“Rəhman və Rəhim” sifəti Rəbbimizin Quran ayələrində keçən, bir çox adını da ehtiva edən, çox geniş və dərin məna əhatə edir. İnsanlar üzərində sonsuz mərhəmət sahibi olan, əsirgəyən və bağışlayan Rəbbimiz, bütün həyatı boyu onlara bənzərsiz nemətlər lütf edir. Fiziki nemətlərin yanında mənəvi olaraq da çox böyük lütflər edir: Səhvlərini bağışlayır, tövbələrini qəbul edir, onları qoruyur, günahlarını örtür, hidayətlərini artırır, doğru yola çatdırır.
Allahın yaratdığı bütün canlılar qüsursuz və üstün yaradılmaları sayəsində həyatını davam etdirirlər. Hər biri Allahın üstün ağlına, sonsuz şəfqət və mərhəmətinə təslim olub. Allah ehtiyac duya biləcəkləri hər şeyi onlara verib. Hər canlının varlığını davam etdirə bilmək üçün ehtiyac duyduğu hər şeyi yaxınında tapması da, Allahın rəhmətinin dəlillərindən yalnız biridir. Rəbbimiz yaratdıqlarına “şəfqətlidir, mərhəmətlidir” (Bəqərə surəsi, 143). Ayələrdə bu şəkildə buyurulur:
Görmürsənmi ki, Allah yerdə olanları və Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü də izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Həcc surəsi, 65)
Sizi zülmətdən aydınlığa çıxartmaq üçün Öz bəndəsinə açıq-aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə qarşı çox şəfqətlidir, mərhəmətlidir. (Hədid surəsi, 9)
İnsan dünyaya gəldiyi andan etibarən həyatını ancaq Allahın rəhməti, qoruması və köməyi ilə davam etdirə bilər. Məsələn, dünyanın dörd bir tərəfində hər dəqiqə zəlzələlər, sellər, qasırğalar, vulkan partlaması meydana gəlir. Bu cür fəlakətlər hər an meydana gələ bilər. Xəstəliklər və maddi itkilər də, Allahın hər insana verə biləcəyi çətinliklərdir.
Və bu hadisələr qarşısında unutmamaq lazımdır ki, insan nə qədər çalışsa da, Allahın diləməsi xaricində başına gələcək hər hansı bir şeydən qoruna bilməz və ya bir müsibətə maneə törədə bilməz. Heç kim də bunun üçün ona kömək edə bilməz. İnsan üçün tək qoruyucu və köməkçi Rəhman olan Allahdır. Allah istəsə insanı hər cür çətinlik və müsibətdən xilas edər, istəsə müxtəlif çətinliklərlə salar. Quranda bu vəziyyət belə bildirilib:
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz. De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)
Dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu. (Hud surəsi, 43)
… (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar. (Nisa surəsi, 173)
Ayələrdə də görüldüyü kimi hər cür çətinliyi aradan qaldıran, fəlakətlərdən insanları qoruyan sonsuz şəfqət sahibi olan Allahdır. İman sahibləri qarşılaşdıqları hər cür çətinlikdə, sıxıntıda və xəstəlikdə sadəcə sonsuz mərhəmət sahibi olan Allaha sığınarlar və Onu özlərinə vəkil edərlər. Rəbbimiz də Özünə iman edən, ürəkdən itaət edən bu insanlara dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşısındakı çətinlikləri açar, sıxıntıları aradan qaldırar. Rəbbimizin bu bənzərsiz sifəti Quran ayələrində bu şəkildə bildirilir:
Kim Allaha yaxşı bir borc verərsə, Allah onun əvəzini (mükafatını) qat-qat artırar. Allah bəzilərini sıxıntıya salar, bəzilərinə də bolluq verər. Siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)
Şübhəsiz, Rəbbin dilədiyi kimsənin ruzisini artırar, dilədiyi kimsənin ruzisini də azaldar. O, həqiqətən, bəndələrindən xəbərdardır, onları görəndir. (İsra surəsi, 30)
Rəbbimiz sonsuz yaxşılıq sahibi olandır. Quranda “Şübhəsiz ki, biz daha əvvəl də Ona dua edirdik. Həqiqətən, Allah xeyirxahdır, mərhəmətlidir”. (Tur surəsi, 28) ayəsi ilə də bildirildiyi kimi Allah insana bütün həyatı boyu saysız yaxşılıqlar edən, bənzərsiz gözəlliklər bəxş edəndir. Var olan hər şey Ondandır.
