Ruhun əsl mənbəyi nədir?

Bu sualın cavabını bizə verən mənbə Qurandır

Bu sualın cavabını bizə verən mənbə Qurandır. Allah Quranda əvvəlcə insanın bədənini yaratdığını, sonra da ona ruhundan üfürdüyünü belə bildirmişdir:

Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)

Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, ruhun mənbəyində Allahın Öz ruhu var. Allahın insana verdiyi ruh sayəsində insan öz varlığını dərk edən və: “Mən”, – deyən varlıq olmuşdur. İnsan bu ruh ilə düşünən, danışan, sevinən, qərar verən, sivilizasiyalar quran, ölkələri idarə edən varlıqdır. Ağıl və vicdan sahibi hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal anlayar.

Bizim xarici aləm kimi seyr etdiyimiz görüntülər ancaq Allahın bizim üçün yaratdığı xüsusi görüntülərdir. Əslində, xarici aləmin əsli ilə heç vaxt təmasda ola bilmərik. Gördüyü görüntüdən həyəcanlanan, sevinən, kədərlənən, narahat olan ruhdur. Bizə hər şeyi seyr etdirən üstün elm sahibi Allahdır. Ruhumuz beynimizdə əmələ gələn görüntüləri seyr edir. Allah bu şəkildə bizim üçün dünya həyatını yaradır və bizi imtahan edir.

Allah dünya kimi qavradığımız görüntüləri müəyyən hikmət və elmlə ruh adlandırdığımız varlığa hiss etdirir. Allah bizə istədiyi görüntüləri göstərdikcə biz heç fərqinə varmadan hadisələrə reaksiya veririk, halbuki biz ruh və ruhun seyr etdiklərindən başqa xarici aləm ilə təmasda olmuruq.

I Ruhun varlığı yaradılışın sübutudur. Ruh və ruha aid xüsusiyyətlər təkamül nəzəriyyəsinin təsadüf doqması ilə və ya materialist fəlsəfənin mütəşəkkil maddə iddiası ilə açıqlana bilməz. Neyronlar və onları təşkil edən atomlar düşünə, qərar verə, fəlsəfi fikirlər irəli sürə bilməz, sevgi, şəfqət hissini yaşaya bilməzlər. Yeganə mütləq varlıq olan Allah bütün canlılarla birlikdə kainatı yaratmış və hər an yaratmaqdadır. İnsanı insan edən xüsusiyyət Allahın insana verdiyi ruhdur. Hər insan onun üçün əvvəlcədən müəyyən edilmiş əcəl vaxtı çatdıqda ruhunu yenə Allaha təslim edəcək və dünyadakı həyatı sona çatacaq. Ruh isə axirətdəki əbədi həyatına davam edəcək.

Qapqaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın görüntüləri, elektrik siqnallarından ibarət kiçik bir yerdə böyük dünyanı əmələ gətirən beyin ola bilərmi? Beyin zülallardan və yağdan ibarət ət parçasıdır. Bu cür ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, daha canlı rəngləri olan qüsursuz görüntü əmələ gətirə bilərmi? Ət parçasının üzərində bu qədər keyfiyyətli görüntü əmələ gələ bilərmi? Bu ət parçası ən inkişaf etmiş musiqi sistemlərindən daha keyfiyyətli, aydın stereo səs meydana gətirə bilərmi? Təqribən 1.5 kq çəkisi olan bir ət parçasının öz-özünə bu qədər qüsursuz hisslər əmələ gətirməsi, əlbəttə, qeyri-mümkündür. Bəs ruhumuza bu görüntüləri göstərən, ona əsli kimi aydın görüntü və hisslərlə həyat yaşadan, bu görüntüləri fasiləsiz davam etdirən kimdir?

Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün dadları və qoxuları yaradan bütün aləmlərin Rəbbi, hər şeyin yaradanı olan Allahdır.