“…Biz onlara Zikri (Quranı) gətirdik. Ancaq onlar Zikrdən üz çevirirlər.” (Muminun surəsi, 71) deyə bildirilir. İslam əxlaqına uyğun olan, Allahın Quranda bildirdiyi yolla gedən insanlar hər mövzuda rifaha çatarlar. Cahil cəmiyyətdə bəzi qadınların məruz qaldıqları çətinliklərin yeganə həlli və qadınların cəmiyyətdə layiq olduqları hörməti görmələrinin yolu Rəbbimizin insanları zülmətdən nura çıxarmaq üçün Peyğəmbərimizə vəhy etdiyi Qurandadır.
Allah Quranın bir çox ayəsi ilə qadını və qadın hüquqlarını qorumuş, cahil cəmiyyətdə qadınlara olan səhv dünyagörüşünü ortadan qaldırmış, qadına cəmiyyətdə hörmətli yer qazandırmışdır. Quran ayələri ilə insanlara Allah Qatında üstünlüyün cinsiyyəti deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğu bildirilmişdir. Bütün bunlar Rəbbimizin qadınlar üzərindəki bənzərsiz lütfünün dəlilidir:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)
Ey Adəm övladları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Əraf surəsi, 26)
…Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)
Allah Quranda, ən xeyirli xüsusiyyətin təqva olduğunu insanlara bildirmişdir. Buna görə də, insanı həm dünyada, həm də Allah Qatında kamil olaraq qiymətli edən və üstünlük qazandıran “təqva” olmalıdır. Allah Quranda “Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir də onlar üçün çox qiymətli bir mükafat vardır.” (Hədid surəsi, 18) şəklində buyurmaqdadır. Bu ayə ilə həm kişilərə, həm də qadınlara əsl üstünlüyün Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağı bildirilir.
Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli quruluşa sahibdirlər. Ancaq bu bir üstünlük səbəbi deyil. Allah bir başqa ayədə də, bəzi insanlar arasında bir üstünlük ünsürü halına gəlmiş olan var-dövlət yerinə Allahın fəzlini istəməyin daha məqbul olduğunu belə bildirmişdir:
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Nisa surəsi, 32)
Allah qadınların cəmiyyətdə qorunub, layiq olduqları hörməti və sevgini görmələri üçün ictimai sahədə lazımi tədbirlərin necə alınacağını Quran ayələri ilə bizlərə bildirmişdir. Bütün bu tədbirlər qadınların lehinədir. Bunların bir hikməti də odur ki, qadınlar əziyyət çəkməsin, əzilməsinlər. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır.
İslam əxlaqına görə bir insanın qadın və ya kişi olması vacib deyil, Allaha dərin iman və Allah qorxusu Allahın əmr və qadağalarına riayət etməsi, Quran əxlaqını ən gözəl şəkildə yaşaması vacibdir. Allah Qatında dəyərləndirilən adamın xüsusiyyətləri belə olacaq. Allah Quranda istər qadın, istər kişi olsun, iman edən bir kimsənin xüsusiyyətlərini belə açıqlamışdır:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçiyə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşı işlər görməyi buyurub, pis əməllərə mane olmaqla və Quranda bildirilən bütün əmr və tövsiyələrə riayət etməklə məsuldurlar:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Səmimiyyətinə, ixlasına və imanına görə Allah insanı həyatın hər sahəsində doğru yola çatdıracaq, doğru qərarlar vermək və məqsədəuyğun rəftar etmək üçün ağıl, fərasət və bəsirət verəcək. Buna görə də, ağıl insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə dəyərləndirilməlidir. İmanın qazandırdığı ağıl ilə hərəkət edən hər insan, istər qadın olsun, istər kişi, həyata dair hər mövzuda müvəffəqiyyət əldə edə bilər, bir çox insandan önə keçə bilər. Bu tamamilə insanın istəyindən, şövqündən və əzmindən asılıdır.
İman edənlər İslam əxlaqının zərurəti olaraq, özlərini heç bir mövzuda yetərli görməzlər. Həmişə daha ağıllı, daha qabiliyyətli, daha məsul, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insan olmaq üçün səy göstərərlər. Özlərini hər mövzuda güclərinin çatdığı qədər inkişaf etdirməyə çalışarlar. Allah iman edənlərin ətrafındakı insanlara nümunə olan xarakterə sahib olmaq üçün Ona dua etdiklərini bildirir:
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər. (Furqan surəsi, 74)
Həyatı boyu hər mövzuda bacardığının ən yaxşısını etməyə çalışan və şəxsiyyəti, əxlaqı və səyi ilə bütün insanlara nümunə olmağa cəhd göstərən mömin qadın cəmiyyətdə də üstün mövqeyə sahib olar. Boynuna götürdüyü hər cür məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirər, ən doğru qərarları verər, hər məsələnin ən gözəl həllini tapar və hər şeydə ən ağıllı nəticəni çıxarar.
Göründüyü kimi, İslam əxlaqında qadınla kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz qadınla kişi arasında ayrı-seçkilik salan bütün cahiliyyə inanclarını Quran ayələri ilə aradan qaldırmış, qadına layiq olduğu dəyərin verilməsini əmr etmişdir. Buna görə də, İslam əxlaqını mənimsəyən qadınlar üçün kişilərlə bərabərlik uğrunda mübarizə deyil, “xeyirli işlərdə yarışma” əxlaqı əsasdır.
Xeyirli işlərdə yarışmaq iman edənlərin, həyatının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsədləri istiqamətində Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın adam olmaq üçün xeyirli işlərdə yarışarlar. Ancaq bu yarış tamamilə Rəhmanı yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu istiqamətdə göstərdikləri səy olduğunu Quranda belə bildirmişdir.
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 61)
Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur. (Fatir surəsi, 32)
Bir başqa ayədə isə Allah, “Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.” (Nəhl surəsi, 97) şəklində buyuraraq, kişi və ya qadın olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa uğradılmadan əskiksiz şəkildə əvəzini görəcəklərini xatırlatmışdır. Bütün bunlar Allahın inanan bəndələri üzərindəki rəhmətinin dəlilləridir. Quran əxlaqının yaşanmadığı cəmiyyətdə qadınlara hələ də ikinci dərəcəli insan rəftarı edilərkən, Allah Rəhman və Rəhim sifətinin bir təcəllisi olaraq qadınları qoruyur, onlara şan və şərəf verir.

