Salavat nədir?

İnsanların çoxu salat kəliməsinin nə mənaya gəldiyini bilmirlər

İnsanların çoxu salat kəliməsinin nə mənaya gəldiyini bilmirlər. Bilənlərin də əksəriyyəti səhv məna verirlər və deyirlər ki, buradaki salat, salam mənasındadır. Yəni, ayəni belə tərcümə edirlər:

Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! (Əhzab surəsi, 56)

Salavat, salatın cəmidir. Salat, kəliməsinin kök mənası, bir şeyi buraxmamaq və həmişə arxasında olmaqdır. İsim şəklində gəldiyi zaman çox vaxtı “namaz” mənasına gəlir. Əgər feil şəklində və “alə” əvəzliyi ilə gəlirsə, “dəstək olmaq, köməklik göstərmək” kimi mənalara gəlir. Burada da feil şəklində gəldiyi üçün ayənin doğru tərcüməsi belə olmalıdır:

Allah və mələkləri elçiyə dəstək olurlar. Ey iman gətirənlər! Siz də ona dəstək olun və könüldən bağlanın. (Əhzab surəsi, 56)

Allah, o dövrdəki səhabəsinə və indi də bizə elçiyə köməklik göstərməyimizi yəni, onun getdiyi yoldan, onun arxasından getməyi əmr edir. Lakin, bu ayəni səhv yorumlayanlar; Allahın elçiyə dəstək olmaları əmrini gözardı edərək, ayəni oturduqları yerdə ona salam göndərməyə çevirmişlər. Çox vaxtı xorla belə deyirlər: “Allahumə salli alə Mühəmmədin və alə ali Muhəmməd = Allahım! Məhəmməd əleyhissəlama və onun ailəsinə salat et!” Bunu deməklə sanki, Allahın dediyi əmri ələ salırlar və: “Allahım bizim işimiz var, Sən ona salat et!” demiş olurlar. Çünki, yuxarıdakı ayədə Allah və mələkləri onsuz da Məhəmmədə salat edirlər, siz də edin” deyə buyurulur. Biz də təzədən; “Allahım! Məhəmməd əleyhissəlama salat et!” deyirik. Nəticədə nə dediyimizi və nə istədiyimizi bilmədiyimiz zaman bu cür gülünc vəziyyətə düşürük.

İndi fikirləşin; Allah, o dövrdə onun yanındakı səhabəsinə, elçiyə salam göndərməyimi əmr etmişdi? Görüldüyü kimi kəlimənin lüğəti mənası və cümlənin də məntiqi yönü təhrif edilmişdir. Elə bu kimi təhriflər ucbatından müsəlmanlar əsrlərdir ki, oturduqları yerdən qalxa bilmirlər.