Rəsm və heykəl sənətinin haram olduğu iddiası

Cəhənnəmdə ən şiddətli əzaba düçar olanlar rəssamlardır

Cəhənnəmdə ən şiddətli əzaba düçar olanlar rəssamlardır. (Buxari, Təsavir, 89)

Rəsulullah (s) buyurub ki, kim şəkil çəkərsə, Allah onu Qiyamət günü çəkdiyi rəsmdən ötrü, ruh üfləyənə qədər əzab verər. Heç bir zaman da ruh üfürən deyil. (Buxari, Təbir)

Allahın yanında əzabı ən şiddətli əzaba düçar olacaq insanlar rəssamlardır.(Müslim, 6:369)

Bu surətləri çəkənlər qiyamət günündə əzaba düçar olarlar və onlara deyiləcək ki, çəkdiyiniz üzlərə can verin. (Müslim, 6:368)

İçində surətlər olan evə mələklər girməz.(Buxari, Libas 91)

Bütün müsəvvirlər cəhənnəmdədir. Musəvvirin təsvir etdiyi hər surətə Qiyamət günündə Allah həyat verər; o canlı surət cəhənnəmdə onu çəkənə əzab verər. (Müslim, 6:370)

Bu saxta hədislər vasitəsilə xurafatçılar müsəlmanlara rəsm və heykəl sənətini də haram etmişdir. Hətta uydurulan bəzi hədislərə görə, rəssamlar axirətdə ən böyük əzab görən insanlardan sayılırlar. Bu anlayışa əsasən, həmin şəxslər Allahın yaratdıqlarını təqlid edərək (haşa) ilahlıq iddiasına girirlər. Çox maraqlıdır, bir rəssamın və ya heykəltəraşın sənət əsəri meydana gətirməsinin ilahlıq iddiası ilə nə cür əlaqəsi ola bilər? Bir rəssam və ya heykəltəraş əgər belə bir iddia ilə ortaya çıxırsa, bu, onun əsəri üzündən deyildir. Ancaq əqli və ruhi problemi üzündən ola bilər. Bu isə hər məslək sahibi üçün əsaslı ehtimaldır.

Heykəl sənəti xurafatçılar tərəfindən, əslində, keçmişdən gələn adət-ənənəyə görə hədəf alınıb. Keçmişdə bütpərəstliyin yayıldığı dövrlərdə bir çox hökmdarlar bəzi şəxslərin büt düzəltməyinin qarşısını almaq üçün heykəltəraşlığa qarşı xüsusi tədbir almışdılar. Qədim zamanlarda cəmiyyətlərdəki təhlükələrin qarşısını almaq məqsədilə görülən bu tədbirlər Quranda hər hansı hökm olmadığına baxmayaraq, dinin bir qadağası kimi yayılmışdır. Bu da bəzi insanların Quranın yerinə adət-ənənələri mənimsəmələrinin gətirdiyi ən böyük təxribatlardan biridir.

Məcusilər atəşə, hindular inəyə, bəzi topluluqlar da günəşə sitayiş edir deyə inəkləri öldürüb od və günəşdən uzaq bir həyat sürə bilməyəcəyimiz üçün bütə təzim edən bütpərəstlərə görə də bütün heykəlləri qadağan etməyin bəsit düşüncə şəkli olduğu açıq-aydındır. Burada anormallıq obyekt və varlıqları ilahiləşdirməkdədir və harama girənlər bunları edən insanlardır, obyektlərin özü deyil.

Xurafatçıların müsəlmanlara haram etməyə çalışdıqları rəsm və heykəl sənəti Qurana əsasən, qətiyyən haram deyil. Allah sənəti sevir və qullarına da sevdirmişdir. Allah bütün kainatı sənətlə yaratmışdır. Quranda rəsm və heykəl kimi gözəl incəsənəti haram edən ayə yoxdur. Tam əksinə, Quranda sənət əsərlərindən təriflə bəhs edilir.

Hz. Süleymanın sarayında mövcud olan və səltənətinin ehtişamı kimi təriflənən heykəl və digər sənət əsərlərindən Quranda bu şəkildə bəhs olunur:

Onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)

Bu Quran ayəsinə baxmayaraq, sənətə qadağa gətirən xurafatçılar sarayında möhtəşəm gözəllikdə heykəllər mövcud olan hz. Süleyman haqqında nə düşündüklərini açıqlamalıdırlar.

Xurafatçıların İslam cəmiyyətlərinə zərərləri çox böyük olub. İslam dünyasında heykəl və rəsm sənəti xurafatların yayıldığı dövrlərdən sonra heç bir zaman inkişaf etməmişdir. İncəsənəti inkişaf etdirə bilməyən cəmiyyətlər cansız və köhnə qalırlar. Yeniliklərə qapalı olurlar. Yaradıcılıq və incəlik görmək qabiliyyətlərini də itirirlər. Zövqsüzlük və donuqluq əhval-ruhiyyələrinə, bir-birilərinə qarşı davranış formalarına da əks olunur. Xurafatçıların qaranlıq dünyasına incəsənətdən uzaqlaşmağın nəticəsi kimi qorxunc bir zövqsüzlük və monotonluq hakimdir.