Bütün gözəlliklər, incəliklər, nemətlər Onun sonsuz ağlının təcəllisidir. Digər bütün varlıqlar kimi insanlar da Rəbbimizin diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir kiçik ət parçası olan insan doğulur, böyüyür, gözəl bir üzə sahib olur və hər detalı ilə Allahın möhtəşəm sənətini əks etdirir. Ayələrdə üstün kərəm sahibi olan Rəbbimiz belə buyurub:
Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. Səni istədiyi şəkildə yaratdı. (İnfitar surəsi, 6-8)
Yaradan Rəbbinin adı ilə oxu! O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı. Oxu! Rəbbin ən böyük kərəm sahibidir. O, qələmi (yazmağı) öyrətdi. O, insana bilmədiklərini öyrətdi. Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür. Şübhəsiz ki, axır dönüş Rəbbinədir. (Ələq surəsi, 1-8)
Sonsuz lütf sahibi olan Allah insana saysız nemətlər verib və qarşılıq olaraq da sadəcə Özünə qulluq edilməsini istəyib. Səmimi iman sahibləri Allaha könüldən qulluq edən, Allaha təslim olmuş, Rəbbimizi səmimiyyətlə ürəkdən zikr edən, Rəbbimizə yönəlib dönən insanlardır. Onlar da dünyada göstərdikləri bu fəzilətli davranışın qarşılığını axirətdə daha üstünü ilə alacaqlar. Çünki Allah sonsuz lütfkarlıq sahibidir.
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur. (İbrahim surəsi, 34)
Allah, bildirdiyi dini çox asan edərək də, sonsuz şəfqətini göstərmişdir. Allah rəhməti ilə insanları unutduqları və yanıldıqları şeylərdən məsul tutmur. Kor olana, topal olana, xəstə olana məsuliyyət yükləmir. İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü qaldırır. Bütün bu nümunələr Allahın sonsuz mərhəmətini və şəfqətini inkar edən insanların nankorluğunu anlamaq üçün isə çox əhəmiyyətlidir.
Allaha təslim olan, Onun razılığı üçün yaşayan insanlar dünyada və axirətdə məmnuniyyət içində həyat sürərlər. Bu, sonsuz mərhəmət sahibi olan Rəbbimizin Lətif sifətinin təcəllisidir. Lətif olan Allah mömin bəndələrinə hər cür çətin vəziyyətdə kömək edərək də, lütfünü göstərir. Quranda bu şəkildə bildirilir:
Allah bəndələrinə qarşı çox lütfkardır. O, istədiyinə ruzi verər. O, yenilməz qüvvət sahibidir, qüdrətlidir. (Şura surəsi, 19)
Allahın göydən su endirdiyini və beləcə, yer üzünün yaşıllaşdığını görmədinmi?! Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır. (Həcc surəsi, 63)
Mömin, Uca Allahın sonsuz qüdrətini dərk edir. Onun əmr və qadağanlarına ciddi əməl edər, insanlar üçün seçib bəyəndiyi dini yaşayar və ən əhəmiyyətlisi ölümündən sonrası üçün çox böyük ümid bəsləyər. Dünya həyatında möminlər Allahın köməyi və lütfkarlığı ilə qarşılıq görə bilərlər. Ancaq Allah möminlərə dünyada imtahan verərək çətinlik və sıxıntı da verə bilər.
Möminlər bunda da bir gözəllik olduğunu bilərək Allaha həmişə təvəkküllü davranarlar. Allahın möminlərin gözəl əxlaqının qarşılığını axirətdə mütləq verəcəyini bilərlər. Rəbbimizin sonsuz lütfkar olması bu şəkildə xəbər verilir:
Yaxşılığın əvəzi ancaq yaxşılıqdır! (Rəhman surəsi, 60)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz. (Yunis surəsi, 60)
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar. (Tövbə surəsi, 121)
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 261)
Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 268)

