Sakitləşdirici üslub

Kainat ağlasığmaz dərəcədə böyükdür

Kainat ağlasığmaz dərəcədə böyükdür. O qədər böyükdür ki, insan bunu ifadə etmək üçün beynindəki “böyük” məfhumunu açıqlamağa belə acizdir. Ancaq kainat bu qədər ucsuz-bucaqsız olduğu halda, bir hikmətlədir ki, bizim ancaq bir Yer kürəmiz var. Hamımız bu Yer kürəsində yaşamalı və müəyyən şeyləri paylaşmalıyıq…

Təqribən 8 milyard insan hal-hazırda Yer kürəsini paylaşmağa çalışır və bu paylaşma bir çox problemə səbəb olur. Bəs nə üçün? Paylaşmaq bu qədər çətindirmi? Nəyi paylaşa bilmirlər? Yer kürəsi çox kiçikdir, yoxsa bəziləri çox şey istəyirlər?

Hər kəsə bu sualları versəniz, təfərrüata girdikdə o qədər mövzu ortaya çıxar ki, danışmaqla, yazmaqla bitirə bilmərik, ancaq bu minlərlə problemin, əslində, bir həlli var: Sakitləşdirici üslubdan istifadə etmək…

Dünyada bütün fərqlərə baxmayaraq, ortaq həyat tərzi qura bilərik. Ziddiyyətlərdən dostluqlar formalaşdıra, təcrid etmədən, ayrı-seçkilik etmədən birlikdə yaşamağın yolunu tapa, nifrət etmədən, kin bəsləmədən, münaqişə etmədən, bir-birimizi əzib məğlub etməyə çalışmadan birlikdə yaşaya bilərik. Bu tamamilə mümkündür və ilk anda bəzilərinə çətin görünsə də, əslində, heç də göründüyü kimi çətin deyil. Çünki hər kəs bunun yolunu çox yaxşı bilir. Sadəcə bəziləri bu əxlaqın hər mühitə tətbiq oluna biləcəyini heç düşünməyib.

Normal şərtlər altında müxtəlif fikirlərə malik olsalar da, insanlar daima birlikdə yaşayırlar. Bu insanlar bir-biri ilə münaqişə etmədən, bir-birinə zərər vermədən çox gözəl yola gedirlər. Eyni hava ilə nəfəs alır, eyni küçələrdə gəzir, eyni dildə danışırlar. Eyni restoranlarda yemək yeyir, eyni istirahət zonalarında qalır, eyni ticarət mərkəzlərində gəzirlər. Ətrafda fərqli fikrə malik yüzlərlə insan onları narahat etmir. Küçələrdə hər cür görünüşə malik, hər inanca mənsub, hər fikirdən olan insan var və heç kimin gözü bir tip insan modeli axtarmır. Hətta bu müxtəliflik insana xoş gəlir.

Nifrət və kin asanlıqla formalaşan hisslər deyil. Münaqişə etmək, dalaşmaq üçün səy göstərilməsə, təşviq edilməsə, nifrət və kin formalaşmaz. Çünki normal həyatda insanlar başqaları ilə çox maraqlanmaz, fərqlərini düşünməz, öz işləri ilə məşğul olarlar. Yəhudi, xristian, müsəlman, buddist, ateist, kommunist və ya satanist olduğunu araşdırmaz, hətta bunlar ağlına belə gəlməz.

Bəs bir çox insan gündəlik həyatımızda fərqlilikləri problem etmədən yaşaya bilərkən, nə üçün məsələ internet və televiziya qarşısında ikən bir anda tamamilə başqa şəxsiyyətə çevrilirlər?

Əlbəttə, dostyana yaşamaq çox asandır. Eyni düşüncə tərzi davam etdirilə bilər. Sakit, sülh mühitində yaşamaq, ziddiyyətlərə deyil, birləşdirici ünsürlərə diqqət edib münaqişənin yolunu tamamilə kəsmək daha asan və gözəldir.

Hər fikir və inanca hörmətlə yanaşmaq Quranın əmridir. Əvvəla, heç kəs inanmadığı fikirləri qəbul etməyə, bəyənmədiyi insanları dəstəkləməyə məcbur deyil. Ancaq bir kəsin bir ideologiyanı dəstəkləməsi və ya tamamilə yanlış qəbul etməsi həmin insanla münaqişə etməyə səbəb deyil. Münaqişəyə, qəzəbə, nifrətə təşviq etməz. Əksinə, hörmət və nəzakət çərçivəsində mədəni hərəkət edə bilər.

Bir məsələ haqqında fərqli düşünsə belə, hər kəs bunu ifadə edə bilər, tənqid edə bilər, öz fikrinin doğruluğunu istədiyi kimi izah edə bilər. Fikrini müdafiə etmək üçün məqalələr, kitablar yaza bilər, filmlər hazırlaya bilər, elmi dəlillərini ortaya qoya bilər. Ancaq bütün bunları mədəni səviyyədə, hörmət göstərərək, gözəl üslubla edər. Fikrini müdafiə edərkən qarşı tərəfi qəzəbləndirməyə çalışmaz.

Əgər hər iki tərəf eyni şeyi etsə, nə qədər fərqli düşüncəyə malik olsalar da, problem çıxmaz və gözəl dünya olar. Küçədə, televiziyada, internetdə nifrət sözlərinin olmadığı rahat mühit olar.

Allah Quranda bizə bu cür gözəl əxlaqın barışdırıcı metod olduğunu və mütləq gözəl nəticə verəcəyini bildirmişdir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Allah istəsəydi, hər kəsi ortaq fikirdə yaradar və dünyada müxtəliflik olmazdı. Ancaq müxtəlif hikmətlərlə Allah bir dünyada yüzlərlə fikir, minlərlə fərqli insan modeli yaratmışdır.

Allah bütün bu müxtəlifliklər, fərqlər içərisində gözəl əxlaqla yaşamağımızı, bu fərqlərə baxmayaraq, yola getməyin və bu dünyada birlikdə yaşamağın yolunu tapmağımızı istəyir. Deməli, bu, mümkündür. Rəbbimiz ayəsində bu gözəl əxlaqi xüsusiyyəti belə bildirmişdir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

İnsanın üzərinə düşən məsuliyyət təkcə bir fərd kimi gözəl əxlaqla yaşamaq deyil. Hər insan dünyadakı fərq və müxtəlifliklər içərisində sülhü, əmin-amanlığı, yəni gözəl əxlaqı təbliğ etməklə məsuldur.