Nədənsə xurafatçılar saxta hədislərin də təsiri ilə daima qadını ev dustağı etmək və ya qadının bədənini örtmək barəsində Qurana dair izahlar etmişlər. İddia etdikləri ən böyük səbəb isə təhrik etmə ünsürüdür. Halbuki, qadın bədəni kişilər üçün nə qədər cəlbedici isə, kişi bədəni də bir qadın üçün eyni dərəcədə cəlbedicidir. Qurana görə bu iki cins arasında hər hansı bir fərq olmadığına görə, kişilərin təhrik olmaq qorxusu ucbatından qadınları örtməyə və ya yox etməyə çalışmaları da məntiqsiz davranışdır. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə məhz kişilərin özlərini ev dustağı etmələri və ya çölə, ətrafı görməyəcəkləri şəkildə üzlərini bir örtüklə bağlayaraq çıxmaları daha məntiqlidir. Özlərinin təhrik olma ehtimallarından ötrü, qadını örtmək əvəzinə, belə bir təhlükəni tamamilə aradan qaldırmaq yolunu seçməlidirlər.
Məsələn, bəziləri tərəfindən qadın səsinin təhrik etdiyi düşünülürsə və bundan ötrü də danışmasına maneə törədilirsə, o zaman bu vəziyyət kişilər üçün də hakimdir. Əgər qadının danışdıqları, söylədiyi mahnılar dinlənilməyəcəksə, eynilə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq, kişilərə də bu məhdudiyyət də gətirilməlidir.
Lakin, əlbəttə ki, İslamda etibarlı olan Quranın məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Xurafatçıların gətirməyə çalışdığı bu məhdudiyyətlər, şübhəsiz ki, azadlığı ortadan qaldırmaq məqsədi ilə uydurulmuş, cəmiyyəti çıxılmaz vəziyyətə salacaq və yaşadıqları cəmiyyətə fəlakət gətirəcək qaydalardır.
Qadın və kişi, hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina etmək haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində; “namuslarını qoruyan kişilər və (namuslarını) qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə qeyd olunduğu kimi, bir qadın əxlaqlı olmaq, iffətini və ismətini qorumaq məcburiyyətində olduğu kimi, kişi də əxlaqlı olmaq, iffətini və ismətini qorumaq məcburiyyətindədir.
Ancaq bunun yolu insanları örtmək, onları çölə çıxartmamaq, digər insanlarla görüşmələrinə və danışmalarına icazə verməmək deyil. Bunun yolu, Quran əxlaqını, əxlaq forması kimi mənimsəməkdir. İnsan, instinktləri ilə hərəkət edən, impulsları onu haraya apararsa o yerə süründürülən vəhşi bir varlıq deyil. İnsan; ağlı, şüuru və ən əhəmiyyətlisi də Allahın öyrətdiyi əxlaqla, Allah qorxusu və sevgisi ilə doğrunu yanlışdan ayıran və insan xüsusiyyətini daşıyan bir varlıqdır.
Dolayısilə bir insanın iffətli davranıb davranmayacağını təyin edən ünsür, qarşı tərəfin nə qədər açıq geyinib, saç telinin nə qədərinin göründüyü deyil; onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə; “…gizlində kimin Ondan qorxduğunu üzə çıxartması üçün…” (Maidə surəsi, 94) deyə buyuraraq insanları heç kimin görmədiyi mühitlərdə də sınayacağını bildirmişdir. Dolayısilə güc tətbiq edərək, ev dustağı edərək, maneə törədərək, zorakılıq işlədərək insanların dini yaşamaları və ya halal və haramlara diqqət yetirmələri təmin edilə bilməz. Gözəl əxlaqa könüllü surətdə sahib olunmalı, iman və ibadət də yalnız könüllü şəkildə edilməlidir.

