Aləmləri yoxdan var edən uca Allaha qulluq etməklə məsul olan insan, eyni zamanda, özünə əmanət edilən bədəninə də ən gözəl şəkildə baxmaqla məsuldur.
Unudulmamalıdır ki, gümrahlıq və sağlamlıq Uca Allahın bizə verdiyi ən böyük nemətlərdəndir. Bir insan ona əmanət edilən bədənini xəstəliklərdən qoruyarkən, qidalanmasına da diqqət yetirməlidir. Tibb sahəsinin də həmfikir olduğu qidalanma təkliflərindən bəziləri bunlardır:
- Heyvan yağlarından uzaq olun. (Kərə yağı, marqarin kimi)
- Bol miqdarda tərəvəz və meyvə yeyin. (Gün boyu, hətta yeməkdən əvvəl belə yeyə bilərsiniz)
- Duzdan az istifadə edin.
- Tez-tez, ancaq az miqdarda yemək yeyin.
- Gecə yemək yeməyin. Mümkünsə, 21:00-dən sonra yemək yemə vərdişinizdən imtina etməyə çalışın.
Yeməklərdə və salatlarda zeytun yağından istifadə etmək ən sağlam seçimdir. Ancaq zeytun yağından çox istifadə etməyin. Yeməklərdə və salatlarda istifadə edəcəyiniz zeytun yağı gündə 2 xörək qaşığından çox olmamalıdır. Əks halda bu faydalı doymamış yağlarla qidalanarkən həddindən artıq kökələ bilərsiniz.
Şəkər və ağ çörək yeməyin. Ağ şəkərin yerinə qara şəkər, ağ çörəyin yerinə kəpəkli çörəyi seçin. Qənd və şəkər tozundakı karbohidratlar qana sürətlə qarışır və həddindən artıq insulin ifraz olunmasına səbəb olaraq mədəaltı vəzi ağırlaşdırır. Bu da diabet (şəkər) xəstəliyinin başlamasına gətirib çıxarır. Kəpəkli məhsullarda isə B vitamini mövcuddur, insanı uzun müddət tox saxlayır, lif xüsusiyyəti isə bağırsaqların işini rahatlaşdırır.
Xolesterolunuzu omeqa yağları ilə tarazlaşdırın. Omeqa yağ turşuları qaraciyərin yaratdığı xolesterolu nizamlayır. Omeqa-3 ən çox balıqda, omeqa-6 isə qoz və fındıqda olur. Kanola yağı da tərkibindəki omeqa-3 yağı ilə son vaxtlar seçilir.
Xüsusilə soyuq dəniz yağlı balıqları omeqa-3 yağları baxımından ən zəngin qaynaqdır. Ancaq tərkibindəki xolesterol səbəbindən bu balığı da çox yemək lazım deyil. Balığı həftədə 2 dəfə bir ovucdan çox olmamaq şərti ilə yeyə bilərsiniz.
İnsanın gün ərzində yediyi qidalardan başqa şirin şey yeməyə ehtiyacı yoxdur. Hal-hazırda yediyiniz hər çörək və ya plov qaraciyər tərəfindən şəkərə çevrilir. Qanda şəkərin səviyyəsini uzun müddət sabit saxlamaq üçün bağırsaqlardan rahat sorulan və rahatlıqla qana qarışan kəpəkli çörək və ya qara düyü yemək lazımdır. Bu qidalar qanda şəkərinizi sabit saxlamaqla bərabər sizi uzun müddət də tox saxlayacaq. Bundan əlavə şirin şey yemək istəsəniz xurma, quru əncir və quru ərik yeyə bilərsiniz.

