Saleh əməl

Saleh” sözü gözəl, doğru, xeyirli mənalarını verir

“Saleh” sözü gözəl, doğru, xeyirli mənalarını verir. “Əməl” sözünün isə Azərbaycan dilindəki ən yaxın qarşılığı “iş”dir. Beləliklə, saleh əməl yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın razılığına və buyurduğu əxlaqa uyğun hər cür davranışı və hərəkəti ifadə edir.

İnsanı doğru yola aparacaq və ona axirətdə böyük nemətlər qazandıracaq olan şey iman gətirməsi ilə yanaşı, o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl insanın yalnız Allahın razılığını qazanmaq üçün çalışmasının, səmimi iman gətirməsinin bir göstəricisidir. Allah Quranda belə buyurur.

İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir. (Ənkəbut surəsi, 2-3)

Saleh əməl insanın Allahın razılığını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, Quranın yaxşı dərk edilməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür sosial və şəxsi problemlərinin həlli kimi məsələlərin hamısı namaz, oruc, zəkat, infaq, cəhd kimi ibadətlərlə bərabər həyata keçirilməli saleh əməllərdir. Göstərilən hər saleh davranış müsəlmanların səbrini, qətiyyətini, sədaqətini, qısaca desək, imanın bəsirətini üzə çıxarır.

Lakin bir cəhətə diqqət etmək lazımdır: Bir əməli saleh edən şey onun nəticəsi deyil, onun ardındakı “niyyət”dir. Buna görə də bir əməlin saleh olması ancaq və ancaq Allahın razılığını qazanmaq üçün edilməsinə bağlıdır. İnsan əgər bu məqsəddən uzaqlaşarsa, başqa insanların razılığını qazanmaq üçün çalışarsa, bunun Qurandakı təsviri “şirk”dir və şirk böyük günahdır.

Ona görə də Allahın rizası üçün yaşayan mömin üçün əsas olan şey görülən saleh bir işin nəticələnib-nəticələnməməsi deyil. Məsələn, bir insan Allah rizası üçün bir məsələdən ötrü uzun müddət çalışa bilər, amma nəticə gözlədiyi kimi olmaz. Burada əsas odur ki, iş Allah rizası üçün görülsün. Ayədəki “…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 216) hökmünə əsasən istənilən nəticənin xeyirli olub-olmadığını bilən ancaq Allahdır.

İnsanın Allah üçün saleh əməllər etməsi onun Allaha olan yaxınlığını və axirətdəki dərəcəsini artırır. İnsanın imanı bu əməllə birlikdə möhkəmlənir. Allah bir ayəsində belə buyurur:

Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir… (Fatir surəsi, 10)