Əsrlərdir islam dünyasında mübahisəli mövzuların ən öndə gələni rəcm (daşqalaq) cəzasıdır. Quranda bu cəzanın olmamasına baxmayaraq şəriətə bu caza daxil edilmişdir. Şəri qaydaya görə evli kişi və ya evli qadın zina edərsə onların cəzası daşqalaqdır. Zina edən kişi və ya qadını hamının toplaşdığı meydana çıxararaq daşlayıb öldürürlər. Əgər zina edən subay kişi və qadındırsa onlara 100 çubuq və 1 il sürgün cəzası tətbiq edilir. Uydurma rəvayətləri müdafiə edənlər israrla Məhəmməd Peyğəmbərin bu cəzanı tətbiq etdiyini iddia edirlər, hətta 2-ci xəlifə Ömər, 4-cü xəlifə Əlinin də bu cəzanı verdiyini deyirlər. Bəs görək bu rəcm cəzası haradan gəlir? Əlbəttə ki, yəhudi adətlərindən. Tövratda daşlama cəzası belə keçir:
Təsniyə 22:23-24. Əgər bir adam şəhərdə başqa biri ilə nişanlı olan qızla yatarsa, ikisini də şəhərin qapısına götürüb daşlayaraq öldürəcəksiniz.
Levililər 20:2. İsrail xalqına de ki: İsrail oğullarından ya da aranızda yaşayan xaricilərdən kim uşaqlarından birini Molekə aid edərsə, öldürüləcək. Ölkə xalqı onu daşlayacaq.
Levililer 20:10. Biri başqa birinin arvadı ilə, yəni qonşusunun arvadı ilə yatarsa, həm özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir.
Levililər 20:27. Cindarlıq edən və ruh çağıran istər qadın olsun, istər kişi olsun öldürüləcək. Onları daşlayacaqsınız. Ölümlərinin günahı da özlərində olacaq.
Levililər 24:16. Allahı söyən öldürüləcək. Bütün yığışanlar onu daşlayacaq. İstər yerli olsun, istər xarici Allahı söyən öldürülməlidir.
Buradan görünür ki bu vəhşi adət yəhudilərdən hədislər vasitəsilə İslam dininə əlavə edilmişdir. İndi isə Quranda zinanın cəzasını müəyyən edək.
Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun! (Nur surəsi, 2)
Ayədə açıq aşkar zina edənlərin cəzası bildirilmişdir. Burada evli, subay ayırımı edilməmişdir. Zina iddiası olması üçün digər ayədə 4 saleh şahidin bunu feili olaraq bildirməsi şərti vardır, yəni bu 4 nəfər quran əxlaqı yaşayan, saleh insan olmalı və dördü də eyni zamanda cinsi əlaqəni öz gözləri ilə görmələri gərək. Bu isə praktikada mümkün olmayan bir şeydir, deməli bu ayə yayındırıcı mahiyyət daşıyır, yəni insanları bu cür günahı etməkdən yayındırsın.
Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik edərlərsə, onları (həmin qadınları) ölümləri çatana qədər, yaxud Allah onlar üçün bir yol açana qədər evlərdə həbs edin. (Nisa surəsi, 15)
Bu ayə nazil olanda hələ Nur surəsi 2-ci ayəsi nazil olmamışdı. Deməli Allah buyurur ki, onları ev həbsinə salın.
İçinizdən zina edən iki nəfərin hər ikisinə də əziyyət verin! Əgər onlar tövbə edib özlərini düzəltsələr, onlardan (əziyyət verməkdən) əl çəkin! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, mərhəmətlidir. (Nisa surəsi, 16)
Ayədə buyurur ki əgər zina edənlər tövbə etsələr onlardan əl çəkin. Əgər zina edən daşqalaq edilsəydi daha necə tövbə edərdi? Məntiqə ziddir.
Deməli Qurana əsasən rəcm cəzası yoxdur. Var deyənlər sadəcə zənnə uyurlar və Quranı inkar edirlər.

