Allah Quranda səbir edənlərin güclərinin artacağını müjdələyir. Unutmamaq lazımdır ki, dünyadakı gücün və imkanların hamısı Allaha aiddir. Allaha qarşı olan bir insanın gücü belə əslində Allahın gücüdür. Allah o insanı və digərlərini sınamaq üçün, o insanda güc yaradır, dilədiyində də o gücü alır. Buna görə də, Allah istədiyi insana dilədiyi zaman güc və zəfər verir. Allah ayədə səbir edənlərin güclü olacağını, yəni o insanlara güc qazandıracağını bildirir. Bununla bağlı ayələrdən biri belədir:
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər. (Ali İmran surəsi, 125)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah insanları diləsə görünməz və sezilməz yollarla dəstəkləyərək zəfərə çatdıra bilər. Məsələn bir insan Allahın dinini müdafiə edərkən, Allah onu görünməz yollarla dəstəkləyib, ən gözəl və ən hikmətli şəkildə danışdıra bilər, insanların qəlbində o insanın danışmasına qarşı təsir və həssaslıq yarada bilər. Nəticədə heç bir müvəffəqiyyət, zəfər və ya təsir, bir insana aid ola bilməz. İnsana düşən, Allahın əmrlərinə uymaq, Onun sərhədlərini qorumaqdır. Bütün zəfərlərin, müvəffəqiyyətin və qəlbdəki təsirin sahibi Allahdır. Allah başqa bir ayəsində isə, möminlərə, əslində çox əhəmiyyətli bir gücə sahib olmağın yollarını bildirir:
Ey elçi, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (Ənfal surəsi, 65-66)
Allahın bu ayələrində də bildirildiyi kimi, əgər möminlər özlərində zəiflik daşımasalar, səbir və təqvada güclü olsalar bir möminin gücü, 10 adama əvəz ola bilər. Bu güc fiziki güc olaraq düşünülə biləcəyi kimi, başqa bir çox mənada da düşünülə bilər.
Məsələn bir möminin insanlara din əxlaqını izah etmə, onları Allahın yoluna çağırma mövzusundakı səyi, on adamın izah etməsinə əvəz ola bilər. Bir möminin elmi, on adamın elminə əvəz ola bilər. Bir möminin Allahın razılığını qazanmaq üçün edəcəyi bir xeyir işi, on adamın bir yerə gəlib edəcəyi bir işə əvəz ola bilər. Bir mömin, on kafirin sapdırdığı qədər insanı Allahın doğru yoluna çağırıb, islah olmalarına vəsilə ola bilər. Bir mömin, on inkarçının izah etdiyi inkarı pozub yerinə haqqı gətirə bilər.
Allahın Quranda bildirdiyi bu sirr son dərəcə əhəmiyyətlidir. Çünki hər müsəlman, Allahın icazəsi ilə, əgər təqvada və gözəl əxlaqda üstünlük yarışında olsa, sayları nə qədər az olursa olsun fərq etməz, Allah onları hər işdə üstün vəziyyətə gətirəcək. Məsələn qarşılarında inkar edən bir dünya dolusu insan və bunlar yenə şəhərlər, qitələr dolusu insanı inkara sürüsə də, Allah çox az sayda müsəlmanı, bütün bu insanlara haqqı və həqiqəti göstərəcək qədər güclü, qabiliyyətli, ağıllı edər, küfrün işlərini çətinləşdirərkən, onların işlərini asanlaşdırıb tezləşdirər.
Bu sirri bilən möminlər, “mənim səyimdən və ya mənim kiçik köməyimdən nə olar” deməməli, yalnız Allahın rizası üçün səmimi olaraq etdikləri hər əməlin təsirinin çox olacağından əmin olmalıdırlar. Bəlkə Allahın varlığını izah edən səmimi bir yazı, Allaha çağıran bir söz ya da gözəl əxlaqlı hərəkət bir çox insanın qurtuluşuna və Allahı sevib Ondan qorxub çəkinmələrinə vəsilə ola bilər.
Unutmamaq lazımdır ki, dünya həyatında keçərli olan qaydalar və səbəblər yalnız Allahın Quranda bildirdikləridir. Sadəcə Qurana görə düşünən hər insan, Allahın yaratmasındakı bu sirləri qavrayaraq, Allahın icazəsi ilə, bütün insanların üzərində bir gücə və ağla sahib ola bilər. Allah həqiqətən iman edənləri zəiflik göstərmədikləri müddətcə üstün gələcəklərini bir ayəsində belə müjdələyir:
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)
Ayələrdə görüldüyü kimi, Allah üstünlük və zəfər vermək, dünyada və axirətdə qazanclı olmaq üçün sadəcə səmimi imanı şərt qoymuşdur.

