının çox olduğunu, çünki özləri fərqində olmasalar da satanizmi yaşayan çoxlu sayda insan olduğunu iddia edirlər. Əslində bu bir baxıma doğrudur. Çünki satanistlərin müdafiə etdiyi fikirlər indiki vaxtda şüurlu və ya şüursuz olaraq bir çox insan tərəfindən dəstəklənir. Çünki insanın vicdanının səsini dinləməyib, gözəl əxlaqlı bir həyat yaşamamağı, nəfsinə və şeytanın əmrlərinə boyun əyməsi deməkdir. Satanistlərin bu günə qədər səbəb olduqları bəlalar düşünüldükdə, belə insanlardan ibarət olan bir cəmiyyətin səbəb olacağı nəticə aydındır.
Satanizmin təməli olan, insanın bir növ heyvan olduğu iddiası isə tamamilə boş sözdən ibarətdir. İnsan təsadüflər nəticəsində ortaya çıxmış bir varlıq deyil. Bütün kainatdakı nizamın və əzəmətin olduğu kimi insanın da Yaradıcısı, üstün, güclü, hakim və hər cür nöqsandan münəzzəh olan Allahdır. Allah insanları, düşünə bilən, yaxşını pisdən ayırma qabiliyyətinə sahib, Allaha qarşı məsuliyyəti olan varlıqlar olaraq yaradıb. Hər insanın nəfsi pisliyi əmr etdiyi kimi, vicdanı da pis əməldən çəkinməyi və qorunmağı əmr edir. İnsanın məsuliyyəti isə nəfsinin deyil vicdanının səsini dinləmək və Allahın razı olacağı əxlaq göstərməkdir. İnsanın göstərəcəyi gözəl əxlaq həm özünün və yaşadığı cəmiyyətin dinc və rahat həyat yaşamasını, həm də axirətdə, Allahın icazəsi ilə, ən gözəl qarşılığı almasını təmin edəcək.
Yaddan çıxarmaq olmaz ki, şeytanın insanlara bəzəyib cazibədar göstərdiyi həyatın böyük bir aldatmadan ibarət olduğudur. Şeytan insanlara, dünya həyatında müxtəlif vədlər verə bilər, onları doğru yoldan çəkindirməyə çalışa bilər, ancaq unudulmamalıdır ki şeytanın insanları dəvət etdiyi yol, ona tabe olan insanların fəlakəti olacaq. Çünki şeytan və onun tərəfdarları elə ilk başdan uduzmuşdur.
Onlar Allahı qoyub yalnız dişilərə (dişi bütlərə) dua edir və inadkar şeytandan diləyirlər. Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, qullarından müəyyən bir qismini ələ keçirəcəyəm. Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Nisa surəsi, 117-119)

