Saleh əməl xalis olaraq Allahın razılığını qazanmaq məqsədi ilə görülən işlərə deyilir. İnsan zahirdə çox böyük xeyirxahlıq və ya fədakarlıq kimi görünən bəzi işlər görə bilər. Məsələn, ehtiyac içində olan insanlara böyük məbləğdə yardım edə bilər. Lakin etdiyi yardımın miqdarı həmin işin saleh əməl olmasının göstəricisi deyildir. Çünki insanlar belə yardımları cəmiyyət içində yaxşı tanınmaq, başqalarına özlərini göstərmək və ya iş həyatında etibar qazanmaq məqsədi ilə də edə bilərlər. Bir işin “saleh əməl” olması üçün o yalnız Allahın razılığını qazanmaq niyyəti ilə edilməlidir.
İnsan saleh əməl edərkən həmin işi bacardığı qədər ən yaxşı və ən gözəl şəkildə etməyə çalışar. Çünki məqsədi insanlara özünü göstərmək deyil, həmin işdə Allahın ən çox razı qalacağı nəticəni əldə etməkdir. Məhz bu səmimi səylərinə görə saleh əməllər edən möminlər Quranın bir çox ayəsində cənnət və gözəl həyatla müjdələnmişlər:
Həqiqətən, iman edib yaxşı işlər görən və Rəbbinə qəlbən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

