Rəsula itaət nədir?

Hədisçilər adətən Qurana iman edən, onu tam qəbul edən müsəlmanlara iftira ataraq deyirlər ki

Hədisçilər adətən Qurana iman edən, onu tam qəbul edən müsəlmanlara iftira ataraq deyirlər ki: “Siz təkcə Quran deməklə, peyğəmbəri dövriyyədən çıxarırsınız, elçi sizin üçün poçtalyondur məgər?” Bu əsassız iddiadır. Bu insanların qəlbi o qədər Qurandan uzaq düşüb ki, uzun illər Quranı təbliğ etmiş rəsula poçtalyon kimi baxırlar. Bunların fikrinə görə elçidən 200-250 il sonra yazılan rəvayətləri qəbul etməklə rəsula itaət etmək olar. Halbuki biz Qurandan da bilirik ki, elçinin vəzifəsi ancaq Quranı təbliğ etməkdir. İndi isə Quranda “Rəsula itaət edin” ayələrini oxuyaq:

Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)

Allaha və Onun rəsuluna itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi nəbilərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

Kim rəsula itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)

Allaha və Onun rəsuluna itaət edənlər, Allaha qarşı təqvalı olanlar–məhz onlar uğur qazananlardır. (Nur surəsi, 52)

De: “Allaha və Rəsula itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Rəsulun öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 54)

Rəsul sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allaha qarşı təqvalı olun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. (Həşr surəsi, 7)

Digər ayələr: (Ali- İmran surəsi, 31-32), (Maidə surəsi, 92), (Ənfal surəsi, 1, 20, 46)

Ayələri diqqətlə oxuyun və incələyin. Burada heç bir ayədə hədisdən söz edilmir. Ancaq Allah və Rəsula itaətdən danışılır. Bəs nədir Rəsula itaət?

1) Rəsul Allah tərəfindən seçilib ancaq vəhyə tabe olur.

2) Rəsul Allaha tabedir, yəni rəsula tabe olan Allaha tabe olmuş olar.

3) Rəsulun vəzifəsi Quranı təbliğ etməkdir. Heç kimi müsəlman olmağa məcbur etmir.

4) Allah bizə Rəsula tabe olmağı əmr edir. Hz. Məhəmməd (s) də insan olub, onun da insanlar kimi xoşladığı, xoşlamadığı yeməklər, geyimlər və s. olub. Bunları sünnə kimi qələmə verib əsrlərdir hədis adı ilə təbliğ edirlər.

5) Quranda yalnız Allahın sünnəsindən bəhs edilir (Sünnətullah).

6) Quranın heç bir yerində Qurandan kənar hədisə uymağı əmr edən ayə yoxdur.

7) Yəni, Rəsula tabe olmaq Rəsulun tabe olduğuna tabe olmaqdır. Rəsul da ancaq Qurana tabe olduğu üçün, biz də Qurana tabe olub onu həyatımıza tətbiq etməklə rəsula tabe oluruq və bu da Allaha tabe olmaq deməkdir.

Qurani Kərim Peyğəmbərimiz zamanında yazılıb, kitab halına salınıb. Baxmayaraq ki, hədisçilər bunu ört basdır etmək üçün deyirlər ki, Peyğəmbərin vəfatından 20 il sonra kitab halına salınıb. Quran bu iddianı çürüdür.

And olsun dəri üzərində yazılmış kitaba. (Tur surəsi, 2-3)

Bu ayədən görürük ki, Quran dəri vərəqlər üzərinə yazılır. Bu isə daş, sümük üzərinə yazılma iddiasının əsassız olduğunu göstərir.

And olsun qələmə və sətir-sətir yazdıqlarına. (Qələm surəsi, 1)

Buradan da Quranın yazıldığı bildirilir. Əgər hədis İslamın mənbəyi olsaydı Elçi Quranı ayə-ayə yazdırdığı kimi hədisləri də yazdırardı. Elçi dövründə heç bir hədis yazılmayıb. Raşidi xəlifələr dövründə də belə bir hadisə olmayıb. Hədislər VIII əsrin sonlarından yığılmağa başlayıb. Bu vaxtla da Peyğəmbərin vəfatı arasında ən azı 150 il var. Ona görə də bu dövrdən yığılmağa başlayan hədislərin əksəriyyəti uydurmadır və onlara etibar edilməz. Sonda hədisçilərə bir neçə maddədə suallar ünvanlamaq istəyirəm.

  • Elçi dövründən qalmış, C14 karbon* testindən keçmiş yazılı bir hədis kitabı varmı?
  • Quranı ayə-ayə yazdıran Rəsul bilə-bilə gələcəkdə şifahi deyilən şeylər ixtilaf yaradacaq hədisləri niyə ayrıca yazdırmadı?
  • Dörd Raşidi xəlifəsi dövründə yığılan bir hədis toplusu varmı?
  • İlk hədis Peyğəmbərin vəfatından neçə il sonra qələmə alınıb?
  • Buxarini, Müslimi, İbn Məcani, Tirmizini, Əbu Davudu, Küleynini və s. hədis kitabı yazanları kim bu işə mükəlləf edib? Məgər onların dövrünə kimi hədis yox idi müsəlmanlar şəriəti bilmirdi?
  • Qurani Kərimdə hədisə inanmaq, Quran və sünnə bölgüsü olan bircə ayə varmı?
  • Zuxruf 44-də Bizim Qurandan imtahan olunacağımızı deyir niyə Quran və sünnə demir?

Qeyd: Bunlar ilkin suallardır. Əgər bunlara cavab verə bilən sünni, şiə, sələfi və s. məzhəbçi olarsa (halbuki bu mümkün deyil) sonra daha çətin suallar gələcək.

Qeyd: C14 Karbon testi və ya karbon-14 testi nəyinsə yaşını hesablamaq üçün istifadə olunur. Bu test canlılara aid bütün qalıqlara, həmçinin taxta, parça, sümük, dəri və s.-ə tətbiq oluna bilir. Bunun üçün daha geniş yayılmış karbon 12-nin, daha nadir yayılan karbon 14-ə nisbəti ölçülür. Atmosferdəki karbon 12-nin karbon 14-ə nisbəti yüz min illərdir ki, sabit qalmışdır. Müəyyən bir qalıq hər 5730 ildə başlanğıcının yarısı qədər karbon 14 itirir. Bu şəkildə, bir qalıntıdakı karbon 12-nin karbon 14-ə nisbəti tapılaraq, qalığın yaşı hesablanır.