Allah, Quranla insanlara “şan və şərəflərinin gətirildiyini” bildirir (Muminun surəsi, 71). İslam əxlaqına uyan, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar bütün məsələlərdə rifaha nail olurlar. Cahiliyyə cəmiyyətində bəzi qadınların məruz qaldıqları bütün çətinliklərin tək həlli və qadınların cəmiyyət içində layiq olduqları hörməti görmələrinin yeganə yolu da yenə Rəbbimizin insanları qaranlıqdan nura çıxarmaq üçün Peyğəmbərimizə vəhy etdiyi Qurandadır.
Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqlarını qoruma altına almış, cahiliyyə cəmiyyətində qadınlara olan səhv düşüncə tərzini ortadan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli yer qazandırmışdır. Quran ayələri ilə insanlara Allah qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğu bildirilib. Bütün bunlar Rəbbimizin qadınlar üzərindəki bənzərsiz lütfünün sübutudur:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. (Əraf surəsi, 26)
Bir başqa ayədə isə Allah, “… Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə surəsi, 197) şəklində buyuraraq, insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirib. Buna görə də, insanı həm dünyada həm də Allah Qatında əsas olaraq qiymətli hala gətirəcək və üstünlük qazandıracaq olan “təqva” olmalıdır.
Allah Quranda “Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir də onlar üçün çox qiymətli bir mükafat vardır.” (Hədid surəsi, 18) şəklində buyurur. Bu ayə ilə həm kişilərə həm də qadınlara, əsl üstün və şərəfli qarşılığın Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağı xatırladılır.
Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli quruluşa sahibdirlər. Ancaq bu bir üstünlük səbəbi deyil. Allah bir başqa ayədə də, əksər insanlar arasında üstünlük ünsürü halına gəlmiş olan zənginlik yerinə, Allahın fəzlini istəmənin daha məqbul olduğunu belə bildirir:
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Nisa surəsi, 32)
Allah qadınların cəmiyyət içərisində qorunmalarını, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınacaq tədbirləri Quran ayələri ilə bizlərə bildirib. Alınan bütün bu tədbirlər qadınların lehinədir. Və bunların bir hikməti də, qadınların zərər görmələri, əzilmələrini önləməkdir.
Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiq etdiklərini ortadan qaldırmışdır. İslam əxlaqına görə, əsas əhəmiyyətli olan bir insanın qadın ya da kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanmış olmasıdır.
Allahın əmr və qadağanlarına diqqətlə uyması, Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışmasıdır. Allah Qatında əsl dəyər görəcək olan insanın bu xüsusiyyətləri olacaq. Allah Quranda qadın olsun kişi olsun iman edən bir kimsənin sahib olacağı xüsusiyyətləri belə açıqlayıb:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib, pisliyə maneə törətməklə və Quranda bildirilən bütün əmr və tövsiyələrə uymaqla məsuldurlar. Allah Özündən qorxub çəkinən hər insana, qadın və ya kişi ayrımı olmadan, “doğrunu səhvdən ayıran nur və anlayış” (Ənfal surəsi, 29) verəcəyini vəd edib.
Səmimiyyətinə, ixlasına və imanına qarşılıq, Allah bir insana həyatın hər sahəsində özünü doğru yola çatdıracaq, doğru qərarlar almasını və məqsədəuyğun davranışlar təmin edəcək ağıl, fərasət və bəsirət verməkdədir. Buna görə də, ağıl insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə inkişaf edir.
İmanın qazandırdığı ağıl ilə hərəkət edən hər insan, qadın olsun kişi olsun, həyata dair hər mövzuda müvəffəqiyyət əldə edə bilər, bir çox insanla müqayisədə önə də keçə bilər. Bu tamamilə insanın istəyinə, şövqünə və əzminə bağlıdır. İman edənlər İslam əxlaqının gərəyi olaraq, özlərini heç vaxt heç bir mövzuda yetərli görməzlər.
Daim daha ağıllı, daha qabiliyyətli, daha məsuliyyət sahibi, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insanlar ola bilmək üçün səy göstərərlər. Özlərini hər mövzuda güclərinin çatdığı nisbətdə inkişaf etdirməyə çalışarlar. Allah, iman edənlərin, ətrafındakı bütün insanlara nümunə ola biləcək xarakterə sahib ola bilmək üçün dua etdiklərini bildirir:
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər. (Furqan surəsi, 74)
Həyatı boyu hər mövzuda əlindən gələnin ən yaxşısını etməyə çalışan və şəxsiyyəti ilə, əxlaqı ilə və səyi ilə bütün insanlara nümunə olmağa cəhd göstərən mömin bir qadın, (Allahın icazəsi ilə) cəmiyyət içərisində də, üstün mövqeyə gəlir. Boynuna götürdüyü hər cür məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirər, ən doğru qərarları alar, ən gözəl həll yollarını və ən ağıllı tədbirləri görər.
Görüldüyü kimi, İslam əxlaqında qadın ilə kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz qadın ilə kişi arasında ayrım edən bütün cahiliyyə inanclarını Quran ayələri ilə ortadan qaldırmış, qadına layiq olduğu dəyərin verilməsini əmr etmişdir. Qadın və ya kişi olsun, bu tamamilə insanın Allaha olan imanının gücü qədər, əxlaqı ilə, şəxsiyyəti ilə və boynuna götürdüyü məsuliyyətlərlə ön plana çıxmasına bağlıdır.
Buna görə də, İslam əxlaqını mənimsəyən qadınlar üçün, kişilərlə bərabərlik mübarizəsi deyil, bunun əvəzinə “xeyirlərdə yarışma” əxlaqı vardır. Xeyirlərdə yarışmaq, iman edənlərin həyatının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsəd üçün, Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın adam ola bilmək üçün xeyirlərdə yarışarlar. Ancaq bu yarış, tamamilə Rəhmanı yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu yöndə göstərdikləri səy olduğunu Quranda belə bildirməkdədir:
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 61)
Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur. (Fatir surəsi, 32)
Bir başqa ayədə isə Allah, “Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.” (Nəhl surəsi, 97) şəklində buyuraraq, kişi ya da qadın, kim olursa olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa uğradılmadan əskiksiz olaraq qarşılıq görəcəklərini xatırlatmışdır.
Bütün bunlar Allahın inanan bəndələri üzərindəki rəhmətinin dəlilləridir. Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə qadınlara hələ də ikinci sinif insan rəftarı edilərkən, Allah Rəhman və Rəhim sifətinin təcəllisi olaraq qadınları qorumaqda, şan və şərəflərini verməkdədir.

